Mynews.az ailem.az-a istinadən tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın zorlama haqda məqaləsini təqdim edir.
Nə yazacağımı bilmirəm. Amma qısa olaraq belə deyim. Evdə sizə nə deyirlərsə desinlər, qadınlar sizin tarlanız zad deyil.
Qadının mövqeyini qazanmaq üçün ilk növbədə qadının özünün rizasını, yəni icazəsini almalısınız. Özü də hər dəfə üçün ayrı-ayrılıqda. Dünən o sizə mehriban baxdısa, bu gün "nastroyennisi" olmaya bilər. Günahı özündə axtar. Xoşuna gəlməsə, sizə üz verməyəcək. Lap əccəb edəcək.
Bu arada, ol qadın sizin öz halalca həyat yoldaşınız da ola bilər. Yoxsa qızın barmağına üzük taxdınız deyə, "seks qaranti" deyə düşündün, zibidi?
Qadınlar naz-qəmzə edərlər, amma sizə qarşılıq verəcəklər demək deyildir bu.
Əgər küçədə bir qadın üzünüzə gülümsədisə, "ahha" deməyin. Ağzınız yanacaq.
Bir dəfə Aluştada bir belaruslu qız bizə yanaşıb yaman mehriban dayanmışdı. Dostum yaman sulandı, qızın diskotekaya giriş pulunu verdi. Qız da, gözünə döndüyüm, diskotekaya girdiyi anda özünə bir "İvan" tapdı, bizim "Mamed" qaldı kənarda.
Oğlan yaman hirslənmişdi. Qıza dişinin dibindən çıxanı deyirdi. Əlbəttə azərbaycanca. Mən isə öz bildiyim kimi tərcümə edirdim: "Bilirsən, bir az əsəbidir. Olan şeydir. Sən, fikir verməynən" -deyirdim. Qızların göstərib sonra üz verməməyini mən də sevmirəm, a kişilər, lakin nə edəcəksən - bu qadını kim anladı ki indiyə qədər?
Qadın sənin tarlan deyil.
Sumqayıtda bir xanımı səhər idmanı edərkən zorlayaraq öldürüblər. Bəziləri isə gədəni müdafiə etməyə çalışır.
Kül başımıza.