5 yaşlı uşağını öldürən dini sekta üzvü qadının məhkəməsində şahidlər ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahidlər ifadə verib. Dəhşətli qətli törədən Nazilə Qulubəyova Bakıdakı dini təriqətlərdən birinin üzvü olub. Qadın 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Balaca Fərid Quluzadənin meyiti mənzildə aşkar olunub. Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü bildirilib. N.Qulubəyova “pis ruhları çıxarmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə, azyaşlı ölüb. İlkin dindirilmə zamanı qadın oğlunun bədənindən “şər ruhu” qovmaq üçün əski ilə boğduğunu etiraf edib. N.Qulubəyova “Üzüm sahəsi və İsa peyğəmbər” sektasının üzvü olub. Bu sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlər. Bu, Azərbaycanda yeni sektadır və “Yəhova şahidləri”nə aidiyyəti yoxdur. Sekta və onun rəhbəri üzvlərin pulu hesabına fəaliyyət göstərir.
Qətldən iki gün əvvəl Nazilə Qulubəyovaya bir şüşə çaxıra bənzər maye və çörək veriblər, “bu İsanın qanıdır” deyiblər. Qadın da həmin mayeni içib, sekta üzvləri ilə birgə İsa peyğəmbəri çağırmaqla bağlı mahnı oxuyanlara qoşulub. Bu anda İsa peyğəmbərin işıqlı simasını gördüyünü sekta üzvlərinə deyib.
“4 ildir həmin cəmiyyətin toplantısına gedirəm, İsa Məsihə inanıram”
Şahid qismində ifadə verən Qayıbova ifadə verib. bildirib ki, Nazilə Qulubəyovanı bir dəfə görüb: “Onda da o, Rüstəmlə təzə evlənmişdi. Bacımgilin evində tanış olduq. Sonra onu Yahova Şahidlərinin toplantısında gördüm. Naziləyə toplantı barədə bacım danışmışdı. Nazilə də getmək istədiyini bildirmişdi.
Mən özüm 4 ildi həmin cəmiyyətin toplantısına gedirəm, İsa Məsihə inanıram. Bazar günü getmişdik. Nazilə də bacımla gəldi. Cəmiyyətdə oturub dini ayinlərə qulaq asdıq”.
Tahirə Qayıbovanın sözlərinə görə, Nazilə Qulubəyova hadisədən əvvəl ona sosial şəbəkədə videolar atıb: “Nazilə bir dəfə cəmiyyətdə olmaqla çox şey bilirdi. O, deyəsən, əvvəllər təlim keçmişdi. Bizə elə şeylər danışırdı… Baxırdıq ki, bəzi yerlərdə səhv edir, amma çoxusunu düz deyir. Cəmiyyətdən çıxandan sonra bizim nömrəmizi təkid edərək aldı. Uşağının xəstə olması ilə bağlı bacıma yazmışdı. Bu barədə də mənə bacım dedi. Uşağının qızdırması olduğunu söyləyibmiş”.
“Daha əvvəl o, əri Rüstəmin üzünü cırmaqlamışdı”
Digər şahid Sima Xaliqi deyib ki, Nazilə Qulubəyovanın həyat yoldaşı ilə əri birgə oxuyub: “Bir neçə dəfə ailəvi görüşmüşük. Mən cəmiyyətə gedib dua edirdim. Depressiyalarım olurdu. Ora gedib dua edib, qayıdırdım. Cəmiyyətə bir Naziləni, bir də başqa bir qadını aparmışam. O, bizə gəlmişdi, halı yaxşı deyildi. Dedim, cəmiyyətə gedə bilərsən. Bir müddətdən sonra zəng edib cəmiyyətə gedib-getmədiyimi soruşdu. Ona “hə” dedim, sonra birgə getdik. Cəmiyyətə gedəndən sonra Nazilə mənə telefonda 3-4 video göndərmişdi. Onlara heç baxmadım. Cəmiyyətə gedib, dua edirdim. Əvvəllər yoldaşım ora getməyə qoymurdu. Sonra razılaşdı. Cəmiyyətdən qayıdandan bir qədər sonra Nazilə zəng etdi. Əvvəl uşağının özünü pis hiss etdiyini, sonra öldüyünü söylədi. Bacıma zəng edərək bu barədə xəbər verdim. Telefonda Naziləyə heç bir dini ayin keçirmək barədə danışmamışam”.
Sima Xaliqinin sözlərinə görə, Nazilənin psixi problemləri olduğunu bilib: “Daha əvvəl o, əri Rüstəmin üzünü cırmaqlamışdı. Əri ondan ayrılmaq istəyirdi. Ailələrində problemlər vardı. Mən onu cəmiyyətə aparmamışdan əvvəl gecələr qalxıb uşağına dualar oxuyurmuş. Hadisə günü əri Nazilənin telefonuna zəng edib. Lakin o, götürməyib. Bacım və Səbinə də Naziləyə zəng etsə də, telefonu götürməyib”.
Şahid qeyd edib ki, hadisə günü Nazilə Qulubəyovanın həyat yoldaşına zəng edib: “Rüstəmdən soruşdum ki, Nazilə haradadı, bilmədiyini söylədi. Evlərinə gələndə isə FHN əməkdaşları və polislər var idi. Hadisədən sonra cəmiyyətə daha getmirəm. Evdə dua edirəm”.
“Nazilənin özü bizə yaxınlaşdi və “Sənə Allahdan bir məktubum var” dedi”
Hakim təqsirləndirilən şəxsdən şahidə sualı olub-olmadığını soruşub. Nazilə Qulubəyova isə əl-qolu ilə qeyri-adı hərəkətlər edib.
Daha sonra şahid qismində ifadə verən Səbinə Pənahova bildirib ki, Nazilə Qulubəyovanı cəmiyyətə gələndə tanıyıb: “Hazırda üzüm bağı olan cəmiyyətə getmirəm. Hadisə günü Naziləgilin evinin qabağına getmişdik. Ora FHN və polis əməkdaşları yığılmışdı. Qapını güclə açdılar”.
Digər şahid Emil Pənahovun sözlərinə görə, Nazilə Qulubəyovanı bir dəfə görüb, amma tanımır: “Onu cəmiyyətə Sima gətirmişdi. Orada dua edirdik. Cəmiyyətdən çıxandan sonra Nazilənin özü bizə yaxınlaşdi və “Sənə Allahdan bir məktubum var” dedi. Onu yola verdim getdi. Uşağın ölüm xəbərini hadisədən sonra eşitdim”.
Şahid qeyd edib ki, cəmiyyət Bakıda otellərin birində toplaşıb: “Biz cəmiyyətdə üzüm şirəsi içirdik. İsa Məsihin dualarından oxuyurduq. Hadisədən sonra toplantı bağlandı. Otel rəhbərliyi buna imkan vermədi”.
Növbəti proses sentyabrın 6-da davam edəcək.