Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.
Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da mühüm uğurlar əldə edilib. Dövlətimizin başçısının bu sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, imzaladığı sənədlər və verdiyi tapşırıqlar İKT sektorunun müasir tələblər səviyyəsinə çatmasına hərtərəfli zəmin yaradıb. Bu inkişaf özünü telekommunikasiya qovşaqlarının binalarının əsaslı şəkildə yenidən qurulmasında, ən müasir avadanlıqla təchiz olunmasında da aydın büruzə verir. Cəlilabadda Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasının əsaslı şəkildə yenidən qurulması bu işlərin coğrafiyasının ölkənin hər yerini əhatə etdiyini göstərir. Son dövrlərdə bu sahədə bir sıra mühüm layihələr icra olunub ki, bunlar da, ilk növbədə, əhaliyə yüksək səviyyədə İKT xidmətləri göstərmək üçün hərtərəfli şərait yaradıb. Bu baxımdan “Şəbəkə” xidmət mərkəzlərinin də böyük rolu var. “Şəbəkə” müxtəlif xidmətlərin vahid məkanda cəmlənməsinə şərait yaradıb. Bu isə, ilk növbədə, vətəndaşların vaxt itkisini aradan qaldırmağa, onların vahid məkanda bir neçə əməliyyatı yerinə yetirməsinə geniş imkan verir. Bundan başqa, bu xidmət həm də nağdsız ödənişlər üçün əlverişli zəmin yaradır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunun inkişafı prioritet sahələrdən biri kimi qəbul edilib və bu istiqamətdə olduqca əhəmiyyətli addımlar atılıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Sahəsi 1700 kvadratmetrdən çox olan dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub. Qovşağın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Qovşağın birinci mərtəbəsində “Şəbəkə” xidmət mərkəzi yaradılıb. Nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bir məkanda təqdim ediləcək. “Şəbəkə” xidmət mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, poçtap xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlər təqdim olunacaq. Sahəsi 450 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Ən son texnoloji tələblərə uyğun avadanlıqla təchiz olunan mərkəzdə müasir çeşidləmə otağı yaradılıb.
Dövlətimizin başçısına mərkəzdəki elektron hökumət ödəmə sistemi barədə də məlumat verildi. Qeyd olundu ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Mərkəzdəki “Elektron imza” və “Elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, vətəndaşlar mərkəzdən aviabiletlər əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 20:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər. Gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.
Qovşağın binasının inzibati hissəsinin foyesində ulu öndər Heydər Əliyevin siyasəti fəaliyyəti, həmçinin dövlətimizin başçısının İKT sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Qovşaqda fəaliyyət göstərəcək Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə yaradılıb. Ölkə üzrə 15 regionda 17 mərkəz fəaliyyət göstərir. Onlayn təhsil portalı vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.
Prezident İlham Əliyevə respublika üzrə telekommunikasiya qovşaqlarında quraşdırılacaq yeni nəsil avadanlıqlar barədə də məlumat verildi.
Bildirildi ki, telekommunikasiya qovşaqlarının bu avadanlıqlarla təchiz edilməsi nəticəsində xidməti ən müasir səviyyəyə çatdırmaq mümkün olacaq. Azərbaycan Prezidentinin tapşırığına əsasən, regionlarda mövcud telekommunikasiya infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində layihələrə start verilib. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan Dövlət Proqramına uyğun olaraq, ölkə əhalisinin genişzolaqlı internetə çıxışının daha da yaxşılaşdırılması üçün aparılan işlər bütün regionları əhatə edəcək.
Sonda xatirə şəkli çəkdirildi.
***
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.
Diqqətə çatdırıldı ki, burada işlər texnoloji ardıcıllığa uyğun qaydada aparılıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi müasir səviyyədə yenidən qurulub. Avtomobil yolunun tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yol boyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Böyük iqtisadi və sosial əhəmiyyəti ilə seçilən bu layihənin həyata keçirilməsi bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək. Bundan başqa, bu layihənin icrası şimaldan cənuba doğru və əks istiqamətdə yükdaşımaların həcmini artıracaq, Şimal-Cənub dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Sonda xatirə şəkli çəkdirildi.
***
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, bu layihə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.
Qeyd olundu ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.
Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Xoş gördük, sizi, ilk növbədə, Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Cəlilabad rayonunun bütün sakinlərinə yeni uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram.
Bu gözəl bayram günlərində Cəlilabad şəhərinin içməli su problemi də öz həllini tapır. Mən bilirəm ki, uzun illər ərzində su problemi Cəlilabad sakinlərini çox narahat edirdi, su fasilələrlə, gündə bir neçə saat verilirdi. Elə günlər var idi ki, su, ümumiyyətlə, olmurdu. İndi isə bu məsələ birdəfəlik öz həllini tapıbdır və Cəlilabad şəhərinə 24 saat ərzində keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilir. Bu, çox böyük hadisədir, tarixi hadisədir. Mən bunu həmişə qeyd edirəm, bu layihənin icrası onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Çünki bu, sırf sosial layihədir. Bu layihə çox böyük vəsait tələb edirdi və Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, Cəlilabad sakinləri təmiz, keyfiyyətli içməli su ilə təmin olunsunlar.
