Bildiyiniz kimi, bu yaxınlarda Türkiyənin Kastamonu şəhərində silahlı qarşıdurma baş verib. Hadisədə yaralananlardan biri də azərbaycanlı kikboks üzrə dünya, Uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadə olub.
O Türkiyədə həm təhsil alıb, həm işləyib, həm də idmanını davam etdirir.
Tanınmış idmançımız BiG.AZ-a danışıb. E.Əlizadə reanimasiyadan çıxdıqdan sonrakı vəziyyəti və hadisənin baş vermə səbəbindən danışıb. O həmçinin bələdiyyə sədrinin adının hadisədə hallanmasına da münasibət bildirib.
- Eldar bəy, hazırda vəziyyətiniz necədir?
- Normal. Qolumdan müalicə hələ də alıram. Buna görə də məşqləri də bərpa etməmişəm. Qolumun sağalmasını gözləyirəm.
- Əslində hadisə necə baş verdi? Siz doğrudan da dava üçün görüşə getmişdiz? Mətbuatda bir çox fikirlər yazıldı.
-Hadisə qarşı tərəfin “facebook”da etdiyi paylaşımla başladı. Biz də sadəcə onlarla görüşə getdik ki, paylaşdırıqlarını silsinlər. Görüş zamanı onlar yanımdakı digər mühavizəçi ilə mübahisə etdilər. Bu əsnada qarşımızdakılar əlini silaha atdı. Təbii ki, ilk onlar atəş açdı. Bundan sonra da qarşılıqlı silahlı qarşıdurma baş verdi. İnsident zamanı mən bir güllə yarası aldım.
- Neçə gün xəstəxanada qaldınız?
- 3 gün qaldım.
- Yanınızda bələdiyyə sədrinin olduğu və onun da yaralandığı yazıldı.
- Xeyr, yazıldığı kimi deyil. Bələdiyyə sədri Tahsin Babaş hadisə baş verən məkanda olmayıb. Bildirim ki, mən Türkiyədə həm təhsil alıram, həm də yanımdakı adamla bələdiyyə sədrinin mühafizəçisi olaraq çalışıram.
- Qarşı tərəfdən də neçə nəfər yaralandı?
- 2 nəfər onlardan, 2 nəfər də bizdən yaralandı. Amma bələdiyyə sədri ilə heç bir əlaqəsi yoxdur.
- Sizin üstünüzdə də silah olub?
- Xeyr, məndə olmayıb. Amma yanımdakının silahı var idi.
- Bəs o şəxslər yenidən sizə problem yarda bilməzlər? Yoxsa həbs olunublar?
- Yox, problemi davam etdirə bilməzlər. Bizim onları bağışlamağımız üçün araya adamlar girir. Hələ həbs məsələsi də yoxdur. Çünki hələ araşdırma gedir, günahkarı axtarırlar.
- Bağışlasanız həbs problemindən azad oluna bilərlər?
- Dediyim kimi, hələ həbs yoxdur. Amma məhkəmə qarşısına mütləq çıxacaqlar. Sonradan problem yaşamamaq üçün... Bundan sonra bilinəcək nə qərar veriləcək.