"Allahı çağırıb, üfürdüm burnuna..." HƏKİMLƏR "YOX" DEYİR, ANALAR DAYANMIR...

817
"Allahı çağırıb, üfürdüm burnuna..." HƏKİMLƏR "YOX" DEYİR, ANALAR DAYANMIR...

Zaman-zaman uşaqlarda qızdırma, qusma, ishal, dəri səpməsi kimi hallar müşahidə edilir. Bu vəziyyətdə isə bəzi valideynlər həkimə yox, üz tuturlar çöpçüyə. Baxmayaraq ki, həkimlər çöpçüyə getməyin əleyhinədirlər, mübaliğəsiz demək olar ki, əksər analar belə hallarda çöpçünün köməyindən istifadəni daha məqsədəuyğun sayırlar. Təsadüfi deyil ki, Azərbaycanda hər bölgənin özünün məşhur çöpçüsü var. Onlar bu işi bir peşə kimi həyata keçirirlər və ondan pul qazanmağı bacarırlar.   

"Pediatr özü dedi ki, uşağı çöpçüyə apar"

Mynews.az xəbər verir ki, lent.az-ın valideynlər arasında apardığı kiçik bir sorğu zamanı məlum oldu ki, övladını çöpçüyə əmanət edən də var, etməyən də.

Azyaşlı uşağı olan Xatirə Səfərova qətiyyətlə bildirdi ki, uşağının burnuna kiminsə üfürməsinə heç vaxt razı olmaz. O, bunun gigiyenik qaydalara tamamilə zidd olduğunu söylədi.

İki övladı olan Gülşən İsayeva isə dəfələrlə uşağında çöp qaldığını dedi: "Mənim iki övladım var. Böyüyündə heç vaxt çöp qalmayıb. Amma balaca oğlumda dəfələrlə çöp qalıb və çöpçü çıxarıb. Bir dəfə hətta oğlumun qızdırması heç cür düşmürdü. Axırda pediatr özü mənə məsləhət bildi ki, uşağı çöpçüyə aparım. Ondan sonra nə vaxt qızdırması olur və qusursa, aparıram çöpçüyə. Çöpü çıxan kimi uşaq sağalır. Elə bir neçə gün öncə bir neçə dəfə qusdu. Səhərisi çöpçüyə apardım, uşağın boğazından xeyli meyvə qalıqları çıxardı. Ondan sonra uşaq düzəldi".

"Əlimi boğazına vurub bilirəm..."

Şamaxı rayonunda çöpçü Samirə kimi məşhur olan xanımın lent.az-a bildirdiyinə görə, yanına gətirilən 10 uşaqdan beşində çöp olmur: "Çöpü qalan uşaq qusur, qızdırması olur, sifətində, kürəyində qırmızı ləkələr yaranır. Bu, əsasən onun boğazında dəmir əşya qaldıqda olur. Əlimi uşağın boğazına vurub bərkliyindən, boşluğundan çöp olub-olmamasını təyin edirəm. Əgər çöpü yoxdursa, deyirəm, bu uşağı aparın həkimə".

"Çöpü hansı üsullarla çıxarırsınız?" sualını cavablandıran Samirə xanım dedi ki, bu işi etmək üçün gərək peşəkar olasan: "Qida borusunun üst tərəfində bir boşluq var. "Qlandaların" arxasında. Qida qalıqları gedib dolur ora. Əlimlə uşağın boğazından tuturam ki, burnundan üfürəndə həmin çöp onun nəfəs borusuna düşməsin. Uşağın burnundan üfürürəm, öyüyür və həmin qalıqlar ağzından çıxır. Bəzən də elə olur ki, sadəcə əlimlə sığayıb oradakı artıq şeyi mədəsinə ötürürəm. Çöp çıxarmaq elə də asan məsələ deyil. Kimin uşağında çöp qalırsa, o, ancaq usta adama bunu çıxartdırmalıdır. Bizim nəsildə haradasa 5-6 çöpçü var. Bu sənəti əl ilə öyrətmək mümkün deyil. Mən heç öz qızımı öyrədə bilmərəm. Yalnız Allah vəhy verərsə, bunu bacarmaq olar. Bir dəfə oğlum kiçik olanda qızdırmışdı. Allahın adını çağırıb burnundan üfürdüm ki, bəlkə keçər. Keçməsə, başqa çöpçüyə aparacaqdım. Amma yaxşı oldu. Daha sonra bir il ərzində öz uşağımın boğazından bir neçə dəfə çöp çıxarmışam. Alma qalığı, ət tikəsi. Belə-belə onun üzərində öyrənmişəm. Sonra da qohum-əqrəbanın uşağının çöpünü çıxarmışam.

Bəzi çöpçülər deyir ki, pul verin uşağın boğazındakı çöpü bağlayım, bir də çöp qalmasın. Amma belə şey ola bilməz. Əgər uşağın boğazında çala yaranıbsa, onu heç nə ilə bağlamaq olmur. Bu, fırıldaqçılıqdır. Çıxardığım çöp üçün nə qədər verirlərsə, razı oluram - 3-5 manat. Elə kasıb adamlar da olur ki, havayı edirəm".

