"Qayınatam gecə jurnalistlə məni evə salıb, qapını bağladı" 4 GECƏDİR ÇÖLDƏ QALAN GƏLİN

761
"Qayınatam gecə jurnalistlə məni evə salıb, qapını bağladı" 4 GECƏDİR ÇÖLDƏ QALAN GƏLİN

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi, bina 5v, mənzil 16-da yaşayan Seyidova Gülnarə Elbrus qızı övladı ilə birlikdə küçəyə atılıb. Hazırda qadın qızı ilə birlikdə yaşadığı binanın qarşısında küçədə gecələyir. Redaksiyamıza daxil olan şikayət əsasında Publika.az-ın əməkdaşları hadisə yerinə gedib.

G.Seyidova 2007-ci ildə Seyidov Əbdül Ədalət oğlu ilə rəsmi şəkildə ailə qurub. 2008-ci il qızları olub. Sözügedən evdə qeydiyyata salınmayan Gülnarə deyir ki, başına belə işlərin gələcəyi heç vaxt ağlına gəlməyib:

"Binəqədi rayonu, 2-ci mədən, korpus 75, ev 105 də qeydiyyatda olmuşam. Ailə qurandan sonra bu ünvandakı torpaq sahəsini bizə pay olaraq verdilər ki, orada ev tikək. Həmin o torpaq mənim qayınanamın anası Qrunina Lyudmilanın adına olub. 2015-ci il avqust ayında qadın dünyasını dəyişib və həmin torpaq nəvələri arasında yəni, mənim yoldaşımla onun xalası oğlu arasında bölüşdürülüb. Həmin ilin sentyabr ayında məni inzibati-iqtisadi məhkəməyə çağırdılar ki, guya ölməmişdən qabaq o qadın məni qeydiyyatdan çıxarıb. Amma yalandı, məni qeydiyyatdan yoldaşım Əbdül Seyidov qeyri-qanuni yollarla çıxartdırdı. Qayınanamgil də yalan vədlərlə məni gətirib Hövsandakı evə. Sonra məni nə orda yaşamağa qoydular, nə də burda.

Atam məni öz xalası nəvəsinin evinə gəlin göndərib. Böyüklərin razılığı ilə mən bu ailənin içinə düşdüm. Heç nə deyə bilmədim. Heç vaxt normal ailə münasibətləri görmədim. Qızım dünyaya gələndən sonra isə birtəhər hər şeyə göz yumdum. İstəmədim ailəm dağılsın, qızım atasız böyüsün. Lakin heç nə mən düşündüyüm kimi olmadı. Mən ailə quranda getdiyim ev o qədər şəraitsiz idi ki, yaşamaq olmurdu. Evin döşəməsi belə vurulmamışdı. Yoldaşım və ailəsi dedi ki, burada yaşamaq olmaz, müvəqqəti Hövsanda yaşayın, təmir işləri bitdikdən sonra qayıdarsız ora. Yoldaşım ailə qayğısına qalmırdı. Hər gün söz-söhbət yaşayırdıq. Sonra öyrəndim ki, başqa qadınla münasibətdədir. Bu məsələni üzə çıxartmaq üçün dəfələrlə müraciət etmişəm. Hətta vəziyyət o həddə çatmışdı ki, həmin qadın evimizə zəng edib məni hədələyirdi. Bundan sonra əlimdəki faktlarla televiziyalara müraciət etdim. Amma bu məsələni olduğu kimi işıqlandırmadılar. Bundan sonra hər şey daha da dəhşətli hal almağa başladı”.

Yoldaşı tərəfindən dəfələrlə döyülüb, təhqir edilən Gülnarə qızına görə hər şeyə səbr etsə də, nəticə heç də istədiyi kimi olmayıb. Qadının bu hərəkətindən sonra yoldaşı Binəqədi rayon məhkəməsinə müraciət edərək ondan boşanmaq istədiyini deyib. 7 ildən sonra - 2014-cü il avqustun 29-da rəsmi şəkildə boşanıblar. Gülnarə və qızı Hövsan qəsəbəsindəki evdə qayınana və qayınatası ilə birlikdə yaşamağa davam edib. Hər şey də bundan sonra başlayıb:

"Yoldaşım evdən getdi. Mən qızımla burda qaldım. Hələ boşanmazdan qabaq Binəqədi rayon məhkəməsinə Binəqədi rayonundakı evə köçürülmə ilə bağlı iddia ərizəsi vermişdim. Lakin bu ərizəyə baxılmadı. 3 ildir mən məhkəmələrdəyəm. Əlimdə dəlillər var, polis idarələrinə getmişəm, heç kim bu işə ciddi yanaşmır. Yoldaşım onun əməllərini üzə çıxartmağımdan qorxaraq, məndən boşanıb həmin qadınla ailə həyatı qurdu. Qayınatam əvvəl mənə dəstək olsa da sonra o da məni çətin vəziyyətlərə salmağa çalışdı. Həmin qadın mənim şəxsi nömrəmə zəng edərək deyib ki, ərindən əl çək, onunla mən evlənəcəm. Daha sonra qayınatam onunla danışıb. "Oğlumun ailəsini dağıtma, uzaqlaş" dedikdən sonra qadının anası mənim qayınatamı hədələyib. Bütün bunlardan sonra o məndən dəstəyini çəkdi. Yoldaşım növbəli iş rejimində çalışdığı üçün ayın yarısını işdə keçirirdi, yarısını da o qadının yanında. Vəziyyət o yerə çatmışdı ki, həmin qadın anası ilə bizim evə gəlib mənə hücum etmişdilər. Məni rəsmən qayınanamın gözü qabağında döydülər, o da durub baxdı”.

