Futbol azarkeşləri bir neçə gündür ki, Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının “play-off” mərhələsinə yüksələn“Qarabağ” klubunun doğma meydanda Danimarkanın “Kopenhagen” komandasına qalib gəlməsi sevincini yaşayırlar. İndi hər kəs oyunun 25-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandıran Mahir Mədətov və “Qarabağ”dan ayın 23-də Danimarkada keçiriləcək cavab görüşündə növbəti qələbə qolunu gözləyir.
Mahir Mədətov həm də bu soyadın uğurlu davamçısı, məşhur prodüserAnar Mədətov ilə tanınmış jurnalist Elnurə Mədətovanın övladıdır.
Mynews.az futbolçunun atası ilə müsahibəni təqdim edir.
- Mahir Mədətovun “Qarabağ”dakı uğurlu oyunu ilə bağlı təəssüratlarınızı oxucularımızla bölüşməyinizi istərdik...
- Mahirin oyunları zamanı çox həyəcan keçirirdim. Bunu bildirməmək üçün siqaret çəkməyə məcbur olurdum. İslam Oyunlarında dostum mənə matçın birinci hissəsində artıq iki qutu siqareti bitirdiyimi bildirdi. Bu, şou-biznes deyil, açıq oyundur, buna görə insan nədənsə narahat olur, qorxu hiss keçirir və s.
Mahir 15 yaşından əsas tərkiblərdə oynayıb. “Bakı”, “Lans”, sonra “Qarabağ”a gəldi. Adətən, Mahiri daima anası dəstəkləyir. Amma mən də narahat oluram, oğlumdur, qanımdır. Onu heç vaxt tərifləməmişəm. Ona deməmişəm ki, “Mahir, əla oynadın” və s. Həmişə demişəm ki, “Mahir, elə bil oyunda nəsə çatmır”.
- Futbolçu olmaq onun öz seçimi idi, yoxsa ailə üzvləri onu bu sahəyə istiqamətləndirdi?
- Mahir dörd yaşında ikən taekvondoçu, 2 qat Dünya Çempionatının bürünc medalçısı, dostum Rəşad Əhmədovdan onunla məşğul olmağını xahiş etdim. Səhər üzgüçülüyə, oradan da taekvondaya yollanırdı. Amma müşahidə edirdik ki, topdan əl çəkmir.
Qayınanamgil Zaqatalada yaşayır. Oraya tez-tez yollanırdı. O vaxt qaynım uşaqları isə “Simurq”un dubllarında oynayırdı. Mahir də onlarla getmək istəyirdi, lakin onu aparmırdılar, ağladırdılar. Hərdən zarafatla özlərinə deyirəm: “İndi sizə ləzzət edir? Mahir indi sizdən də yuxarı baxır, boyu da ucaboy olub”. Onlar da gülürlər.
Qayınanam onun futbola olan marağını duyduqdan sonra futbola yazdırıb. Daha sonra anam onu Bakıdakı “Vətən” komandasına gətirib. Orada Mahiri bəyəniblər. Daha sonra məşqlərə getməyə başlayıb, lakin nənələr bunu bizdən gizlədiblər. Bütün bunlardan sonradan xəbər tutmuşuq.
Mahir, eyni zamanda, “Ankara” liseyində təhsil alırdı, lakin idmanla məşğul olduğu üçün dərslərinə kifayət qədər vaxt ayıra bilmirdi, orada isə ona şərait yaratmırdılar. Sonrakı illərdə təhsilini 47 saylı məktəbdə davam etdirdi. Daha sonra Mahir Fransada Akademiyanı bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldu. Hazırda 3-cü kursda təhsil alır.
İndi onun üzərində məşqçisi Qurban Qurbanov çox əziyyət çəkir. O, hətta qol vuran anda da Mahirə “Dayanma, yenidən nəticə lazımdır” deyirdi.
- Oğlunuzun bələd olmadığımız daha hansı qabilliyəti var?
- Mahir üç dili – Azərbaycan, rus, ingilis dillərini mükəmməl, ərəb dilini isə orta səviyyədə bilir. Yeganə azərbaycanlı futbolçudur ki, ingilis dilində sərbəst danışa bilir.
- Əvvəl Anar Mədətovun oğlu Mahir Mədətov, indi isə Mahir Mədətovun atası Anar Mədətov deyirlər. Oğlunuzun populyarlığının sizin məşhurluğunuza kölgə salmağından çəkinmirsiniz?
- Mədətov soyadı artıq Azərbaycanda çoxdan tanınır. Babam Qaraj Mədətov - akademik, tarixçi, Naxçıvanın tarixi barədə yazan şəxs olub. Əmim Akif Mədətov tanınmış professordur. Yəni bu silsilə davam edir.
Hərdən mənə sual verirlər, akademik nəvəsi, professor oğlu (anam daim səfirliklərdə çalışıb) necə oldu ki, şou-biznesə gəldi? Mən şou-biznesə gəlməmişəm, şou-biznes məni gətirib. İndi dırnaqarası prodüserlər çoxdur. Onların gördüyü işlərin nəticəsi də yoxdur.
Mən prodüser kimi 90-cı illərdən fəaliyyət göstərirəm. O vaxtlar “Karvan”, “İmkan”, “Vətən” musiqi qrupları, “7-17”-dəki fəaliyyətimlə tanınmışam.
Mən heç vaxt qızımı və oğlumu reklam etməmişəm. Onları həmişə şou-biznesdən uzaq tutmuşuq. Qızım ötən il ADİU-ya daxil olmuşdu, amma bu il sənədlərini Avropaya verdi. İtaliyada Beynəlxalq əlaqələr üzrə təhsil alacaq.
