Bu universitetdə keçirilən imtahanların nəticələri ləğv edilib SƏBƏB - VİDEO

586
Bu universitetdə keçirilən imtahanların nəticələri ləğv edilib SƏBƏB - VİDEO

Universitetə qəbul olmaq üçün imtahana gəldilər, amma baş verən yanğın imtahanlarını yarımcıq qoydu.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasının idman zalında elektrik naqillərində yanğın baş verib.
Yanğın imtahan keçirilən binaya keçməsə də, tüstüdən zəhərlənməyə qarşı və təhlükəsizliklərinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları binadan təxliyə ediliblər.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər baş verən yanğını söndürə biliblər. Hadisə zamanı xəsarət alan olmayıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, yanğına görə həmin binada imtahan verən abituriyentlər üçün yenidən imtahan keçiriləcək. Onlar, iyulun 27-də yenidən imtahana cəlb ediləcəklər.
Ümumiyyətlə isə, bu gün respublika üzrə 11 şəhərdə 55 binada imtahan keçirilib. İmtahanlarda 27 mindən çox abituriyent iştirak edib.
İmtahandan çıxan abituriyentlərin bəziləri sualların asan olduğunu desələr də, bəziləri çətinliyindən gileyləndilər.
Uşaqlar bilikləri ilə sınağa çəkilsələr də, valideynlər onlara duaları ilə dəstək oldular.
Paytaxtla yanaşı, Bərdə və Şəki şəhərlərində də abituriyentlər imtahan həyəcanı yaşayıb. Hər iki yerdəki imtahanlarda neqativ hal baş verməyib.
Qeyd edək ki, sabahdan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Xəbər lenti