Bir neçə gün əvvəl İnzibati Xətalar Məcəlləsinə edilən və 1 iyul 2017-ci il tarixindən qüvvəyə minəcək dəyişikliklər dayanma-durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin evakuasiya olunması məsələsində də ciddi dəyişiklik nəzərdə tutur. Məcəlləyə edilən dəyişikliyə əsasən, dayanma-durma və parklanma qaydalarının pozulduğu yalnız aşağıdakı hallarda sürücüsü yanında olmayan avtomobil DYP tərəfindən evakuasiya edilə bilər:
1) həmin nəqliyyat vasitəsi yol hərəkətinə maneə yaratdığı hallarda;
2) həmin nəqliyyat vasitəsi piyadaların hərəkətinə maneə yaratdığı hallarda;
3) həmin nəqliyyat vasitəsi ödənişli parklanma yerində 24 saatdan artıq duracağa qoyulmuş olduqda.
Məcəllənin 124-cü maddəsinə əlavə edilən “Qeyd”də birinci iki hala anlayış verilməsinə cəhd də olunub. “Qeyd”də verilən anlayış belədir: “Yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə, dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür.
Yuxarıdakı iki halın kifayət qədər mücərrəd olduğu aydın şəkildə görünür. Çünki yol hərəkətinə və piyadalara mane olmanın meyarı kimi işlədilən ifadələr (tıxac yaranmasına səbəb olma; digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırma) qiymətləndiricidir, yayğındır və elə anlayışın özü qədər mücərrəddir. Ona görə də bəri başdan deyə bilərik ki, bu dəyişiklik dayanma və durma qaydalarını pozmuş sürücülər üçün heç bir yenilik vəd etmir: evakuasiya ilə bağlı vəziyyət necə idisə, elə də qalacaq.
Parklanma yerində 24 saatdan artıq duracağa qoyma isə hər kəsə aydındır. Burada söhbət avtomobilin parklanma yerinə daxil olmasından sonra 24 saatdan artıq müddətin keçməsindən gedir.
Maraqlı dəyişikliklərdən biri də odur ki, dayanma-durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitəsi yalnız qaydanın pozulduğu yerdə patrul avtomobilindəki bort-kompüter vasitəsilə elektron protokol tərtib edilməklə cərimə meydançasına aparıla bilər. Belə protokola mütləq foto və ya videoçəkiliş aparıldıqdan sonra tərtib edilməlidir. Yalnız protokol tərtib edildikdən sonra evakuasiya həyata keçirilməlidir.