Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 142 il ötür. 1875-ci il iyulun 22-də böyük mütəfəkkir, maarifçi Həsən bəy Zərdabi tərəfindən ölkədə ilk mətbu orqanın - “Əkinçi” qəzetinin əsası qoyulub. Bu, hər bir jurnalistin, hər bir qələm sahibinin həyatında ən unudulmaz, ən əlamətdar gündür”.
Veteran jurnalist Əhməd Məmmədov APA-ya bildirib ki, 22 iyul - Milli Mətbuat Günü ərəfəsində ölkə prezidentinin sərəncamına əsasən jurnalistlərə mənzil verilməsi Azərbaycan dövlətinin, prezident İlham Əliyevin jurnalistlərə diqqət və qayğısının əyani təzahürüdür: “Bunu sözlə ifadə etmək mümkün deyil. Dünyada ikinci elə bir nümunə yoxdur ki, dövlət jurnalistlərin mənzil-məişət şəraitinə, ümumiyyətlə, onların problemlərinə həssaslıqla yanaşsın. Hətta inkişaf etmiş ölkələrdə də belə bir nümunə yoxdur. Ona görə də Milli Mətbuat Günü ərəfəsində jurnalistlərin mənzillə təmin olunması hər bir ev alan jurnalistin həyatında ən gözəl gündür. Mən də bu sevinci yaşayan jurnalistlərdən biriyəm. 1968-ci ildən bu günə kimi mətbuatda çalışan veteran jurnalist kimi bu hadisəni çox yüksək qiymətləndirirəm”.
Ə. Məmmədov qeyd edib ki, “Jurnalistlər Evi”ndə mənzilə sahib olmaq üçün müəyyən edilmiş şərtlərə uyğun gəlmək lazımdır: “Azərbaycan dövləti mənzil bölgüsü ilə bağlı çox ədalətli, şəffaf, demokratik şərtlər müəyyənləşdirib və haqqı çatan hər bir jurnalist bu imkandan yararlanıb. İkinci binada cəmi 255 mənzil var. Ancaq mənzil almaq istəyən jurnalistlərin sayı çoxdur. Bunların arasında təbii ki, haqqı çatanlar da, haqqı çatmayanlar da var. Qəribəsi budur ki, haqqı çatanlar səsini çıxartmır. Səs-küy salanlar, məsələni süngü ilə qarşılayanlar Azərbaycan jurnalistikasının inkişafında heç bir rolu olmayanlardır. İkinci binanın açılış mərasimində növbəti, üçüncü binanın təməli qoyulub. Növbəti bölgüdə haqqı çatan jurnalistlər mənzillə təmin olunacaq. Birinci binadan mən də ev almaq istəyirdim, alınmadı. Lakin ikinci binada mənzil aldım”.
Veteran jurnalist Telli Pənahqızı deyib ki, dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi jurnalistlərə böyük hörmət, böyük qayğı yoxdur: “Bu, jurnalistlərə, qələm sahiblərinə hörmətdir, onların çəkdiyi zəhmətə verilən qiymətdir. Bunun üçün də ancaq ölkə başçısına, xalqımıza minnətdarlıq bildirməliyik. Onlar bizi seçib, sayıblar. Bizim əməyimizi, zəhmətimizi qiymətləndiriblər. Uzun müddət Azərbaycan mətbuatında sözü qələmindən çıxan, yaradıcılığı insanların bu və ya digər problemlərin həllinə yönələn jurnalistlərə həm birinci binadan, həm də ikinci binada mənzillər verildi. Mən mənzil alan, uzun illər bu millətə xidmət edən bir jurnalist, şair, publisist kimi Azərbaycan dövlətinə, Azərbaycan prezidentinə minnətdarlığımı bildirirəm”.
“İnsan hər şeydən əvvəl bir qədər özünə hörmət etməlidir. Mənzil ala bilmədiyinə görə səs-küy salanlar bir papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər ki, görüm mən illər boyu bu xalq üçün nə etmişəm və yaxud da mənim jurnalistikaya gəlişim neçə ay, neçə il, neçə gündür. Mən bu məsələdə çox qısqancam. Jurnalistika sənətini çox sevdiyim üçün bu sahəyə gələn insanların seçilmiş olmasını istəyirəm. İstəyirəm ki, bu sahədə çalışan adamlar jurnalistikanın qədrini bilsinlər. İnsan kimi, vətəndaş kimi jurnalistin hansı missiyaya sahib olduğunu dərk etsinlər. Hərə bir sayt açıb evindən onu idarə edir. Bu, jurnalistika deyil. 10 milyonluq ölkədə bu qədər jurnalist olmaz axı. Bu jurnalistlərin yazdıqlarından kim nə xeyir götürüb? Jurnalistika peşədir, sənətdir. Jurnalistlər üçün inşa edilmiş birinci mənzil 4 il əvvəl, ikinci bina isə bu günlərdə istifadəyə verilib. İkinci binanın açılış mərasimində üçüncü binanın da təməli qoyulub. Bundan böyük nə xoşbəxtlik ola bilər?! Bundan böyük nə hörmət ola bilər?!”, - T. Pənahqızı vurğulayıb.