Xəbər verdiyimiz kimi, Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü sosial şəbəkələrdə video yayaraq həmin polis əməkdaşının qadın sürücülərə qarşı nalayiq hərəkətlərdə ittiham etmiş və bildirmişdi ki, yol polisi əməkdaşı 99 P 048 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan Fəriddir. Qadın iddia edirdi ki, o xanım sürücüləri saxlayaraq onlara "padxod” edir, telefon nömrəsi istəyərək münasibət qurmağa çalışır. Buna nail olmadıqda isə cərimə yazır.
Amma Avtosfer.az-ın əməkdaşı hadisəni araşdırmaq üçün bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində olub. Hadisənin videogürüntüləri və səs yazıları ilə tanış olub. Araşdırmalar nəticəsində maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, "Jeep Vrangler” markalı, 90 GG 044 dövlət nömrə nişanlı avtomobili idarə edən Fatma Talıbova avqustun 1-də, saat 15:40 radələrində Teymur Elçin və Lermantov küçələrinin kəsişməsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol polisi əməkdaşı, çavuş Fərid Mustafazadə ona saxla işarəsi verib. Təhlükəsizlik şəhər kameralarının görüntülərindən də məlum olur ki, xanım sürücü saxla işarəsinə tabe olmayaraq hərəkətə davam edir. Sonra Mehdi Hüseyn küçəsində ("Alov qüllələri”nin yanı) digər avtomobillər yolu kəsdikdən sonra onu saxlamaq mümkün olur. Burada qadın sürücü yol polisi əməkdaşına hədə-qorxu gəlir. Avtomobili saxlayan kimi özünü Daxili İşlər Nazirliyinin 102 xidmətinin əməkdaşı kimi təqdim edən xanım sürücü polisin saxla işarəsi zamanı əlini çiyninə qoyaraq "mən də paqonam” göstərir. Lakin saxlanılan zaman bunun əksinə olaraq formada olmadığını bildirərək bundan imtina edir. Daha sonra xanım sürücü "sən bilmirsən mən kimin gəliniyəm, sənin paronlarını sökdürəcəm” deyir. Həmçinin polis əməkdaşına "sən korsan” deyə müraciət edərək onun poqonlarına əl atır. Bundan sonra polis əməkdaşı qadın sürücüyə protokol tərtib edir. Saxla işarəsinə tabe olmadığı üçün xanım sürücü 80 manat və 4 balla cəzalandırılıb.
Məlum olub ki, həmin xanım sürücü də telefonla yol polisinin videosunu çəkib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında deyib ki, xanım sürücü özünün də görüntüsünün çəkildiyini anladıqdan sonra isə öz tanışı olan yol polisi əməkdaşını Fərid Mustafazadə ilə danışıqlara göndərib. Həmin şəxs yol polisinə təklif edib ki, siz öz görüntülərinizi silin və məsələ bağlansın. Fərid Mustafazadə isə etiraz edərək bildirib ki, artıq görüntülər idarəyə təqdim olunub və müvafiq tədbirlər görüləcək. Yalnız bundan sonra həmin xanım sürücü çəkdiyi videonu sosial şəbəkələrdə yayaraq yol polisi əməkdaşına böhtan atıb.
DYP rəsmisi bildirib ki, həmin faktla bağlı araşdırma aparıblar: "Araşdırmamız zamanı məlum olub ki, həmin qadın yol polisinə iftira atıb. Biz həmin vaxtı əməkdaşımızda olan mikrofon vasitəsi qadının səsinə qulaq asmışıq. Məlum olub ki, bu qadın nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini istifadə etmədən idarə edib. Buna görə də motosikletlə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini verib. Səs yazılarından görünür ki, həmin qadın polisə hədə-qorxu gəlir. Polis isə vəzifə borcunu yerinə yetirərək protokol tərtib edib. Ondan qisas almaq istəyən qadın isə bu cür əməl törədib. Əlimizdə səs yazıları və video görüntülər var”.
DYP sözçüsü eyni zamanda qadının videodakı başqa iddiasına da cavab verib: "Guya polis bütün sürücü qadınlara nömrəsini verir. Burdan ona sual verirəm ki, həmin polis sizə nömrə veribsə, onun mobil telefonun nömrəsi deyə bilərsinizmi?”.
Avtosfer.az-ın apardığı araşdırma zamanı o da ortaya çıxıb ki, həmin sürücü 2012-ci ilin iyulunda sürücülük vəsiqəsi alıb. 2013-cü ildə 6 dəfə, 2014-cü ildə 31 dəfə, 2015-ci ildə 12 dəfə, 2016-cı ildə 47 dəfə, 2017-ci ildə avqustun 1-dək 11 dəfə inzibati məsuliyyətə cəlb edilib. 2015-ci ildə cərimələri vaxtında ödəmədəyi üçün onun sürücülük hüququq 6 ay müddətinə məhdudlaşdırılıb. Bu il yazılan cərimələrə görə artıq Fatma Talıbovanın 14 cərimə balı var idi. Avqustun 1-də yazılan cəriməyə görə daha 4 bal əlavə olunub.
İdarədən həmçinin bildirilib ki, F.Talıbova böhtan, yəni yalan olduğunu bilə-bilə YPX əməkdaşının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığına görə qanunvericiliiyin tələblərinə uyğun qaydada məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə göndəriləcək.