Yeni tədris ilinin başlanmasına bir aydan daha az vaxt qaldığı üçün artıq dərslik ləvazimatlarının satışı üçün şəhərin müxtəlif yerlərində yarmarkalar təşkil edilib.
Mynews.az əməkdaşı sözügedən yarmarkada olub və qiymətlərlə tanış olub. Belə ki, yarmarkada məktəb ləvazimatları üçün təyin edilmiş qiymətlərlə adi satış nöqtələrindəki qiymətlər arasında heç bir fərq olmadığı aşkara çıxıb.
Satıcılarla söhbət zamanı yarmarkanın digər satış nöqtələrindən nə kimi fərqi olduğunu soruşsaq da onlar bir fərq olmadığını, qiymətdə bəzi alıcılara güzəştlər edildiyini bildirib.
Bu barədə BiG.Az-a danışan iqtisadçı ekspert Akif Nəsirli dövlətin yarmarkalara müdaxilə etmək ixtiyarının olmadığını, yalnız və yalnız gömrük rüsumunda və vergilərdə satıcılara müəyyən güzəştlər edilərək qiymətləri tənzimləmək şansının olduğunu bildirdi:
"Yarmarkanın önəmi şəhərin müxtəlif istiqamətlərdə təşkil edilməklə müştərilərin rahatlığını təmin etməkdən ibarətdir. Eləcə də münasib qiymətlər təklif etməklə yarmarkalar təşkil edilməlidir. Yarmarkalarda məhsul bolluğu olduğu üçün qiymətlər də aşağı olur. Adi satış nöqtələrindən fərqi odur ki, yarmarkada tələbat daha çoxdur. Ona görə də qiyməti münasib etməklə daha çox gəlir əldə etmək olar. Sadəcə olaraq qiymət məsələsində dövlət yarmarkalara müəyyən güzəştlər etməlidir. Onlara yerhaqqı qoyulmamalıdır, vergilərdən azad olunmalıdır və gömrük rüsumlarından azad edilməlidir, gömrük yoxlama məntəqələrində onlara süni problemlər yaradılmamalıdır. Bu gün Azərbaycana dərslik ləvazimatları, demək olar ki, hər bir detalı xaricdən gətirilir. Xaricdən gətirildiyi üçün də dollar ilə alış-satış həyata keçirilir. Manat ekcicalentinə çevirdikdə isə istər-istəməz qiymət artımı ortaya çıxır. Üstə də gəlsək yerhaqqı, vergilər, gömrük məntəqəsində süni problemlər ona görə də yarmarkalarda qiymət adi satış məntəqələri ilə eyni hətta daha çox təşkil edir.
Satıcılar isə süni şəkildə baha qiymət təyin edir, alıcının könlünü oxşamaq üçün kəskin endirim adı ilə malı adi satış yerlərindəki qiymətə satır və beləlikdə "yarmarka" anlayışı ortaya çıxır. Dövlət isə satılan məhsulların qiymətinə heç bir müdaxiləe də bilməz, buna onun ixtiyarı da yoxdur. Azad bazar iqtisadiyyatı olduğu üçün istənilən şəxs məhsulu istədiyi qiymətə sata bilər. Yalnız və yalnız qeyd etdiyim məsələdə dövlət yardımçı olarsa qiymətlərdə də endirim müşahidə edilər".