İstintaq Təcridxanasından ev dustaqlığına buraxılan mərhum "qanuni oğru" Rövşən Lənkəranskiyə (Rövşən Canıyev) yaxın dəstənin üzvləri Nijni Tagildə yeni qüvvə ilə qarışıqlıq salmağa başlayıblar.
Mynews.az saytı modern.az-a istinadən xəbər verir ki, 2016-cı ilin avqust ayında təcridxanaya göndərilən qruplaşma üzvləri 2017-ci il fevral ayının əvvəlində ev dustaqlığına buraxılıblar.
Bu addımın atılmasına səbəb dəstə üzvlərinin 5 epizod üzrə soyğunçuluqda təqsirlərini boyunlarına alaraq istintaqla sövdələşməyə getmələri olub.
Digər mənbə isə dəstə üzvlərinin azadlığa çıxmalarının səbəbini prokurorluğun və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşları arasında təsiredici himayəçilərinin olması ilə izah edir.
Həmin mənbənin dəqiqləşdirdiyi məlumata görə, qruplaşmanın 9 üzvü - Telman Vəliyev, Orxan Muradov, İlkin Əbilov, Xıdır Hacıyev, Asim Abbasov, Vidak Maskal, Şəhriyar Əliyev, Eduard Traksel və Roman Lenkov - azadlığa çıxıb.
Məhkəmə istintaq təcridxanasında yalnız İsa Əbilovu saxlayıb.
Qeyd edək ki, bu dəstənin üzvlərinin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Onlar quldurluqda və iş adamlarından zorakılıqla pul almaqda təqsirkar bilinirlər. Onların Nijni Tagildə törətdikləri cinayətlər barədə elə zərərçəkənlər özləri ifadə veriblər.
Dəmir barmaqlıqlar arxasından buraxılan Rövşən Lənkəranskinin adamları təkcə bir neçə işi axıra çatdırmaq yox, həm də satqınları cəzalandırmaq niyyətindədirlər.
Belə ki, fevralın 5-də quldurlar qəzaya uğrayan avtomobili naməlum istiqamətdə aparmaq istəyəndə yenidən həbs ediliblər. Lakin onlar sonradan Nijni Tagilin Lenin polis şöbəsindən sərbəst buraxılıblar.
"Lənkəranski"nin dəstəsindən zərər çəkən biznesmenlərdən biri onlarla əlaqəsinin tarixindən danışıb.
Özbəkistandan olan Ukukbek Nazarovun Nijni Tagildə şəxsi stamatoloji klinikası olub. Klinika ona sabit gəlir gətirib və yerli quldurların diqqətini cəlb etməyə bilməzdi.
Nazarova himayəçilik təklif olunub - iş adamı bir neçə il boyunca cinayətkarlara ayda 40 min rubl ödəyib. Klinika daha uğurlu fəaliyyət göstərəndə quldurlar "xidmətləri" əvəzində 150 min rubl tələb ediblər. Nazarovun hövsələsi tükənib və himayəçilərini söyüşlə daha uzağa göndərib. Buna görə də əvəzini ödəyib.
Ötən il yanvarın sonunda quldurlar onu narkotiklə uyudaraq qaçırıblar. Nazarovu zirzəmiyə gətirib uzun müddət döyüblər və 25 dərəcə şaxtada üstünə quyudan su çıxarıb töküblər.
Bundan sonra biznesini iki nəfərin - Oksana Menşovanın və Əhməd Gəlməsovun adına keçirməyə məcbur ediblər. Nazarov iki gün əsarətdə saxlanıldıqdan sonra Yekaterinburq şəhəri ətrafında sərbəst buraxılıb.
2016-cı ilin yayında Menşovanı və Gəlməsovu əməliyyatçılar saxlayıblar. Qeyd etmək lazımdır ki, Nazarovdan biznesini əlindən almaq mümkün olmayıb. Ona görə ki, klinikanın ərazisi stamatoloqa məxsus deyilmiş, bu səbəbdən onun imzaladığı sənədlərin heç bir qüvvəsi olmayıb.
Quldurlar mübarizəni artıq bu ilin fevralında - təcridxanadan buraxılmalarından iki gün keçməmiş davam etdiriblər.
Cinayətkarlar Nazarova onun ərazisində başqa stamatoloqun işləyəcəyini elan ediblər. İş adamı çölə atılıb.
İş adamının fikrincə, baş verənlərin hamısında həmin Əhməd Gəlməsovun - 2016-cı ildə onun biznesini adına yazdırmaq istədikləri şəxsin əli olub.
Nazarovun klinikası hazırda işləmir, biznesmen özü isə onu incidənlərin məsuliyyətə cəlb edilməsinə cəhd göstərir. O, Vladimir Kolokoltsevə, Yuri Çaykaya, Aleksandr Bastrıkinə, hətta Vladimir Putinə ərizə ilə müraciət edib.
Nijni Tagildə vəziyyət həqiqətən dəhşətli və qorxuludur.