340 milyonluq böyük korrupsiya işinin yeni detalları üzə çıxır.
İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın miqyası böyüməkdə davam edir. İstintaqa yeni şirkətlərin cəlb olunması haqqında məlumatlar gəlməkdədir. Artıq bu istintaq işində adı keçən şirkətlərin yerləşdikləri ölkələrin ən yüksək səviyyəli rəsmiləri məsələyə münasibət bildiriblər. Belə görünür ki, İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat yekunlaşmaqdadır.
İsveç prokurorları Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” rəsmi ittiham irəli sürəcəklər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Hələlik həmin məmurun adı açıqlanmır. Bundan əvvəl isə mətbuatda İsveç Baş Prokurorluğunun apardığı təhqiqatda adı hallanan məmurlar kimi Ziya Məmmədov və Arif Əsgərovun adları ehtimalla çəkilirdi. Sabiq şefi kimi işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun adı İsveçin “Bombardier” şirkətinin adı keçən 56 milyonluq yeyintidə hallanırdı. 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı daim böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdi. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı.
Bu məsələ haqda “Yeni Müsavat” yazandan sonra A.Əsgərov üzə çıxdı və dedi ki, onu bu iş üzrə istintaqa çağırmayıblar. Bu qalmaqallı olayın toz-tozanağı yatmamış, İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.
Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən, şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200″ siqnal sistemlərini quraşdırmalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə ”İnterflo 200” siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır.
Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib. Həbs olunan Yevgeni Pavlovdur. Onun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir.
Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.
Bu məmurların kimliyini bilmək üçün Artur Konan Doylun əsərinin qəhrəmanı Şerlok Holmsa ehtiyac varmı?