Mən heç yerdə “Mahir Anar Mədətovun oğludur” deməmişəm. İndi baxıram ki, bəzi tanınmışlar, dost-tanışlar yalandan yazırlar ki, “Sən bizim fəxrimizsən, övladınla da fəxr edirik”.
- Çox tanınmışlarla işbirliyiniz olub. Zəng edib təbrik edənlər və zəngini gözlədiyiniz, amma eşitmədiyiniz məşhurlar oldu?
- Oyunqabağı Ədalət Şükürov zəng etdi. Reper Rauf maraqlandı. Amma şou-biznesdə kimə kömək etmişəm, onlardan çoxu zəng etməyib.
Samir Piriyev vətəndə deyildi, amma Mahir qol vuran kimi, zəng edib, təbriklərini çatdırdı, halbuki, o, heç futbolla maraqlanmır. Elçin Hüseynov da zəng etmişdi. Məni ən çox kövrəldən isə Vaqif Gərayzadənin zəngi oldu. O dedi ki, “Mən fəxr edirəm ki, sizi tanıyıram və vətənə bu cür övlad bəxş etmisiniz”. Onun zəngi mənim üçün gözlənilməz oldu, çünki o özü bir məktəbdir.
Kömək etdiyim müğənnilər, hansı ki, indi Əməkdar və Xalq artistləridir, bu sevincimə şərik olmadılar. Onsuz da onlar 100-200 nəfər üçün oxuyurlar. Amma mənim oğlumu 9 milyon izləyir. Mən istəmərəm oğluma şou-biznesə görə hörmət etsinlər, istəyərəm Azərbaycan vətəndaşı olduğuna görə hörmət etsinlər. Fərqi yoxdur, məni ona, yoxsa onu mənə görə tanısınlar, əsas odur ki, orada Mədətov soyadı var.
- Xarici görünüşünüzə fikir verdikdə, demək olar ki, ata-bala kimi deyil, qardaş kimi görünürsünüz. İndi onun dəliqanlı çağlarıdır. Onunla necə ünsiyyət yaradırsınız ki, sirri, problemləri olanda sizinlə bölüşsün...
- Mən 23 yaşımda ailə həyatı qurmuşam. Sirlərini anası ilə bölüşür. O, bunları daha yaxşı bilir. Həm də oğlumun ətrafı - məşqçisi, komandanın üzvləri də yaxşıdır. Ona görə biz rahatıq. Onların içində yaşca kiçiyi Mahirdir. Buna görə onu qoruyur, müdafiə edirlər. Fəxr edirəm ki, onun belə dostları var.
Ümumiyyətlə, Mahir konfliktdən uzaq qaçan, kini olmayan insandır.
- Əslində, Mahirin futbolla məşğul olmasına şərait yaratmaqda risk etmisiniz. Çünki bir neçə il əvvəl futbol ölkəmizdə, demək olar ki, “ölü” vəziyyətdə idi. Siz övladınızı bu gün Azərbaycanda daha prestijli olan sahəyə də yönəldə bilərdiniz. Amma nə yaxşı ki, bu riski etmisiniz...
- Bəzi jurnalistlər yazırlar ki, Mahir atasına görə məşhur oldu. Xahiş edirəm, artıq-əskik yazmasınlar. Bizim bu sahədən anlayışımız yoxdur. Mahir bizə görə oynamır. Mən heç topu vura bilmirəm.
Ailəmlə gündəmə gəlməkdən həmişə qaçmışam. Çox məşhurlar efirdə ailəsindən danışır, üç gün keçir biri boşanır, o biri beş dəfə ərə gedir.
Mənim işim əziyyətlidir və bununla gündəmə gəlməyə çalışmışam. Buna görə mənə dözən ailə üzvlərim, həyat yoldaşım, anam, qayınanama təşəkkür edirəm. Həmişə mənim nazımla oynayıblar.
Elnarə Xəlilova ilə dostam, neçə dəfə zəng edib ki, verilişimə ailəvi qonaq ol, imtina etmişəm. Mənim həyat yoldaşım artıq illərdir jurnalistika sahəsindən uzaqdır. O, Azərbaycanda kriminal yazan ilk jurnalistlərdən idi. İndi bizim Azərbaycanda öz brendimiz var.
Mahirin uğurunda bizə yaxın olan hər bir insanın əziyyəti var: əmilərim, əmim oğlu, dayım, anam, qayınanam, məmur dostum, Elnurənin rəfiqələri və digərləri.
Dayım İlqar Məmmədov Moskvada tanınınmış iş adamdır. Azərbaycanda butsi (futbol ayaqqabısı) problemi var. Bu baxımdan, dayım da bizə çox kömək edir, lazım olanda butsi göndərir.
Sonda demək istəyirəm ki, futbolu sevin. Futbolumuz yavaş-yavaş yüksəlir. Bunu Mahirə görə demirəm. O, hələ Azərbaycan futbolu üçün heç nə etməyib. Necə deyirlər ki, Azərbaycanda şou-biznes yoxdur, amma hamı şou-biznesə gəlir, eləcə də, çayxanada oturub, futbol haqda da bu cür danışırlar. Amma futbol nümayiş olunanda baxırlar.
Azu edirəm ki, Azərbaycanda 8 deyil, 18-20 tanınmış futbol komandası olsun. O gün olsun ki, “Qarabağ” oyununu Qarabağda oynasın.