“Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Sahib Quliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb.
R.Salmanov şikayət ərizəsində yazıb ki, S.Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində S.Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir. R.Salmanov şikayət ərizəsində onu da qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Sahib Quliyev ifadə verib. O, ifadəsində “Bizim Market”lər şəbəkəsinin maliyyə işlərinə nəzarət edərkən vergidən yayınma halları olduğunu deyib: “Şəbəkəyə 10 market daxil olub. Onların aylıq dövriyyəsi 7-8 milyon olsa da 4 milyon kimi göstərilirdi. Mən də şəbəkənin bank hesabından 2 milyondan artıq pul götürmüşəm. Buna görə təqsirliyəm. İstintaq vaxtı da 3 min manata yaxın pulu qaytarmışam”.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.