Bu layihənin icrası ölkəmizin inkişafını göstərir. Göstərir ki, bu gün də Azərbaycan uğurla inkişaf edir, sosial-iqtisadi layihələrə böyük vəsait ayrılır. Bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ölkə qarşısında duran bütün vəzifələrin icrası üçün ardıcıl siyasət aparılır.
İndi içməli su layihələrinin icrası ölkəmizdə geniş vüsət alıb. Qarşıya vəzifə qoyulubdur ki, hər bir şəhərin içməli su məsələsi öz həllini tapsın və biz bu məqsədə yaxınlaşırıq. Eyni zamanda, kəndlərdə də, qəsəbələrdə də bu məsələlər öz həllini tapır. Biz müxtəlif imkanlardan istifadə edirik. Həm çayboyu kəndlərdə təmizləyici qurğular quraşdırılır, eyni zamanda, magistral su xətləri çəkilir. Bir sözlə, içməli su problemi Azərbaycanda əsaslı şəkildə öz həllini tapır və tapacaqdır. Deyə bilərəm ki, bu da insan sağlamlığına ən çox müsbət təsir edən amildir. Çünki su həyatdır, təmiz su sağlam həyat deməkdir. Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan dövləti bu məqsədə çatmaq üçün bir çox tədbirlər görür.
Siz yaxşı bilirsiniz ki, artıq neçə ildir ölkəmizdə tibbi müayinədən keçən insanların sayı 5 milyona çatıbdır. Biz bu xidməti pulsuz, dövlət hesabına təqdim edirik. Bu, nəyə görə mümkün olub? Ona görə ki, indi hər bir yerdə müasir tibb ocaqları var, o cümlədən Cəlilabad rayonunda. Mən hər iki tibb müəssisəsinin - həm Müalicə Diaqnostika Mərkəzinin, həm də Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmişəm. Bu iki böyük tibb ocağı Cəlilabad rayon sakinlərinə çox yaxşı xidmət edir.
Ümumiyyətlə, Cəlilabad rayonunun inkişafına böyük diqqət göstərilir. Mən rayonda dəfələrlə olmuşam. Bu səfər Prezident kimi mənim səkkizinci səfərimdir və hər dəfə müxtəlif tədbirlərin açılışında iştirak etmişəm. Son illər ərzində rayonda bir çox sosial layihələr icra edilib. Qeyd etdiyim kimi, xəstəxana, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, şahmat məktəbi, Gənclər Evi, 20-dən çox məktəb tikilib. Dörd kənd yolu layihəsi icra edilib və bu layihələrin icrası imkan verib ki, 100 min əhali bu yollardan istifadə etsin. Çünki bu 4 layihənin əhatə dairəsi çox böyükdür. Bu, 60-dan çox kəndi əhatə edir.
Bu gün mən Cəlilabad-Masallı, Masallı-Lənkəran magistral avtomobil yolunun açılışını etdim. Bu da çox gözəl layihədir. İndi Bakıdan Astaraya qədər çox gözəl magistral yol salınır. Əlbəttə ki, bu istiqamətdə yerləşən bütün rayon sakinləri bu imkanlardan istifadə edəcəklər. Cəlilabad şəhəri üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəlki magistral yol şəhər mərkəzindən keçirdi və istər-istəməz bu, müəyyən problemlərə gətirib çıxarırdı, həm yük maşınları, həm də ki, böyük maşın axını insanları narahat edirdi. İndi isə yeni bir trass açılıbdır və beləliklə, bu məsələ də öz həllini tapır.
Cəlilabadda digər məsələlər də öz həllini tapır, qazlaşdırma prosesi gedir. Hələ ki, 70 faiz səviyyəsindədir, ancaq bu, artacaq. Əvvəlki illərlə müqayisədə bu, böyük nailiyyətdir. Ancaq biz çalışmalıyıq ki, kəndlərimiz maksimum qazlaşdırılsın. Cəlilabad rayonunda 100-dən çox kənd var və çalışacağıq ki, kəndlərin əksəriyyətinə qaz xətləri çəkilsin. İçməli su məsələsi bu gün öz həllini tapıbdır. Elektrik enerjisi ilə təminat hesab edirəm ki, problem yaratmır. Əlbəttə ki, sosial və iqtisadi məsələlər gündəlikdədir.
