Ən asan və ən çətin viza verən səfirliklər SİYAHI

1656
Ən asan və ən çətin viza verən səfirliklər SİYAHI

Yay aylarında səyahətlərin sayının artdığını, eləcə də, bundan sonra da azərbaycanlıların xaricə, o cümlədən Avropanın Şengen zonasına səfər edəcəklərini nəzərə alaraq səyyah.az vizaların asan və çətin verildiyi səfirlikləri araşdırıb.

Mynews.az Seyyah.az-a istinadən xəbər verir ki, ən çətin viza verən səfirliklərdən biri Macarıstan səfirliyidir.

Macarıstan – həm imtina verir, həm də zərərə salır

"Facebook" səhifəsində oxucular arasında aparılan sorğunun nəticələrinə görə, ən çətin hesab edilən səfirliklərdən biri Macarıstan səfirliyidir.

Qeyd edək ki, Macarıstanın azərbaycanlıların arasında birdən-birə belə populyarlaşmasının əsas səbəbi buraya “Wizz Air” şirkəti ilə Bakıdan ucuz reyslərin olmasıdır. Nəticədə əksər hallarda Avropaya səyahət məhz bu ölkədən başlayır və vizanı da buradan almaq lazımdır. Amma seyyah.az-ın oxucuları bildirir ki, ucuz reys bu ölkəyə səfərlə bağlı yeganə rahatlıqdır.

Belə ki, səfirlikdən viza almaq üçün çoxlu sayda sənəd toplamaq tələb olunur. Viza almaq istəyənlər uçuş bileti, hoteldə gecələməklə bağlı hotel bronlarını, ölkə ərazisində və ya kənar ölkələrə səyahət edəcəkləri halda onların da biletlərini və bu kimi çoxlu sayda ödəniş sənədlərini təqdim etməlidirlər. Amma hətta bu halda da bəzi vətəndaşlar vizadan imtina cavabı alırlar. Ən pisi odur ki, imtina cavabından sonra alınmış biletləri qaytarmaq da olmur (“Wizz Air” şirkəti ucuz şirkət olduğundan ondan alınan biletlər dəyişdirilmir və qaytarılmır). Nəticədə müştəri gedə bilməməklə yanaşı, həm də maddi zərərə düşür. Oxucularımızın bəziləri hətta ehtimal edirlər ki, Macarıstan səfirliyində bu qaydalar ölkəyə müftə pul qazandırmaq üçün tətbiq edilir.

"Macarıstan səfirliyi səbəbsiz imtina verir", "Bu il ən çətin viza verən səfirlik Macarıstandır", "Bu səfirlik faktiki olaraq bizim cibimizə girir, əvvəlcədən hər şeyin pulunun ödənilməsini tələb edirlər (biletin, hotelin və s.), amma sonda imtina verirlər, "Wizz Air" ucuz aviaşirkət olsa da, bilet geri qaytarılmır, o da sərf eləmir", - deyə "Səyyah"ın oxucuları yazırlar. Hərçənd bəzi oxucular Macarıstan səfirliyinin viza verməsindən razılıq edirlər. Oxuculardan biri yazır ki, viza ilə bağlı heç bir problem yoxdur: "Sakitcə müraciət edib viza almaq və istirahətə getmək olar. Orada 4 dəfə olmuşam, Budapeşt də gözəl şəhərdir".

Çexiya səfirliyi – düz danışın və hotel bronunu ləğv etməyin

Azərbaycanlıların Avropada az qala kütləvi səyahət etdiyi ölkələrdən biri də Çexiyadır. Praqada, Karlovı-Varıda olmaq normal səyahətçi üçün adi hal sayılır. Üstəlik, həmyerlilərimizdən bir hissəsi bu ölkədə əmlak sahibi də olublar. Amma ən çox imtina verən səfirliklərdən biri də Çexiya səfirliyi sayılır. Hər halda sorğuda bu səfirliyin adı ən çətin viza verənlər arasında ən çox çəkilənlərdəndir. Bununla yanaşı, Çexiyanın viza qaydalarından razılıq edənlər də var.

Oxucular yazır ki, Çexiya səfirliyi viza almaq üçün rahatdır, amma hotel bronuna çox fikir verirlər. Çexiyaya viza almağın xüsusiyyətlərindən biri budur ki, bu səfirlik müştərinin əvvəlki səfirliklərlə münasibətlərinə də fikir verir – əgər kimsə Şengenə imtina alıbsa, əksər hallarda onlar da imtina verirlər. Bunun baş verməməsi üçün onlara imtinanın səbəbi barədə geniş izahat vermək lazımdır.

