Sükan arxasında oturaraq canlı yayım edənlərə xəbərdarlıq Cərimələnəcəkciz!

555
Sükan arxasında oturaraq canlı yayım edənlərə xəbərdarlıq Cərimələnəcəkciz!

Son zamanlar tez-tez sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da sürücülər sükan arxasında olarkən canlı yayım edirlər.

Mynews.az baku.ws-ə istinadən məlumatına görə, bu, bəzi hallarda yol qəzalarına səbəb olur. Hətta yol qəzası baş verməsə belə, avtomobil hərəkət edərkən telefondan istifadə inzibati məsuliyyət yaradır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinın (BŞBPİDYPİ) bölmə rəisi polis polkovniki Vaqif Əsədov "Report”a açıqlamasında bildirib ki, bu məsələdə vətəndaşların cərimələnməsindən daha çox bu işin qarşısını almaq üçün düzgün təbliğata üstünlük vermək lazımdır.

O xatırladıb ki, "Yol hərəkəti haqqında” qanuna görə, sükan arxasında hərəkət zamanı əldə mobil telefon saxlamaq və ondan istifadə etmək inzibati xəta tərkibi yaradır: "Həmçinin, hərəkət zamanı diqqəti yayındıra biləcək söhbətlərin edilməsi təhlükəli olmaqla yanaşı, inzibati xəta tərkibi yaradır. Sərnişinlər də diqqəti yayındıra biləcək söhbətlərlə sürücünün başını qatmamalıdır. Bundan başqa, əllərin sükandan çəkilərək avtomobilin idarə edilməsi də inzibati xəta tərkibi yaradır”.

"Sükan arxasında kimliyindən asılı olmayaraq, hərəkət zamanı telefonla və ya digər texniki vasitə ilə hərəkətin lentə alınıb onu sosial şəbəkələrdə yayılması həmin sürücünün məsuliyyətə cəlb edilməsi üçün səbəbdir. Sükan arxasında əldə mobil telefonu saxlamaqla ondan istifadə edən sürücü 50 manat məbləğində cərimələnir. Amma söhbət cərimənin məbləğindən yox, baş verə bilən yol-nəqliyyat hadisəsindən gedir”, - deyə V.Əsədov əlavə edib.

O, həmçinin vurğulayıb ki, yol polisləri gün ərzində mobil telefonla danışanları, yaxud əlini sükandan buraxıb maşını idarə edənləri saxlayaraq məsuliyyətə cəlb edir: "Lakin İnstagram-da sükan arxasında video çəkib paylaşan faktları internetdə aşkarlayarıqsa, onda onları məsuliyyətə cəlb edə bilərik. Tanınan və tanınmayan insanlar arasında təxminən 6-7 belə fakt araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun şəkildə məsuliyyətə cəlb edilib. Hətta olub ki, insanlara xalq artisti Faiq Ağayevin klipini də nümunə kimi göstərmişik. Məsələ burasındadır ki, Faiq Ağayev də sükan arxasında video çəkdirərək sosial şəbəkələrdə paylaşıb. Amma o, sükan arxasında təhlükəsizlik kəmərini taxıb, əllərini sükandan bir an da olsun çəkmir və diqqəti yoldadır”.

Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Report”a açıqlamasında sükan arxasında videoçəkiliş edilməsinin daha çox üç formada ola biləcəyini deyib. Belə ki, ilk növbədə sükan arxasında sürücü telefonu əlində tutaraq özünü və ya yolda nəyisə çəkir: "Bu da birmənalı olaraq qadağandır. Çünki "Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinə görə, telefonun hansı funksiyasından istifadə edilməsindən asılı olmayaraq hərəkət zamanı ondan istifadə etmək qadağandır. Qaydaları pozan sürücüyə İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi ilə 50 manat cərimə tədbiq oluna bilər.

İkinci variant odur ki, sürücü avtomobil üçün nəzərdə tutulan xüsusi qurğuya telefonunu yerləşdirib video çəkiliş edirsə, burada heç bir qayda pozuntusu yoxdur. Yəni, buna görə sürücünü kimsə cərimə edə bilməz. Ancaq belə vəziyyətlərdə də sürücünün diqqəti yayına bilər. Üçüncüsü və daha təhlükəsiz variant odur ki, sürücü avtomobili sürür və ancaq yanında oturan kimsə onun şəklini və ya videosunu çəkir. Bu zaman da heç bir qayda pozuntusu baş vermir”.

Psixoloq Elnur Rüstəmov isə qeyd edib ki, sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib: "Bu məsələdə təhlükəsizliyin qorunması əsas məqamdır. Sükan arxasında tək video çəkmək deyil, eləcə də telefonla danışmaq da diqqəti yayındırmış olur. Eyni zamanda, qəza şəraiti yaratmaqla sürücü həm öz həyatını, həm də yanında kimsə olarsa onu təhlükəyə ata bilər. Ona görə də sükan arxasında telefondan istifadə zamanı təhlükəsizliyə ciddi fikir vermək lazımdır. İnsan bu vaxt həddindən artıq sevinə və ya kədərlənə bilər. Bu da öz növbəsində avtomobil idarəetməsinə təsir göstərə bilər”.

P.S. Məsələ ilə əlaqədar sosial şəbəkələrdə mütəmadi şəkildə video paylaşan məşhurlarla əlaqə yaratmaq istəsək də, bununla bağlı danışmaq istəmədilər. 

Xəbər lenti