Bakıdakı evini 3 manata, doğma qızını 30 manata satmış qadın

593
Bakıdakı evini 3 manata, doğma qızını 30 manata satmış qadın

1957-ci il təvəllüdlü Suriya Səlimova qızına qarşı aliment iddiası qaldırıb. Tək istəyi dolanmasına köməklik göstərilməsidir.

Suriya Səlimova “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalır. Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin əməkdaşları tərəfindən sığınacağa gətirilənə qədər küçələrdə gecələyib, zibillikdə tullantılarla qidalanıb.

Virtualaz.org-a istinadən 60 yaşlı qadının həyat hekayəsini təqdim edirik.

S.Səlimova 1957-ci ildə Bakının Pirallahı qəsəbəsində anadan olub. 1 yaşımda valideynləri yol qəzasında ölüb. Dayısı bacısının ölümünə dözməyərək, özünü güllələyib. İnternatdan çıxandan sonra ata evinin qohumları tərəfindən mənimsənildiyini görüb. Ailəli olarkən isə Binə qəsəbəsində yaşadığı evini aldadaraq əlindən alıblar.

– Evimi əlimdən aldılar, əvəzində 3 manat verdilər. Pulu alıb bazara getdim, doyunca yemək yedim. Sonradan bildim ki, pul vermək üçün imzaladığım sənəd evi satmaqla bağlı imiş, məni aldadıblar. O gündən küçələrdə gecələyirəm.

– Evini kim alıb?

– Qonşum məni aldatdı. Ac idim, pula ehtiyacım vardı. Sonradan dedi ki, heç kimə şikayət edə bilməzsən, sənədi imzalamısan. Yoxsa səni həbs edəcəklər. Mən də qorxudan evimin geri qaytarılmasını tələb etmədim. Sonradan dedilər ki, avamlığından istifadə ediblər.

– Qızınıza qarşı aliment iddiası qaldırmısınız. Sizə sahib çıxmır?

– İnternatdan çıxanda 17 yaşım vardı, ata evinə getdim, qapıdan qovdular. Sonra fabrikdə işə düzəldim, orada bir kişi ilə tanış oldum, məndən 13 yaş böyük idi. Ailəsi razı olmasa da, ailə qurduq, qızım doğuldu. Qızımın 1 yaşı olanda uşağı əlimdən aldılar, dedilər ki, biz tanınmış ailəyik, internatda böyümüş birini gəlin kimi qəbul edə bilmərik. 19 yaşımda yenə də küçəyə atıldım. Ailə həyatı uğursuzluğumun davamı oldu.

– Sonra?..

– Xəstəxanada xadimə işləyirdim, sağ olsunlar, gecələr boş palatalarda yatmağa icazə verirdilər. Həftədə bir neçə dəfə qızımı görə bilirdim. Sonra ikinci dəfə evləndim, qızımla görüşməyə imkan vermədilər. İndi imkanı yaxşıdır, vəzifədə işləyir. Artıq illərdir qızımı görmürəm. İkinci dəfə ailə həyatı qurdum, bu dəfə də 30 manat verib qızımı əlimdən aldılar.

– Kim aldı? İkinci ailəniz də dağıldı?

– İkinci dəfə rəsmi ailə qurmadıq, bir yerdə yaşamağa başladıq. Hamilə qalandan sonra uşaqdan imtina etməyimi istədi. Dedi ki, uşaq onun üçün əngəldir. Mən isə uşaqdan imtina etmədim, beləcə onunla ayrıldıq. İkinci qızım doğuldu. Amma tək və çarəsiz qalmışdım. Sonsuz olan müəllimə tanışım vardı, dedi ki, uşağı mənə övladlığa ver, onunla hər gün görüşməyinə imkan verəcəm. Pul da verdi, dedi özünə paltar al, doyunca yemək ye. Beləcə uşağı ona verdim. Amma uşağı alandan bir neçə gün sonra körpənin öldüyünü dedi. Sonradan Bakıdan köçüb getdi və məni ömürlük müəmma, vicdan əzabı ilə qoydu. Bəlkə də bir az dözümüm olsaydı, uşaqlarımı heç kim əlimdən ala bilməzdi. Kimsəsiz böyüməyim, aclıq məni çarəsiz qoydu. 34 yaşım olanda 66 yaşlı bir kişi ilə ailə qurdum, amma bu dəfə də alınmadı. Kişi qonşunu bıçaqlayaraq həbs olundu. Binə qəsəbəsindəki evimizi də aldadıb əlimdən aldılar.

– Bəs sığınacağa necə gəldin?

– Küçədə qalanda kənardan baxanlar məni bomj, sərxoş sanırdılar. İnsanların arasında səfil, dəli kimi yaşamaq daha rahatdır, heç kimin səninlə işi olmur. İstidə, bir də çox soyuqda çətin olurdu. İndi qızım mənə pul ödəsə, çörəkpuluna xərcləyəcəm.

Xəbər lenti