"Mən may ayında Macarıstan səfirliyindən imtina almışdım, iyunda Çexiya səfirliyinə müraciət etdim, amma buradan da imtina aldım. Konsulla görüşüb səbəbi ilə maraqlandıqda məlum oldu ki, Çexiya səfirliyinə sənədlərimi hazırlayan turist firması Macarıstan səfirliyindən aldığım imtinanı göstərməyib. 1 həftə sonra yenidən müraciət edib, vizamı aldım", - deyə oxuculardan biri yazır. Oxucular bildirir ki, Çexiyaya viza üçün müraciət edəndə butün imtinaları və onların səbəblərini göstərməlisən. "Səmimi" oldunsa, viza veriləcək: "Çexiya səfirliyi elə-belə imtina vermir, ən xoşladığım səfirlikdir", - deyə oxuculardan biri yazır. Amma çexlər bu ölkədə hotel və hostel bronlamasına çox ciddi yanaşırlar. Viza almaq üçün hotel bronlayıb, sonra onu ləğv edənlər ehtiyatlı olmalıdırlar, səfirlikdə bu məsələni ciddi surətdə izləyirlər: "hotel bronunun ləğv edildiyini görsələr, çağırıb, hətta verilmiş vizanı da ləğv edə bilərlər".

Almaniya – geri qayıdacağını sübut etməlisən

Azərbaycanlıların bütün məqsədlər üçün ən çox üz tutduğu, viza aldığı, səfər etdiyi, bəzən gedib, geri qayıtmadığı və nəticədə son vaxtlar ən çox imtina aldığı ölkələrdən biri də Almaniyadır. Almaniya azərbaycanlılar üçün sadəcə Avropa ölkəsi deyil. Bu ölkə nizam-intizamın qanun-qaydanın, qanunların düzgün və istisnasız işləməsinin, yüksək həyat şəraitinin, tibbi sığortanın və sair rahatlıqların olduğu ölkədir. Bir neçə il əvvələ qədər Almaniyaya avtomobil alverçiləri daha çox gedirdilər, indii isə təhsil, müalicə və ya miqrasiya üçün gedənlərin sayı artıb. Bu da vaxtilə rahat viza qaydaları olan səfirliyi çox sərtləşməyə vadar edib.Nəticədə bu ölkənin səfirliyi ən çox imtina verənlər arasındadır. "Qonaq kimi getmək istəyirdim, dəvət sənədi və digər bütün sənədlər də qaydasında idi, sırf 4-cü kursu bitirmiş olduğuma görə, imtina verdilər, qorxdular ki, birdən geri qayıtmaram", - deyə seyyah.az oxucularından biri başına gələni yazır. Bunun əsas səbəbi yuxarıda göstərildiyi kimi, ölkədən Almaniyaya qanunsuz qaçqınların olmasıdır. Nəticədə müştərilər imtina almaqla yanaşı, təyyarə bileti və hotel bronu ilə yanaşı, viza rüsumu və sığorta haqqı dəyərində də zərərə düşürlər.

Avstraliya və Yeni Zelandiya – cənnətə yol bağlıdır

Sözün əsl mənasında, dünyanın o başında yerləşən real cənnətlər – Avstraliya və Yeni Zelandiya da viza almağın çətin olduğu ölkələr sırasındadır. Çox güman ki, bu ölkələrə gedənlər də azdır, əks halda imtina alanların sayı daha sox olardı. Oxucular yazır ki, Avstraliya səfirliyi çoxlu sayda sənəd tələb etsə də, onların toplanması viza almaq qarantisi deyil: "Səni bura bağlayan bütün sənədləri tələb edirlər və sonda imtina verirlər".

İtaliya – "Əvvəlki Şengen vizalarını göstərin"

İtaliyaya viza almaqla bağlı vəziyyət bir qədər fərqlidir. Seyyah.az-ın keçirdiyi sorğuda İtaliyanın adı bir dəfədə olsa, asan viza verilən kimi qeyd edilmir. Göstərilir ki, bu ölkə viza verərkən, müştərinin əvvəlki vizalarının olub-olmadığına fikir verir. Əgər əvvəllər müştəridə Şengen vizası olubsa, İtaliya səfirliyi də etiraz etmir. Əksinə olduqda isə imtina verilir. Başqa sözlə, İtaliya səfirliyi bu ölkəyə səyahət edənlər üçün ilk Şengen vizası vermək istəmir.

Kanada – ən ehtiyatlı səfirlik

Çətin viza verilən ölkələr arasında Kanadanın adının olmaması təəccüblü olardı və doğrudan da, oxucular arasında ən çox adı çəkilən ölkələrdən biri də Kanadadır. Bu ölkə rahatlığın, sosial müdafiənin, başqa həyatın simvoludur və açığını etiraf etmək lazımdır ki, oraya səfər edənlərin əksəriyyəti bu ölkədə qalıb yaşamaqdan imtina etməzdi. Bunu Kanada səfirliyində də yaxşı bilirlər. Nəticəsi – həddən artıq ehtiyatlılıq və çoxlu sayda imtinalardır. Bəzən hətta bütün sənədlərin olması viza alacağına qarantiya vermir.

