Baş Prokurorluq işçi axtarır

637
Baş Prokurorluq işçi axtarır

Baş Prokurorluq 60 ştat vahidi üzrə qulluğa qəbul üçün növbəti müsabiqə elan edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən, fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən, müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:

- şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;

- ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;

- 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.

Sənədlər 05 sentyabr 2017-ci il tarixdən etibarən Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 10:00-dan 17:30-dək qəbul olunacaqdır.

Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaq.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.azwww.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.

Xəbər lenti