Azərbaycanda yay turizmi mövsümü müddəti davam edir. Məlum olduğu kimi insanların böyük hissəsi yay fəslində istirahət üçün bölgələrə üz tutur. Yerli turistlər üçün dağda və meşədə sərinlənmək daha maraqlıdır.
Həmin yerlərdən biri də Quba rayonunun Qəçrəş kəndidir, eyni adlı meşəsidir. Amma turistlərin Qəçrəş meşəsini məişət tullantıları ilə çirklədirməsi yerli sakinlərin narahatlığına səbəb olub.
“Sizə göndərdiyim videogörüntünü Qəçrəş meşəsində çəkmişəm. Bu görüntünü çəkməkdə və müraciətimdə məqsədim istirahət etmək üçün bölgələrə gələn vətəndaşları təmizliyə riayət etməyə çağırmaqdır”,-deyə Quba sakini Taleh Umudov bildirib.
O, müraciətində meşəyə məişət tullantılarının meşə ərazilərinə atılmasını qınayıb və hər kəsi təbiəti qorumağa çağırıb: “Gözəl görünüşlü bu yer çoxuna tanış gələn Qubanın Qəçrəş meşəsidir. Bu gözəlliyi çirkləndirirlər. İstirahətə gələn vətəndaşlar qidalanmaq üçün gətirdikləri məhsulların qablarını burada qoyub gediblər. Sanki onların atdığı tullantıları kimsə təmizləyib daşıyacaq. Burda “təbiəti qoruyaq” yazılıb. Amma təbiəti qorumaqdan əsər-əlamət belə yoxdur. Bunu ərəblər deyil, öz vətəndaşlarımız edib”.
Qeyd edək ki, rayon mərkəzindən Qəçrəş kəndinə olan məsafə 12 km-dır. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. Kənd demək olar ki hər tərəfdən meşə ilə örtülüb. Çoxlu sayda təbii bulaqlar var. Zəngin bitki aləmi var. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü, və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudiyal çayında isə qiymətli balıq növü olan çapaq balıq tutmaq mümkündür.
Mynews.az Quba sakini Taleh Umudovun göndərdiyi videonu təqdim edir: