“Porsche” və “Gelandewagen”lər qorxu yaradır

573
“Porsche” və “Gelandewagen”lər qorxu yaradır

Son zamanlar mətbuatda tez-tez  “Porsche” və “Mercedes-Gelandewagen” avtomobillərinin səbəb olduğu qəza xəbərlərinin şahidi oluruq.  Xüsusilə bu tipli avtomobillərin ağır nəticələnən hadisələrdə  adının hallanması insanların fikirlərində müəyyən dəyişiklik yaradıb.

Belə ki, artıq şəhərdə “Porshe” və ya “Mercedes-Gelandewagen” görən piyada bacardığı qədər uzaqlaşmağa və ya daha ehtiyatlı davranmağa çalışır. Əksəriyyət narahatlıq və qorxu hissi keçirir.

Maraqlıdır, insanların canına xof salan səbəblər nələrdir? Bu halların qarşısını almaq üçün nə etmək lazımdır?

Mynews.az-ın məlumatına görə, hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, insanlarda mənfi düşüncələrin formalaşması əsassız deyil: “Son vaxtlar, təəssüf ki, “Porsche” və “Gelandewagen” tipli avtomobilləri sürənlər arasında harın sürücülər daha çox olub. İnsanların bu münasibəti başadüşüləndir. Bu tipli avtomobillərin bir neçə dəfə  qəzaya səbəb olması insanların fikirlərini ümumiləşdirməsinə səbəb olub. Artıq əksəriyyət bu cür avtomaşınların təhlükəli, sürücülərin səriştəsiz olduğunu düşünür.

Lakin statistikaya diqqət yetirsəniz, görərsiniz ki, ağır yol-nəqliyyat hadisələri törədən sürücülərin idarə etdiyi avtomobillər arasında “Porsche” və “Gelandewagen” çox azdır. Amma harın, özünü qanundan yüksək tutan sürücünün məhz həmin avtomobillərlə qəza törətməsi insanlarda qorxu yaradıb. İctimai rezonans doğuran, cəmiyyətdə vahiməyə səbəb olan qəzalardan sonra insanlarda bu cür fikirlərin formalaşması çox normaldır”.

Qəzalarda daha çox iştirak edən avtomobillər hansılardır?

Ekspertin sözlərinə görə,  Azərbaycanda “Porsche” və “Gelandewagen”in sayı azdır: “Qəzalarda ən çox iştirak edən avtomobillər Rusiya, Almaniya və digər dövlətlərin o qədər də baha olmayan avtomobilləridir. Çünki onların sayı çoxdur. Azərbaycanda bir neçə yüz min “VAZ” markalı avtomobil var. Belə olduğu halda, təbii ki, qəzada iştirak edən də daha çox bu cür avtomobillər olur. Sadəcə, son zamanların ağır qəzaları insanlarda xof yaradıb”.

“Harın sürücülərlə bağlı real tədbirlər görmək lazımdır”

Ə.Hüseynov bildirib ki, insanlarda yaranan qorxu və narahatlığın qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir: “Düşünürəm ki, bu stereotipi qırmaq üçün müəyyən tədbirlər görmək lazımdır. Məsələn, qonşu İranda dövlət bu tipli avtomobillərin gətirilməsini qeyri-rəsmi qadağan edib. Tutaq ki, “Gelandewagen” avtomobilinin qiyməti Avropada 150 mindirsə, onu kimsə İrana gətirmək istəsə, bu ona 700 minə başa gəlir. Ağlı başında olan adam isə bu məbləğə avtomobil almır. Bu tipli tədbirlər görməyə ehtiyac var.

Eyni zamanda, insanların gözünü qorxudan harın sürücülərlə bağlı real tədbirlər görülməlidir. Məsuliyyətsizliklə mübarizənin çox üsulları var. Məsələn, həmin adamların maliyyə qaynaqlarını araşdırmaq lazımdır. Düzdür, sürücülər arasında real qazancları ilə avtomobil qazananlar var. Amma təcrübə göstərir ki, belə insanlar arasında şübhəli mənbələrdən gəlir əldə edənlər də mövcuddur. İnsanları qorxudan digər amillərdən biri də budur”.

Qorxu və narahatlığın yaranması təbii prosesdir

Psixoloq Orxan Oruc  qeyd edib ki,  hadisələrin ardıcıllıq təşkil etməsi insanlarda qorxu yaradan əsas amildir: “Bu kimi qorxular yaşanan travmalarla bağlıdır. İnsanlar həmin tipli avtomobillərin dəfələrlə qəzalara səbəb olduğunu görüb və ya hadisənin şahidi olduqları üçün  istər-istəməz eyni hadisənin yenə təkrarlanacağından qorxurlar. Bu cür qorxunun və narahatlığın yaranması təbii prosesdir. Davamlı olaraq qəzalarda adıçəkilən avtomobillər “Porsche” və ya “Gelandewagen” deyil, digər avtomobillər olsaydı, insanlarda yenə eyni stereotip yaranardı. Həmin avtomobili idarə edənlərə də yanaşma eyni cür olur.  Əslində, bunun ağır psixoloji izahı yoxdur”.

Psixoloqun sözlərinə görə qəzalarda birbaşa iştirak edən insanlarda ağır travma halları müşahidə edilə bilər: “Əgər insanlar birbaşa hadisə iştirtakçısı olubsa və ya şahid qismində çıxış edibsə,  bu, insanlarda daha ağır travmaya səbəb ola bilər. Sadəcə, eşitmə və ya uzaqdan məlumat almaq yolu ilə  ağır psixoloji travma keçirmək olmaz.  Bunun baş vermə ehtimalı azdır. İnsanlarda stereotip formalaşması normal psixoloji prosesdir. Bu stereotiplər artıq dəfələrlə eyni hadisələrin baş verməsindən qaynaqlanır və  insanlar hər şeyi eyniləşdirməyə başlayır. Hadisənin əlamətlərini daşıyan  hər şeyə eyni yanaşır və nəticədə bu gündəlik həyatda qorxu yaradır.

Bu cür stereotipləri qırmaq üçün insan özünü sorğuya çəkə bilər. Yəni bu avtomobillərin heç də hamısı qəzada iştirak etmir və ya bu cür qəzaların baş verməsi onun dəfələrlə təkrarlanmasına səbəb deyil. Əgər insan hadisə iştirakçısı olub və qorxu bundan sonra yaranıbsa, bu zaman psixoloqa müraciət etmələri mütləqdir”.

Xəbər lenti