4 gecə azyaşlı qızı ilə küçədə qalan qadın deyir ki, qayınatası çəkilişə gələn jurnalistlərdən birini onunla birlikdə evə salıb, qapını bağlayıb:

"Mən yox, qonşularım bir neçə media qurumlarına müraciət edib. Şikayət əsasında gecə saatlarında gələn jurnalist evə girib sənədlərin şəklini çəkmək istəyirdi. Qayınatam da evdə idi. Mən evdə ola-ola həmin adamı evə salıb özü çöldən qapını bağladı. Mənim adıma, namusuma ləkə yaxmaq istəyirdilər ki, özlərini təmizə çıxartsınlar. Mən artıq bilmirəm ki, öz haqlarımı harda axtarım...”

2006-cı ildən evdən çıxarılması üçün iddia ərizəsi verən ailənin məhkəmə prosesi bu il yekunlaşıb. İcra nümayəndələri məhkəmə qərarı əsasında qadını və qızını evdən çıxarıblar. Qeydiyyatda olmadıqları üçün evdən çıxarılan ana və qızı hazrda qonşu evində qalırlar:

"4 gündür küçədə qalıram. Bu binanın qonşuları bilir. Sağ olsunlar, məni tək qoymadılar. İstədiyim tək şey qızıma yaşamağa bir ev versinlər. Bir otaq, bir pəncərə. Sabah məni maşın vursa, ölsəm, qızıma heç kim baxmayacaq. 1 ildən çoxdur atası heç maraqlanmır ki, uşaq hardadı, necədir?”

Qeyd edək ki, hazırda Gülnarə Seyidova heç bir yerdə çalışmır. Dolanışıqlarını qonşunun uşağına baxmaqla təmin edir.

Hüquqşünaslar isə qeyd edir ki, bu məslənin hüquqi perspektivi yoxdur.

Publika.az-a mövzu ilə bağlı aydınlıq gətirən hüquqşunas Zaman Səmədov qeyd edib ki, 2000-ci ilin sentyabrından etibarən yaranan hüquq münasibətləri qüvvədə olan mülki məcəllə ilə tənzimlənir:

"Qüvvədə olan "Mülkü Məcəlləyə" görə, həmin iddiaçı xanım ailə sırasına daxil olmadığına görə onun sözügedən mübahisəli mənzildən istifadə hüququ yoxdur. Bu səbəbdən Ali Məhkəmə və digər yerli qurumlar iddiaçının ev ilə bağlı tələblərini rədd edib. Bu zaman xanım, mülkiyyətçi hesab olunan xanımla (qayınanası Seyidova Nelya Liparitovna ilə) notorial qayda mübahisəli evdən istifadə hüququna dair razılıq əldə etməli idi. Həmin ərizə isə öz növbəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalı idi. Bu və xanımın həmin mənzildə qeydiyyatı olmadığına görə, mənzildən istifadə hüququ ola bilməz. Təəssüf ki, problemlərin hüquqi tərəfi yalnız və yalnız rəsmi sənədlər üzərindən aparılır.

Burada hər hansı vədlər, şifahi sözlər heç bir rol oynamır. Övladına gəldikdə isə iki tərəf boşanma ərizəsi ilə məhkəməyə müraciət edibsə, hakim burada 3 əsas məsələnin həllini qeyd edir: nikahın pozulması, uşağın valideynlərindən hansının yanında qalacağı və aliment məsələsi. Rəsmi qaydada yaşayış minimumu ilə bağlı qanuna müvafiq olaraq 136 manat 60 qəpik (və ya 137 manat) aliment ayrılmalıdır. Yaşayış səviyyəsini nəzərə alaraq, qadının alimentin miqdarının artırılması üçün hər hansı bir müraciət etmək hüququ var. Ailənin 18 yaşından kiçik övladı olsa da, bu mübahisəli evdən pay almaq haqqını təmin etmir. Bu yalnız o halda mümkün ola bilər ki, mülkiyyətçinin vəfatından sonra miras bölgüsü baş versin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik iki cür - qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vəsiyyətnamə olmadığı təqdirdə, miras qanunla nəzərdə tutulmuş formada bölüşdürülür. Belə olan halda, mübahisəli mənzil mülkiyyətçinin övladları arasında bölünür, (məsələn 4 uşaq olarsa, dördə bi pay verilir). Bu şərtlər altında uşağın həmin mənzildə yaşayış hüququ təmin edilə bilərdi".

Mövzuya qayıdacağıq.

Xəbər lenti