Əlləri qabarlı, ürəkləri dərdli. Heç birinin üzü gülmür. Birinin həyat yoldaşı ölüb, birinki həbsdədir, başqa birininki isə…
“Qadın qul bazarı” haqqında yəqin ki, eşitmisiniz. Maştağa qəsəbəsində yerləşir, “Xəyal” Ticarət Mərkəzinin düz qarşısında. Yerləşir deyəndə ki, 20-30 nəfər qadın avtobus dayanacağından bir qədər aralı yığılıb iş gözləyir. Gözləyir ki, kimsə evində, istixanasında, həyətində, bağında iş gördürmək üçün onları aparsın.
Əlləri qabarlı, gözləri nəmli, baxışları fikirli onlarla qadın… Burda hər yaşda qadın var. 19 yaşlı Günel də, 60 yaşlı Məsumə xala da burada iş tapmaq üçün gözləyir.
Onlara yaxınlaşmaq o qədər də asan deyil. Çünki kimsə yaxınlaşanda ürəklərində “bəlkə işçi axtarır” ümidi yaranır. Qarşına gəlib, “Mən nə iş olsa, işləyərəm” deyirlər. Utanırsan onları əliboş qaytarmağa. Onların arasında olmağın bir yolu var: onlar kimi olmaq.
Mən də onların vəziyyətini daha yaxından anlamaq üçün aralarına qatıldım. “Xəyal”ın qarşısına çatanda saat 08.20 idi. Hələ 2-3 üç qadın gəlmişdi. Dedim ki, mənim də işə ehtiyacım var. Yoldaşımdan boşanmışam, iki övladımı saxlaya bilmirəm. Əvvəlcə mənə təsəlli verdilər. Sonra da dedilər ki, “gözlə də, Allah böyükdür bəlkə iş ola…”
Və beləcə, gün başladı. Saat 9-da artıq əraziyə 20-yə yaxın qadın yığılmışdı. “İş verəcək” adamlar isə hələ də yaxınlaşmaq bilmirdilər. Yavaş-yavaş, onların dərdini dinləməyə başladım…
İş üçün buraya gələn Dilbər Ağayeva deyir ki, həyat yoldaşı 2 il öncə həbs edilib. İki övladı ilə yaşlı qayınanasının ümidinə qalan Dilbər, məcburiyyət qarşısında qaldığı üçün evlərə işləməyə gedir.
“19 yaşında ailə qurmuşam. Yoldaşım 2 il əvvəl kiminləsə dalaşmışdı. Həbs edildi. Qaldım iki uşaqla. Qayınanamın təqaüdü ilə dolanırdıq. İndi uşaqlar bir az böyüyüb. Saxlaya bilmirəm” — deyir.
Dilbər evlərdə günü 20 manata işlədiyini diqqətə çatdırır. Elə gün olur ki, təkcə evlərdə deyil, həyətlərdə də işləyir. Amma problem ondadır ki, iş hər gün olmur: “Həftədə 2-3 dəfə iş tapa bilirəm. Uşaqlarıma qayınanam baxır. Mən cavan olduğumdan, məni iş üçün aparan çox olur. Qocalar güclə iş tapırlar”.
Gənc qadın çox zaman gündə bir dəfə yemək yediyini söyləyir. Deyir, evlərdə ona nə yemək, meyvə versələr, saxlayıb evinə, körpələrinə aparır.
Narıngül Quliyeva əslən Zəngilan rayonundandır. Sözlərinə görə, 3-4 il olar ki, Maştağa qəsəbəsində yaşayır. 62 yaşı var. Deyir ki, hələ təqaüd almır. Başqa iş yerlərində isə onu “yaşlı” olduğu üçün işə götürmürlər.
“Ay qızım, vallah, çox çətindir. Pensiya istəyirəm, deyirlər yaşın çatmır, iş istəyirəm, deyirlər qocasan. Mən hələ bilmirəm nəyəm. Gedirəm evlərdə iş görürəm, “parniklərdə” işləyirəm, 20-30 manat qazanıb özümü saxlayıram” — Narıngül xala danışır.
Bu qadın ailə həyatı qursa da, övladı olmayıb. Həyat yoldaşı çox yaşlıdır. Dediyinə görə, həyətdə güclə gəzə bilir. Narıngül xala qazancı ilə onu da saxlayır, özünü də.
Qadınlarla söhbət etdikcə, onların necə çarəsiz vəziyyətdə olduğunun şahidi olursan. Söhbətin maraqlı yerində yolun kənarına bir avtomobil yaxınlaşır. Dilbər və iki qadın tələsə-tələsə sürücüyə yaxınlaşırlar. Uzaqdan eşidirəm ki, adama yorğan-döşək sırımağa qadın lazımdır. Dilbər və digər bir qadın da avtomobilə əyləşib gedir. Üçüncü qadın başını aşağı salıb, qanıqara halda geri qayıdır.
Deyir ki, “qızları apardılar, mənə ehtiyac qalmadı”. Sözlərindən belə başa düşürəm ki, iş üçün gələn adam qadınlara 2 günə hərəsinə 50 manat vəd edib.
Saat 09.30-da daha bir avtomobil əraziyə yaxınlaşır. Bu dəfə Narıngül xala deyir ki, “bala, yazıqsan, özünü qabağa ver, yoxsa sənə kimsə yaxınlaşıb iş verən deyil”. Sonra da qolumdan tutub mənimlə birlikdə avtomobilə yaxınlaşır.
Bu dəfə yas mərasimində qabları yumaq lazım idi. Qadın bütün gün üçün 20 manat təklif edir. Narıngül xala razılaşır. Avtomobildə oturan qadın məndən “sən getmirsən?” deyə soruşur. “Yox, bir gün üçün 20 manat azdır. 30 versəydiniz, gedərdim” deyirəm. Qadın Narıngül xalanı da götürüb, gedir.
Qayıdıb, qadınları bir qədər də müşahidə edirəm. Əlləri qabarlı, ürəkləri dərdli. Heç birinin üzü gülmür. Birinin həyat yoldaşı ölüb, birinki həbsdədir, başqa birisinin yoldaşı isə işləmək istəmir. “Qadın qul bazarı”nda ən dərdli, ən çarəsiz qadınlar yığılıb. Zaman keçdikdə iş tapmadıqları üçün ərazidən uzaqlaşırlar. İki qadın isə getmək istəmir. Gözləyirlər, “bəlkə kimsə gəldi” deyə.
Qadınlar deyirlər ki, burada ən gec 10.30-a qədər iş tapmaq olur. Sonra heç kim işçi üçün yaxınlaşmır. Bir qədər də dayanıb, sağollaşıb ərazidən uzaqlaşıram. “Qadın qul bazarı”… Acınacaqlı səslənsə, də bura onların ümid yeridir!