Əli Həsənovun nəvəsini müdafiə edən deputat “Xahiş edirəm mənə...”

569
Əli Həsənovun nəvəsini müdafiə edən deputat “Xahiş edirəm mənə...”

Milli Məclisin deputatı Astan Şahverdiyev Baş nazirin müavini,  “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırıb.

O “Saytlar Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”-deyib.

Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib.  

Modern.az qəza baş verən an Nail Allahverdiyevin öz evində olmasını israrla vurğulayan və mətbuatı şou yaratmaqda günahlandıran Astan Şahverdiyevə yenidən müraciət edib.

Astan Şahverdiyev məsələ ilə bağlı açıqlama vermək istəməyib:

“Xahiş edirəm mənə heç bir sualla müraciət etməyin. Mən danışmaq istəmirəm. Heç nədən, alacağım cəzadan da qorxmuram”,- deyərək dəstəyi asıb.

Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Məhkəmənin hökmü ilə N.Allahverdiyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilmiş və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

"Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq Dövlət Başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək"-deyə birgə məlumatda bildirilib. 

Xəbər lenti