“Sarışın gözəllər, kef, əyləncə olan yerdə təhsilə niyə pul xərcləsinlər”

806
“Sarışın gözəllər, kef, əyləncə olan yerdə təhsilə niyə pul xərcləsinlər”

1945-ci ildə Livanda doğulmuş məşhur iş adamı Vaçe Manukyan erməni diasporunun ən uğurlu biznesmenlərindən biri hesab olunur. Dünəndən sosial şəbəkələrdə Manukyandan yazılır. Belə ki, erməni xalqının gələcəyi üçün təhsilin vacibliyini anlayan V.Manukyan xüsusi fond yaradıb və son illərədək 1700 gənc soydaşının xaricdə oxumasını maliyyələşdirib. Bundan əlavə, o, ali məktəbdən sonrakı təhsilini Harvard və Kembric universitetlərində davam etdirmək üçün Ermənistandan olan neçə-neçə tələbənin pulunu ödəyir.

Bəs, biz hansı xeyriyyəçimizin adını çəkə bilirik? Niyə bizdə də təhsilə belə sərmayə yatıran xeyriyyəçilər yoxdur?

Modern.az-ın bu qəbildən olan suallarını parlamentin üzvü Fazil Mustafa özünəməxsus şəkildə cavablandırıb:

Mynews.az həmin söhbəti təqdim edir:

"Biz Türkiyədən toya çağırılan müğənniləri himayə edirik, biz küçədən tapılan bir adama pul xərcləyib müğənni edirik. Ölkəmizdə yüzlərlə belə “səxavətli” iş adamları var. Xarici ölkələrdə, turistik bölgələrdə milyonlarla vəsaiti sarışın, gözəl, cazibəli xanımlara xərcləyirlər. Bizdə də bu istiqamətdə kifayət qədər “faydalı, xeyirli” işlər görən milyonerlərimiz var. Onları görməzlikdən gəlmək və erməni ilə müqayisə etmək yanlışdır”.

Deputat məsələnin mahiyyətini açmaq üçün ironik yanaşmasını davam etdirib:

“Erməninin ağlı yoxdur. 1700 tələbəyə, təhsilə pul ayıran ancaq anormal adam ola bilər. Bu qədər istirahət, əyləncə, şouya imkanlar olduğu halda tələbəyə pul xərcləməyin izahını tapmaq çətindir. Erməninin Qarabağı işğal etməsinin səbəbini də burada tapmaq olar. 150-200 il əvvəlin Bakısına baxın. Azərbaycan milyonerləri öz iqamətgahlarında verdikləri qonaqlıqlarla, ziyafətlərlə, bir-biri qarşısında atı-eşşəyi ilə öyünməklə boy göstərirdilər. Bu nüanslar Azərbaycan filmlərində də əks olunub. Amma Sabirin şeirini erməni qadınları pul yığıb çap etdirirdi. Bu həmin Azərbaycandır. Dəyişən çox az şeylər var. Təfəkkür, düşüncə, dünyagörüşü dəyişməyib. Dəyişən binalardır, parklardır, bulvarlardır. Hamısı virtual görünən gözəlliklərdir, mahiyyətcə nə dəyişib ki?”.. 

F.Mustafa təhsil və səhiyyə sisteminin ürəkaçan vəziyyətdə olmadığını vurğulayıb:

“Qarabağı işğal altında olan bir xalqın təmsilçiləri harınlığa, israfa, əyləncəyə, toya, yasa, qəbiristanlığa bu qədər pul xərcləyərmi? Ən azı beş-altı rayonunu itirmiş insanlar həmişə nəyisə itirmək qorxusu ilə yaşayaraq, heç olmasa sabahın tədarükünü görməli, müdafiə üçün boynuna düşəni etməli, dövlətə necə dəstək verəcəyi barədə fikirləşməlidir. Biz onu fikirləşən olsaydıq, elə yüz il əvvəl yaxşı təhsil alıb sovet ordusunda yaxşı yerlərdə xidmət edib, müəyyən dərəcədə gələcəyin hərbçisi kimi yetişərdik. 

Biz indiyə qədər bunları etməmişiksə, indi ermənilərlə müqayisədə buna irad bildirilməsi məncə heç bir halda doğru deyil. Çünki ermənin dünyagörüşü, düşüncəsi, gələcəyə baxışı ilə bizimkilər arasında çox böyük fərqlər var. Siz Ermənistanda olan universitetlərlə bizim universitetləri müqayisə edin. Son 20 ildə dünyaya çıxacaq bir universitet yarada bilməmişiksə, universitetlərə, təhsilə, məktəbə, səhiyyəyə pul qazanmaq vasitəsi kimi baxmışıqsa, nəticə də olmaz.

Erməni pulu konyakdan, araqdan çıxarır, erməni pulu yoldan çıxarmır, vətəndaşın cibindən çıxarmır. Biz bu məsələlərdə xeyli geri olduğumuza görə imkan verin toylarımıza Türkiyənin tanınmış müğənnisini çağırıb cibinə 200-300 min manat qoyaq, imkan verin, əylənək, deyək, gülək... Sonumuz inşallah yaxşı olar... Bəlkə Allah insafa gələr, bizi bəlalardan qoruyar”.

Xəbər lenti