Azərbaycanın paytaxtı köçürülür? AÇIQLAMA

681

“Daşkəsən Azərbaycanın paytaxtı olmağa əlverişli rayon deyil. Ancaq iqtisadi və turizm mərkəzi kimi əhəmiyyətli rayondur”.

Azərbaycanın paytaxtı köçürülür? AÇIQLAMA

Mynews.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev sosial şəbəkələrdə Daşkəsənin paytaxt kimi adının hallandırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

Ə.Abıyev bildirib ki, Daşkəsən yaxşı turizm və kənd təsərrüfatı rayonu hesab olunur:

“Daşkəsən ucqar dağ rayonudur. Bura heç cür paytaxt şəhəri ola bilməz. Çünki Daşkəsən ucqar dağətəyi rayondur. Həm də buranın qışda iqlim şəraiti çox sərt olur. Ancaq istehsal üçün çox əlverişli rayondur”. 

İcra başçısı vurğulayıb ki, Daşkəsən həm də dünyada və Azərbaycanda zəngin faydalı qazıntılara malik olan məkandır:

“Hazırda rayonumuzda həm əlvan, həm də qara metallurgiya ehtiyatları mövcuddur. Bu ehtiyatlarına görə Daşkəsən Azərbaycanın yeganə rayonudur. Keçmiş Sovet İttifaqı dövründə də Daşkəsən dəmir filizi, qızıl və əlvan metallurgiya ehtiyatlarına görə seçilib. Bu yaxınlarda cənab Prezident tərəfindən də Daşkəsəndə kompleks mettalurgiya zavodlarının açılması, filiz saflaşdırılması kombinatlarının işə düşməsi ilə bağlı Sərəncam imzalanıb. Bütün bunlara görə də Daşkəsən təkcə regionda deyil, dünyada Azərbaycana iqtisadi gəlir gətirən perspektivli rayonlardan biridir. Bütün bunlarla bağlı hazırda müvafiq işlər görülür. İnşallah cənab Prezidentimizin rəhbərliyi altında bütün bu müəssisələr 2018-ci ildə işə düşəcək. Bu yaxınlarda yeni avadanlıqların alınması və filiz kombinatının özəlləşdirilməsi ilə bağlı işlər yekunlaşacaq, qızıl zavodu işə düşəcək. Hətta, bu müəssisələrin işə salınması və açılış mərasimlərində cənab Prezidentin də iştirakı nəzərdə tutulur. Bütün bunlar Azərbaycan üçün böyük iqtisadi gəlirlər gətirəcək. Bununla da Daşkəsən Azərbaycanın ən gəlirli rayonlarından birinə çevriləcək”. 

Ə.Abıyev qeyd edib ki, hazırda ölkə başçısının müvafiq tapşırığı ilə “Yeni Daşkəsən” layihəsi də həyata keçirilir: 

“Hazırda uğurla həyata keçirilən “Yeni Daşkəsən” layihəsi ilə əlaqədar olaraq əhalini narahat edən bütün sosial məsələlərin sistemli surətdə həllinə xüsusi diqqət yetirilir. Hazırda bu və ya digər məsələlərin həlli üçün əsaslı tədbirlər görülür. “Yeni Daşkəsən” layihəsi də məhz bu cür həlli vacib məsələlərdən yaranıb. Odur ki, daşkəsənlilər bu mühüm layihəni yeni həyatın başlanğıcı hesab edirlər. “Yeni Daşkəsən” layihəsi həm də turizmin inkişafına xidmət edir. Bilirsiniz ki, Daşkəsən ölkəmizin ən səfalı guşələrindən biridir. Ona görə də yaxın illərdə Daşkəsən Azərbaycanın ən varlı rayonlarından birinə çevriləcək”.

Ə.Abıyev qarşıdan gələn Qurban bayramı münasibətilə də insanları təbrik edib:

“Rayon İcra Hakimiyyətinin başçısı olaraq Qurban bayramına hazırlaşırıq. Bayram günlərində imkansız və şəhid ailələrinə baş çəkəcəyik, onlara bayram sovqatı paylayacağıq. Bundan başqa, Daşkəsəndə yerləşən xeyr-şər evində onlar üçün bayram süfrəsi açılacaq, şəhid, imkansız, kasıb ailələrə, uşaq baxçalarına Qurban ətləri paylanılacaq. Fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevi və ailəsini, bütün daşkəsənliləri qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edirəm. Allah Prezidentimizi qorusun, onu xalqımızın başından əskik etməsin!”.

Xəbər lenti