Təcili tibbi yardım maşınları ilə bağlı müxtəlif məzmunlu şikayətlər hər zaman olur. Təcili yardım çağıran Bakı sakinləri gah onların gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayət edir.
Mynews.az xəbər verir ki, Report-un redaksiyasına zəng edən paytaxt sakini çağırdığı təcili tibbi yardım maşınının xeyli yubandığını bildirib.
Xəstə yaxınının dediyinə görə, təcili tibbi yardıma ötən gün saat 14:49-da zəng vurulub, lakin uzun müddət çağırışa cavab gəlməyib.
45 dəqiqədən sonra gələn təcili yardım həkimi gecikmələrinin səbəbini belə izah edib: "Komandaya saat 15:13-də cağırış verilib. Xəstə Xətai rayonunda olduğu halda, yardımı Yasamaldan göndəriblər. Nəticədə yardım maşını 15:34-də ünvana çatıb".
Xəstə yaxınlarının dediyinə görə, onlar əvvəlcə Xətaidəki 2 saylı klinikaya gediblər və xəstə üçün təcili tibbi yardım yardım lazım olduğunu deyiblər. Orada isə onlara nə maşın sürücüsünün, nə də həkimin olmadığını bildiriblər. Daha sonra 14:49-da təcili yardıma zəng vurulduqdan bir müddət sonra Yasamaldan komanda tapıb göndəriblər.
Nəticədə xəstəyə ilkin tibbi yardımı xəstə yaxınları özləri etməyə məcbur olublar.
Məsələ ilə ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə bildirib ki, çağırışlar gəldiyi zaman onun növlərinə görə tezliyi müəyyənləşdirilir: "Əgər çağırış təxirəsalınmazdırsa, onun icra müddəti bir saat ərzindədir. Qeyd etdiyiniz çağırışla bağlı şikayəti araşdırdıq və məlum oldu ki, xəstə təzyiq problemi ilə bağlı təcili yardım çağırıb. Bu cür çağırışlar isə təxirəsalınmaz olduğundan icra müddəti bir saata yaxındır".
Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov bir müddət əvvəl "Report"a açıqlamasında vurğulayıb ki, BŞTTTYS-də yaradılan struktura görə həkim briqadası hər bir ünvana 15-20 dəqiqə ərzində çatmalıdır: “Elə yer də ola bilər ki, həmin əraziyə 5 dəqiqəyə çata bilərik. Mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif çıxış yollarından istifadə edirik. Yəni, çağırışların intensiv vaxtlarında, eləcə də, ən pik vaxtlarda, yəni saat 16.00-dan gecə 00.00-a kimi çalışırıq ki, briqadalarımız olduqları ərazilərdən uzaqlaşmasınlar. Onların olduqları yeri mərkəzdən də görürük. Çünki hər bir maşına GPS quraşdırılıb”.
Təcili yardım maşınının Xətaidən deyil, Yasamaldan gəlməsinə gəldikdə isə Murad Mirzəzadə bildirib ki, təcili yardım maşınlarının göndərilməsi rayonlar üzrə bölünmür. Hansı rayon olmasından asılı olmayaraq, çağırış olan əraziyə yaxın briqda varsa, həmin əraziyə göndərilir.
Müstəqil səhiyyə eksperti, tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, təcili tibbi yardım maşınlarının çağırış ünvanına təyin olunmuş vaxtdan gec çatması işin təşkilindəki qüsurdan irəli gəlir.
Onun sözlərinə görə, təcili tibbi yardım maşınının hadisə yerinə yarım saatdan gec çatmasına bəraət qazandırmaq olmaz: “Çünki onların strukturu elə qurulub ki, təcili çağırış olarsa, ən geci 15-20 dəqiqəyə çağırış yerində olmalıdırlar. Yarımstansiyalar da məhz bunun üçündür. Hadisə yerinə gec çatmaq işin təşkilindəki qüsurdur”.
Ekspert qeyd edib ki, bu işin təkmilləşdirilməsi üçün maddi-texniki bazanın kifayət qədər yüksək olması, yarımstansiyaların sayının və həkimlərin peşəkarlığının artırılması mütləqdir: “Təəssüf ki, bunlar səhiyyədə yaddan çıxan istiqamətlərdir”.
O, həmçinin əlavə edib ki, bu gün ölkənin yollarında təcili tibbi yardım maşınları üçün xüsusi zolaqlar yoxdur: “Bakıda isə küçələrdə heç maşınlar bir-birilərinə yol vermir. Ölkədə yol infrastrukturu üçün kifayət qədər maliyyə vəsaiti ayrılsa da, təcrübə göstərir ki, bu kimi zolaqların salınması üçün heç nə görülmür. Ona görə də təcili yardım maşınları ünvana gec çatır. Təcili yardımın çağırış anından xəstənin yanına getməsi üçün sərbəst yol imkanı lazımdır. Bu imkanı yaratmaq lazımdır. Çünki ünvana gec çatmaq xəstənin həyatı bahasına başa gələ bilər.”