Jan Koum Ukraynada “telefonların dinləndiyi” qorxusu ilə telefonda danışmaqdan çəkinən yəhudi bir ailədə, isti suyu olmayan bir evdə dünyaya gəlib.
Mynews.az bizplus.az-a istinadən xəbər verir ki, anası ilə birlikdə 16 yaşında olarkən qorxu dolu anti-semit mühitdən qaçıb ABŞ-a, Silikon Vadisinin yerləşdiyi şəhərlərdən biri olan Kaliforniyadakı Mountain Vieva köçürlər.
Anası o vaxtlar ancaq yemək pulu yığaraq dolanışıqlarını təmin etdiyi üçün Ukraynada qalan ailənin digər fərdlərini axtarmağa pul belə tapa bilmirdilər.
Dövlətin dəstəyi ilə yalnız iki yataq otağı olan bir ev tutan iki nəfərlik ailə dəftər-qələm almağa pulları çatmayacağı üçün çantalara dəftər qələm dolduraraq Ukraynadan ABŞ-a gəlmişdilər. Xərcləri qarşılamaq üçün ana uşaq baxıcılığı edirdi. Jan Koum isə bir supermarketdə təmizlik işçisi kimi işə başlamışdı.
Anasına xərçəng diaqnozu qoyulanda ikisi də işdən ayrıldılar və anasının iş qabiliyyətini itirməsi nəticəsində aldıqları dövlət məvacibi ilə dolanışıqlarını davam etdirdilər.
Təhsili və iş həyatı
Jan Koum ingiliscə kifayət qədər yaxşı danışırdı. Lakin oxuduğu məktəbdə heç kimlə yola getmirdi və 18 yaşına çatanda məktəbdə “problem yaradan” bir adam kimi ad çıxarmışdı.
Cəmiyyətdən və gənclərdən azadə yaşadığı bu müddətdə kompüter proqramlaşdırmasını öyrənən və ikinci əl kitab dükanından proqramlaşdırma kitablarını alıb oxuduqca biliklərini artırırdı. Woowoo xaker qrupuna daxil olub Silicon Graphicsin serverlərinə daxil olur.
Çətinliklə bitirdiyi məktəbdən sonra San Jose Dövlət Universitetinə qəbul olan Jan Koum Ernst & Youngda da təhlükəsizlik mütəxəssisi kimi part-time proqramçı olaraq işə başlayır. Jan Koum həmin vaxtı “WhatsApp”ın qurucu ortağı olan Brian Aktonla tanış olur.
Altı ay sonra “Yahoo”da işə düzələn Jan Koum həm də təhsilini davam etdirirdi. 1997-ci ildə atası öldükdən sonra anası da 2000-ci ildə həyatını itirir və Jan Koum tənha həyata başlayır. 2007-ci ildə “Yahoo”dakı işini tərk edir və “Facebook”a müraciət edir, ancaq rədd cavabı alır. 2009-cu ildə “Yahoo”da qazanıb yığdığı 400000 dolları xərclədiyi üçün pul qazanmağın yeni yolunu axtarır. Beləliklə, “WhatsApp” ideyası ağlına gəlir.
“WhatsApp”ın yaranması
Fikri telefon rəhbərində olan adların yanında “Facebook” statusu kimi “Hal-hazırda məşğulam”, “İdman salonundayam”, “Batareyası bitir” kimi məlumatların yazıldığı bir proqram olur.
Proqramı kodlaşdırmaq üçün İOS developerə ehtiyacı oluğu üçün rentacoder saytından proqramçı tapır. Əvvəlcə “WhatsApp” tez-tez problemlərlə üzləşir və çökür. Jan Koum həvəsdən düşüb başqa iş axtarmaq istəyir, amma dostu onu bu fikrindən yayındıra bilir.
Bir müddət davam etməyə qərar verən Jan Kouma möcüzəvi dəstək isə elə həmin zaman “Apple”dan gəlir. 2009-cu ildə push notifications xidmətini yaradan “Apple” istifadəçilər hətta tətbiqi açıq saxlamadığı zaman da “ping” ataraq o tətbiqdən bir bildiriş gəldiyini istifadəçiyə bildirməyə başlamışdı. “WhatsApp”ın dönüş nöqtəsi də elə bu funksiya olur.
Bu gün 1 milyard istifadəçisi olan “WhatsApp” 2014-cü ildə 19.2 milyard dollar qarışılığında “Facebook”a satılır.