Uşaqların qışda xəstələnməməsi, gələcəkdə sağlam formalaşmaları üçün onları yay ayları heç olmasa bir həftə müntəzəm dəniz kənarına aparmaq lazımdır.
Mynews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-pediatrı, ATU-nun uşaq xəstəlikləri kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nurangiz Hacıyeva bildirib.
Həkim deyib: "Uşaqları həyatının birinci ayından etibarən dəniz kənarında saat 9-10-a kimi saxlamaq olar. İkinci ayından etibarən isə tədricən uşağı tamam soyundurub səhər saat 9:00-10:30 arası kimi beş dəqiqədən başlayaraq günəşləndirmək lazımdır. Doqquz aylıqdan böyük uşaqları gündə tədricən qaraltmaq lazımdır, uşaq günə alışdıqda onu 1-2 saat "səpələnmiş" yəni, misal üçün yarpaqların arasından düşən günəş şüaları altında saxlamaq olar. Günəş vannaları bitdikdən sonra isə körpəni dənizdə yaxalamaq daha da effektiv nəticə verər. Belə ki, su ilə möhkəmlənmə hava vannaları ilə müqayisədə daha təsirlidir. Buna səbəb suyun istilik keçirməsinin havadan 30 dəfə çox olmasıdır. Aşağı temperaturlu suya orqanizmin reaksiyasının 3 fazası var. Bunlar ilk dəri damarlarının, daha aşağı temperaturda isə dərialtı piy toxumasının yüksək spazmının (daralması) baş verməsidir. İkinci fazada aşağı temperaturda suya adaptasiya ilə əlaqədar vazodilatasiya baş verir. Dəri qırmızı rəngdə olur, arterial təzyiq enir, dəri və dərialtı toxumanın damar deposundan aktivləşən tosqun hüceyrələr və leykositlər interferon təsirli bioloji maddələr ifraz edir. Bu fazada əhval-ruhiyyə yüksəlir, aktivlik artır. Uzun müddət soyuqda qaldıqda üçüncü faza inkişaf edir. Bu zaman damarların spazmı, dəri göyümtül rəngdə, üşütmə qeyd olunur. Müntəzəm qaydada su möhkəmləmələrinin aparılmasında birinci faza müddəti qısalır, ikinci faza daha tez başlanır. Dəniz kənarında hava və su vannası üçün ən optimal vaxt səhər 9:00-dan 11:30-a kimi olan vaxtdır".