Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

YAP-dan Əli Həsənovun nəvəsinin həbsinə REAKSİYA

Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyanın sədr müavini və baş nazirin müavini Əli Həsənovun Bakıda dəhşətli qəza törədən nəvəsi Nail Allahverdiyevin həbsinə münasibət bildirib.

YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında deyib ki, qəza törədən sürücünün həbs olunması Azərbaycanda qanunun hamı üçün eyni olduğunu bir daha sübut etdi. “Bu hadisə kimliyindən, kiminlə qohum olmağından asılı olmayaraq qanunun aliliyi, törətdiyi əmələ görə hər kəsin qanun qarşısında cavab verməli olduğunu göstərir. Azərbaycanda qanun hamı üçün eynidir. Burada kiminləsə qohumluq və ya hansısa xidmətlər heç vaxt nəzərə alınmayacaq. Vəzifədə və nüfuzda olan hər bir kəs ailə üzvlərinə görə mənəvi məsuliyyət daşıyır. Onların davranışı, hərəkəti, atdığı addımlara görə vəzifə tutan şəxslər hüquqi olmasa da, mənəvi məsuliyyət daşıyırlar”.

Millət vəkili vurğulayıb ki, sürücü N.Allahverdiyevin həbsi məmurlara növbəti xəbərdarlıqdır: “Hamıya xəbərdarlıq edildi ki, öz ailə üzvlərinizə nəzarət edin. Onların hərəkətlərinə görə, mənəvi cavab verməyi bacarın. Gənclərimizi qanuna hörmət etmək, hamı üçün eyni olan qaydalara riayət etmək və cəmiyyətdə hər kəsin hüququnun qorunmasına hörmətlə yanaşmaq ruhunda tərbiyə etmək lazımdır. Hadisəyə görə dövlət tərəfindən verilən rəsmi reaksiyalar cəmiyyət tərəfindən müsbət qəbul olunur. Hesab edirəm ki, bu, bir çox hərəkətlərin qarşısını almağa və səhv yolda olan gəclərmizi öz səhvini dərk edərək atdığı addımlardan nəticə çıxarmağa gətirib çıxaracaq”.

Qeyd edək ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən məlumata görə, fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...