Cəlilabadda kənd təsərrüfatının inkişafı sürətlə gedir. Xüsusilə son vaxtlar kənd təsərrüfatının bütün sahələrinə böyük diqqət göstərilir. Cəlilabadda da vətəndaşlar, sahibkarlar buna çox müsbət reaksiya verirlər və kənd təsərrüfatının istehsalı artır. Eyni zamanda, mənə verilən məlumata görə, indi Cəlilabadda yetişdirilən kənd təsərrüfatı məhsulları xarici bazarlara çıxarılır. Bu, insanların dolanışığı üçün yaxşıdır, ölkəmiz üçün yaxşıdır, ölkəmizə valyuta gəlir. Biz əlbəttə ki, növbəti illərdə bu sahəyə daha da böyük diqqət göstərəcəyik. Eyni zamanda, yeni suvarılan torpaqların dövriyyəyə cəlb edilməsi istiqamətində işlər gedəcək. Buna böyük ehtiyac var. İndi ölkəmizdə on minlərlə hektar sahədə yeni suvarma layihələri icra edilir. Bu il bu vaxta qədər suvarılmayan 100 min hektardan çox torpağa su veriləcək, gələn il də həmçinin. Cəlilabad rayonunda isə suvarılan torpaqların həcmi o qədər də böyük deyil. Mənə məlumat verilib ki, indi torpaqların təqribən 10 faizi suvarılır. Biz əlavə tədbirlər görməliyik, vəsait ayrılmalıdır ki, suvarılan torpaqların sahəsi böyüsün. Belə olan halda məhsuldarlıq daha da yaxşı olacaq. Əminəm ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı, emal müəssisələrinin yaradılması növbəti illərdə Cəlilabad rayonu üçün əsas istiqamət olacaqdır.
O ki qaldı, infrastruktur layihələrinə, onların demək olar ki, hamısı icra edilib və edilir- içməli su, elektrik, qazlaşdırma, kənd yolları, magistral yollar, sosial obyektlər, xəstəxana, diaqnostika mərkəzi, məktəblər. Yəni, bütün sosial kompleks yeniləşib. Şəhər də abadlaşır, gözəlləşir. Mən Prezident kimi ilk dəfə Cəlilabada 2004-cü ildə gəlmişdim. On üç il ərzində Cəlilabad böyük yol keçib, şəhər gözəlləşib, abadlaşıb və yeni imkanlar yaranıb.
Bugünkü hadisə çox əlamətdar hadisədir, müqəddəs Qurban bayramına təsadüf edir. Ancaq bu, təsadüfi deyil. Hesab edirəm ki, bu bayram günündə bu layihə Cəlilabad şəhəri üçün gözəl hədiyyədir. Sizi bir daha bu münasibətlə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
X X X
Rayon ictimaiyyəti adından çıxış edən Əməkdar Müəllim Qərənfil ƏHMƏDOVA göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:
-Möhtərəm cənab Prezident, rayonumuza xoş gəlmisiniz. Bu müqəddəs Qurban bayramı günündə rayonumuza səfərinizlə biz cəlilabadlılara ikiqat sevinc bəxş etdiniz. Biz də fürsətdən istifadə edərək Sizi, ailənizi bu bayram münasibətilə ürəkdən təbrik edirik, Sizə cansağlığı arzulayırıq. Uca Tanrıdan kəsdiyiniz qurbanların qəbul olunmasını diləyirik. İnanırıq ki, kəsdiyiniz hər bir qurbanda, etdiyiniz duada bizi nəzərə almısınız, həmişə biz Azərbaycan xalqına xoş gün-güzəran, əmin-amanlıq arzu etmisiniz.
Bu gün açılışına toplaşdığımız bu tədbirin əhəmiyyətini sözlə ifadə etmək çətindir. Suyun insan həyatı üçün nə dərəcədə əhəmiyyətli olduğunu hər kəs bilir. Su, yol çəkmək həmişə savab iş olub. Çox sevindirici haldır ki, bu gün rayonumuzda həm yeni su xətti, həm də yeni yol çəkilib.
Möhtərəm Prezident, bu müqəddəs gündə belə savab işlərə görə cəlilabadlıların Sizə etdiyi dualar həmişə köməyinizdə olsun. Biz cəlilabadlılar uzun zaman idi içməli su sarıdan çox əziyyət çəkirdik. Hərə bir yolla, müxtəlif çətinliklərlə evinə su gətirirdi. Biz bu gün Allaha çox şükür edir, Sizə dərin təşəkkürümüzü bildiririk ki, məhz Sizin tapşırığınızla bu problem öz həllini tapdı. İcazə verin, gördüyünüz savab işə görə bu müqəddəs gündə Sizə bütün cəlilabadlılar adından dərin minnətdarlığımızı bildirək, “Çox sağ olun!” deyək. Su həyatdır, su aydınlıqdır, su şəffaflıqdır. Yolunuz həmişə aydın, işıqlı, şəffaf olsun, cənab Prezident! Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
***
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.
Ümumiyyətlə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən magistralların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometr uzunluğunda Lənkəran-Masallı hissəsinin tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
***
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib.
Azərbaycan Prezidenti Cəlilabad şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad etdi.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.