"Şiştəpə oğlanlarının canı sağ olsun..." Ölkənin ən varlı kəndindən - VİDEO

588
"Şiştəpə oğlanlarının canı sağ olsun..." Ölkənin ən varlı kəndindən - VİDEO

Təmtəraqlı toyları ilə son günlər sosial şəbəkələrdə böyük marağa səbəb olan Şəmkirin Şiştəpə kəndi haqqında əvvəllər də çox eşitmişdik.

Kəndin bu qədər məşhur olmasının səbəbi isə nə yerləşdiyi ərazisi, nə də ki, füsunkar təbiətidir. Hər zaman kəndlərdə görməyə öyrəşmədiyimiz lüks yaşayış, xüsusi dizaynlı evlər, bahalı maşınlar və bu kimi digər amillər Şiştəpəni özünəməxsus edib.

Mynews.az qafqazinfo-nun Şiştəpədən hazırladığı reportajı təqdim edir:

Kəndə yaxınlaşdıqca daha çox kurort zonalarında görməyə öyrəşdiyimiz lüks villalar bizi qarşılayır. Bu dəbdəbəli mülkləri isə yaşıllıq, kənd gözəlliyi deyil, əsasən boz çöl və düzənliklər müşayiət edir. Hətta bir neçə bağ xaric, yol kənarlarında nadirən yaşıllığa rast gəlmək olur. Eynən şəhərdə olduğu kimi bər-bəzəkli villaları elə hündür hasarlar əhatə edir. Bəlkə, elə bu səbədəndir ki, kənd sakinləri hasarın o tayında idi, salamlaşmaq, hal-əhval tutmaq üçün xeyli küçə gəzsək də, kimisə tapa bilmədik.

Necə deyərlər, kəndin özü kimi sakinləri də bir qədər fərqlidir. Burada yaşayan sakinlər əsas iki qrupa bölünüb: paytaxt zadəganlarını qısqandıracaq həyat tərzi sürənlər və çiynində su bidonu, qarşısında mal-qarası gündəlik dolanışığını təmin etməyə çalışanlar. Odur ki, lüks evlərdən səsimizə səs verilmədiyi kimi, yolda rastlaşdığımız kəndlilərdən də kənd haqqında bir məlumat ala bilmədik.

Yaxşı ki, Xalidə xanım Rusiyaya yola saldığı oğlunun arxasınca baxmağa çıxmışdı. Kənd haqqında məlumatı da elə ondan öyrəndik. Onun sözlərinə görə, Şiştəpə sakinləri yurdlarına, ailələrinə çox bağlıdır:

"Bax, ətrafda gördüyünüz bu gözəl mənzillərin heç biri asan başa gəlməyib. Oğullarımız xaricdə yük daşıyaraq, əziyyət çəkərək özlərinə gün ağlayıb. Ailələrinin də rahat olması üçün buradakı yaşayışı da yaxşılaşdırmağa çalışırlar. Yolumuzu, işığımızı, qazımızı onlar çəkiblər. Biri məktəb tikdi, biri xəstəxana. Yenə də nə köməklik lazımdı edirlər".

Şiştəpəni Azərbaycanda tanıdan isə toylarıdır. Bu kəndin yazılmayan, amma hamının əməl etdiyi bir qanunu var. Harda yaşamasından asılı olmayaraq hamı toyunu kənddə etməlidir. Elə bu səbəbdən Şiştəpədə bir-birindən gözəl şadlıq sarayları tikilib

Xalidə xalanın sözlərinə görə, yay ayları Şiştəpədə xüsusi toy məclisləri ilə seçilir və daha çox məclisə əcnəbi müğənnilər dəvət olunur. Elə bu yaxınlarda da Kibariyə və Mustafa Ceceli kənddə qonaq olub:

"Xonça aparanlardan biri də mən idim, baxıram ki, bütün saytlarda, instaqramda videolarda düşmüşəm. Hələ bu yaxınlarda da neçəsi olacaq".

 

Həqiqətən də kəndi gəzdiyimiz zaman, hər küçədə bir-iki qırmızı lentli qapı gözümüzə dəyirdi. Toyların təmtəraqlı keçirilməsi məclisə yazdırılan pulda da özünü göstərir.

Xalidə xalanın dili ilə desək, Şiştəpə oğlanlarının canı sağ olsun.

Kəndin əsas küçəsinə Aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun adı verilib, girişində isə şəhidə abidə ucaldılıb.

Bir neçə saatlıq kənd sərgüzəştimizdə maraqlıdır ki, nə Şiştəpə adının mənasını, nə də kənddə yaşayan əhalinin sayını öyrənə bildik. Sadəcə ağsaqqallardan biri yaxınlıqdakı təpəni göstərərək Şiştəpə adının həmin yüksəklikdən götürüldüyünü söylədi.

Şiştəpəyə, həm də Azərbaycanın "Sankt-Peterburq"u deyirlər... Kənd sakinlərinin yarısından çoxu zəngin olsa da, burda da problem var. Sakinlər öz hesabına yol, qaz, işıq, məktəb kimi çətinlikləri həll etsələr də, hazırda su problemi hökm sürür. Ümid edirlər ki, ölkənin ən varlı kəndinin su problemi də tezliklə həll olunar.

Xəbər lenti