“Uşaqlara çörək verməyin!” PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

472
“Uşaqlara çörək verməyin!” PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”.

Ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Pediatr Günay Rəsulova isə əla növ unu əla növ zəhər adlandırıb. Mynews.az xəbər verir ki, o, ailem.az-a açıqlamasında bildirib ki, uşaqlara çörək yedirtmək doğru deyil: “Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Ağ un və ondan hazırlanan çörək, digər un məmulatları buğdada yer alan bütün vitamin və minerallar atılaraq hazırlanır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur”.

G.Rəsulovanın sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan-damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır: “Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər - içərisində olan qatqı maddələri - rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır”.

Pediatr deyir ki, çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar: “Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı övladınız üçün çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək məhdud istifadə edilə bilər. Bundan başqa, maya və qlüten mövzusu da var. İnsanlar arasında çox yayılmış gizli maya və qlüten allergiyasının olması bu mövzunu daha önəmli edir. Beləliklə, qlisemik indeksi çox yüksək olan ağ çörək sağlamlığa ciddi zərər vurur və ciddi asılılıq yaradır. Çörək alışqanlığı siqaret alışqanlığına bənzəyir. Arıqlamaq üçün pəhriz saxlayan insanların məhz bu qidadan imtina etməsinin çox çətin olması bunu sübut edir. Bu səbəbdən uşaqlıqdan etibarən bu asılılığın qarşısını almaq sizin valideynlik borcunuzdur. Uşaqlara çörək verməyin!”

Xəbər lenti