"Bu, mümkün deyil"

Məsələyə tibbi aspektdən aydınlıq gətirən lorinqoloq Cəlal İmaməliyev sözügedən sayta söylədi ki, uşaqlarda çöp qalması anlayışı mümkündür, o halda ki, burun daxilində qalır: "Diqqətdən kənar qalan körpə uşaq yerdən hər hansı bir kiçik detalı, oyuncaq batareyası, taxta, daş, torpaq qırıntılarını götürüb burun daxilinə yeridə bilər. O burunda qaldığı zaman ərzində iltihablaşma baş verər, burundan irin gələr və uşaqda temperatur qalxa bilər. Təcrübəmdə belə bir hal olmuşdu. Yanıma bir uşaq gətirmişdilər. Burnunda oyuncaq maşının kiçik batareyası qalmışdı. Həmin batareyanın tərkibindəki turşular, hətta burnun selikli qişasını yandırıb əritmişdi. Biz onu təmizlədik və müalicə yazdıq. Yəni belə hallar mümkündür. Ancaq bunu çöpçülər çıxara bilməz. Yalnız xüsusi tibbi avadanlıqla baxaraq çıxarmaq mümkündür. Burun yolları boru deyil, orada xüsusi balıqqulaqları deyilən hissə var. Hətta adi toz da oradan keçə bilmir. Yapışır, filtrdən keçir. Çöpçü necə yüksək təzyiqlə üfürür ki, yad cisim burnun arxasından gedib ağızdan hərəkət edərək çıxa bilsin?! Hansısa çöpçünün burundakı bir cismi üfürüb ağız boşluğundan çıxarması mümkün deyil, absurddur. O ki qaldı boğazda çöpün ilişib qalmasına, bu da mümkün deyil. Çünki boğazın quruluşu qıf formasındadır. Orada hər hansı bir yad cismin qalması üçün yer yoxdur. Orada bir şey qalarsa, insan onu öskürüb çıxarar bayıra. Bəzi hallarda kimdəsə artıq ət varsa, müəyyən bir şey ilişib qalar ki, bunu da yalnız tibbi qaydada çıxarmaq lazımdır. Bununla yanaşı bizim təcrübəmizdə var ki, böyüklər balıq, toyuq əti yeyibsə, boğazın arxa divarında, qırtlaq qapağının yan divarında həmin sümüklər batmış olur. Onlar çox kəskin ağrı ilə həkimə gəlirlər. Çöpçünün yanına getsələr, inandırıram ki, heç cür çıxara bilməyəcəklər. Çünki o artıq selikli qişaya batmış bir sümükdür. Biz onu xüsusi alətlə çıxarırıq. Bəzən bu cür hallarda yanlış olaraq alma, çörək yeyirlər ki, batmış sümüyü itələyib çıxarsın. Bu isə onu çıxarmaq əvəzinə, daha da dərinə batıracaq".

"Dünyanın heç bir yerində uşaqda çöp qalmır"

C.İmaməliyev qeyd etdi ki, Rusiyada, Türkiyədə, Amerikada, ümumiyyətlə., dünyanın heç bir yerində uşaqlarda çöp qalma anlayışı yoxdur: "Ya o uşaqlar çox ağıllıdırlar, ya da bizim uşaqlardan geri qalıblar ki, ağızlarında bir şey saxlaya bilmirlər. Bu, inandırıcı deyil. Sadəcə psixoloji baxımdan valideyn çöpçüyə gedərək rahat olur. Kamera vasitəsi ilə bütün boyun ətrafı nahiyəni, yəni boğazın daxilini, qırtlağı çəkirik . Orada hər hansı yad cisim görürüksə, onu götürürük. Kamera hər detalı normal gözün gördüyündən 10 dəfə böyük göstərir. Bəzi valideynlərə təklif edirik ki, heç bir şey olmayan boğazı kamera ilə çəkək və aparın çöpçünün yanına. Bu zaman çöpçünün necə yalandan burundan üfürərək ağızdan nəsə çıxaracağına şahidlik edin. Amma heç kim bunu etmək istəmir".

"Az qala qızılca olan uşağı da çöpçüyə aparırlar"

Pediatr Günay Rəsulovanın sözlərinə görə, uşaqda olan hər qusma, qarın getmə, qızdırma halı çöp qalma deyil: "Az qala qızılca olan uşağı da çöpçüyə aparırlar. Əgər çöp, yad cisim tənəffüs yollarında qalırsa, valideyn bunu bilər. Bu zaman uşaq çeçəyir, ard-arda ani öskürmələr başlayır və sair. Əgər belə bir hal yaşanırsa, təbii ki, bunu artıq çöpçü yox, qırtlaqdan, aşağı tənəffüs yollarından yad cismi çıxarma qabiliyyəti olan həkim etməlidir. Çünki bu, steril şəraitdə baş verməlidir. Əgər uşağın boğazında yad cisim qalıbsa, çöpçü onu üfürüb tənəffüs yollarına sala bilər. Bu isə ani boğulma və ölüm riski yarada bilər. Bundan əlavə, çöpçü əvvəl hər hansı infeksion xəstəlik daşıyan bir uşağı üfürür, ardınca nisbətən sağlam uşağı üfürürsə, bu zaman onu da yoluxdurma riski vardır. Belə bir riski gözə almamaq üçün tibbi müdaxilə edilməlidir. Uşaqlarda udlaqla qida borusu və nəfəs borusu arasında armuda bənzər sürfəcik dediyimiz bir yer vardır. Orada da normal bildiyimiz yeməklər ilişib qala bilər. Bu isə heç çöpçüyə aparılmadan da keçib gedir. Tibbin bu cür inkişaf etdiyi bir dövrdə uşaqların çöpçüyə aparılması deyərdim ki, bir faciədir. Çöpçüyə gedib sağalmaq isə tamamilə təsadüfi bir haldır".

Xəbər lenti