ABŞ - Amerika arzusunu reallaşdırmaq asan deyil

ABŞ - azərbaycanlıların ən çox səyahət etdiyi ölkələrdən biri olmaqla yanaşı, həm də ən çətin viza verilənlərdən biri sayılır. Səfirlikdəki o qədər aydın olmayan (hər halda azərbaycanlılar üçün) viza verilməsi siyasəti bəzən müraciət edənlər arasında etirazlara səbəb olur. Səbəbi göstərilmədən hətta ölkədə bir neçə dəfə olmuş şəxslərə imtina verilməsi halları da var. Hətta istifadəçilərdən biri yazır ki, sənədləri toplamaq bir yana, viza müraciətinə baxılması üçün ödənilən 160 dollarlıq rüsum da adamı "yandırır". Amma oxuculardan bəziləri ABŞ-ı vizaların asan verildiyi ölkələrdən biri kimi qeyd edir.

Böyük Britaniya – səfər etdiyiniz ilk ölkə olmayacaq

Nə qədər maraqlı olsa da, azərbaycanlıların çətin viza aldıqları ölkələr arasında Böyük Britaniyanın da adı çəkilir. Məsələ bundadır ki, Britaniya müstəqillik illərində ölkə vətəndaşlarının ən çox səyahət etdiyi və qalıb işlədiyi ölkələrdəndir. Bununla yanaşı, sorğuda oxucular bu ölkəni çətin viza verən ölkə kimi qeyd ediblər. Səbəbləri dəqiq yazılmasa da, şərhlərdən məlum olur ki, Britaniya səfirliyi də "ilk olmaq" istəmir. Yəni əgər müraicət edən şəxs başqa Avropa ölkələrində səfərdə olmayıbsa və ya ümumiyyətlə, ölkədən xaricə çıxmayıbsa, çətin ki, britaniyalılar ona viza versinlər.

Fransa – Eyfel qülləsi arzusu

Viza qaydalarına birmənalı qiymət verilməyən ölkələrdən biri də Fransadır. Seyyah.az-ın oxucularının bir hissəsi səfirliyin vizanı hansı meyarlarla verdiyinin başa düşülməz olduğundan şikayətlənirlər. "Fransa səfirliyinə kifayət qədər təkzib olunmayan və düzgün sənədlər təqdim edilmişdi, amma onlar mənə imtina verdilər, başqa bir qız isə heç bir normal sənədi olmadığı halda viza aldı. Ürəkləri kimə istəyir, vizanı da ona verirlər", - deyə oxuculardan biri yazır. Amma səfirlikdən razılıq edənlər də var: "Fransa səfirliyi çox yaxşıdır. Anlayışlıdırlar, bütün sənədlər qaydasında olanda rahat alırsan. Mən 4 dəfə Fransa səfirliyindən viza almışam, problemsiz", - deyə başqa bir oxucu təcrübəsini bölüşür.

Çin səfirliyi – «5-5 gəlin»

Viza ilə bağlı maraqlı qaydaları olan və buna görə də çətin təsiri bağışlayan ölkələrdən biri də Çindir. Seyyah.az-ın 100-dən artıq ölkəni gəzmiş oxucularından biri yazır ki, bu ölkəyə viza almaq üçün hökmən qrup müraciəti lazımdır: 100-dən artıq ölkəni arxada qoyaraq deyə bilərəm ki, ən çətin olmasa da, bir az çətin olan səfirlik – Çin səfirliyidir. Belə ki, yalnız 5 adamın iştirakı ilə qrup halında sənədlər tələb edilir".

Digər ölkələr

Çətin viza verilən ölkələrdən biri Türkmənistan sayılır. Seyyah.az-ın məlumatına görə, əksər hallarda bu ölkəyə ancaq dəvətlə viza verilir. Avstriya, İsveçrə, İsrail, Cənubi Koreya, Latviya, Norveç və İrlandiya da oxucularımız tərəfindən vizanı çətin verən ölkələrdən sayılır. Əvəzində Baltik ölkələri və Polşa asan viza verən ölkələr kimi qiymətləndirilir. Bəzi oxucularımız isə bildirir ki, ümumiyyətlə, hər şey qaydasında olandan sonra bütün səfirliklərdən viza almaq olur. "Bu günə qədər Avstriya, Almaniya, Macarıstan, Birləşmiş Krallıq və ABŞ səfirliklərindən viza almışam, hələlik heç bir çətinliklə üzləşməmişəm" - deyə oxucumuz yazır.

Giriş möhürünü unutmayın

Digər mühüm məqam. Vizanı alan şəxs, hökmən həmin ölkədən giriş etməlidir. Doğrudur, Şengen vizasını alan şəxs Avropaya istənilən Şengen ölkəsindən daxil ola bilər. Amma bunu başqa ölkədən edənlər gələn dəfə viza almaqda çətinliklə üzləşəcəklər: "Haradan alırsınızsa, orada mütləq giriş və ya çıxış möhürünüz olsun, yoxsa növbəti dəfə Şengen ala bilməzsiniz, çıxış başqa ölkədən də ola bilər, amma giriş hökmən həmin ölkədən olmalıdır", - deyə oxucular seyyah.az-a bildiriblər.

Xəbər lenti