“...Söz verib, atam bu gün mütləq gələcək. Mən ona hər şeyi danışmışam, Mingəçevirdə olanları demişəm”, - qapının ağzında dayanıb gözünü yola dikib. Sığınacaq əməkdaşları içəri girməsi üçün dilə tuturlar.
Oxu.Az-ın məlumatına görə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova virtualaz.org-un əməkdaşına bildirib ki, ötən ayın əvvəlində sığınacağa yerləşdirilən 15 yaşlı Tamara Səlimovanın atasını düz bir həftə axtarıblar. Ata ilə qız görüşdürülüb, gedəndə yenə gələcəyinə söz verib. O gündən qızın gözü yoldadır, 10 gündür səhərdən axşama kimi qapının ağzından çəkilmir.
Bizimlə bir şərtlə danışmağa razıdır, bacılarının yanına getməsinə kömək edək. Beləliklə, 2002-ci il təvəllüdlü Tamaranın hekayəsini təqdim edirik.
- Atamla anam biz uşaq olanda Moskvaya köçüblər. Sonra atam nənəmin təkidi ilə kəndə qayıdıb. 2 bacım, 1 qardaşım var. Atam yalnız qardaşımı özü ilə aparıb, amma kənddə evlənəndən sonra qardaşımı internata verib. İndiyədək anam elə bilir ki, qardaşım atamın yanındadır. Mən Azərbaycana gələndən sonra qardaşımın internatda olduğunu öyrəndim. İndi Moskvaya bacılarımın yanına qayıtmaq istəyirəm, amma sənədlərim yoxdur.
- Bəs Azərbaycana necə gəlmisən?
- Anam həbs olundu, bu ayın 28-də məhkəməsi olacaq. Bizim Moskvada 6 otaqlı evimiz var, anam həbs olunandan sonra mənə baxan olmadı. Bacımın biri ailə qurub, digəri isə nişanlıdır. Dedilər ki, anama görə evi sata bilərlər. Ona görə də, anam məni bacımla Mingəçevirdə olan yaxın rəfiqəsinin yanına göndərdi. Mənə baxması üçün 20 min rubl da göndərmişdi. Dedi onun işi həll olunandan sonra geri qayıdacağam. Amma onlarda qala bilmədim, mənimlə çox pis rəftar edirdilər. Sonra da küçədə qoydular. Anam həbs olunmazdan əvvəl rəfiqəsinə yaxşı baxırdı, biz balaca olanda evimizdə qalırdı. Sığınacağa gələndən sonra bacımla danışdıq, dedi ki, anamın razılığı üçün sənəd lazımdır, onu həll edəndən sonra məni aparmağa gələcək.
- Atanın yanında qalmaq istəmirsən? Bayaq dedin ki, səni görməyə gələcək
- Atam bizi qoyub Azərbaycana gələndə mən uşaq olmuşam, üzünü xatırlamıram. Bakıda qohumlarımız da var. Amma sonradan atam bizimlə maraqlanmayıb, mən onu elə-belə - şəkildən, bir də səsindən tanıyıram. İndi dedi ki, səni evimizə apara bilmərəm, arvadım dava edəcək. Söz verdi ki, yanıma gələcək, qardaşımla görüşməyə kömək edəcək. Mən ona olanları dedim, bilmirəm, bəlkə fikirləşib ki, mən çox tərbiyəsiz qızam. Mən heç nəyi yalan danışmamışam.
- Hansı olanlardan danışırsan?
- Anamın rəfiqəsi bacıma deyib ki, guya mən evdən qaçmışam. Amma olanları bacımdan gizlətmişəm, Moskvaya gedəndən sonra deyəcəyəm. Amma atama hər şeyi düzgün danışdım. Anamın rəfiqəsi evdə iki oğlu olsa da, hər yerə məni göndərirdi. Gecə 11-dən sonra mağazaya gedirdim. Gecə çörək almağa gedəndə mənim saçımdan tutub binanın arxasına apardı, orada məni soyundurdu, çox pis işlər gördü. Hər yerim ağrıyırdı, üst-başım çirk olmuşdu. Evə gələn kimi qadına danışdım, dedim oğlandan çox qorxuram. Qadın isə oğlanlarına da, qonşulara da mənim haqqımda pis-pis sözlər danışırdı, çölə çıxanda utanırdım. Sonra böyük oğlu mənə əl vururdu. Buna görə də, məni küçəyə atanda sevindim, çünki qorxurdum. Mənə dedi ki, nə mənim, nə də oğlanlarımın adını çəkmə, sənin üçün pis olacaq. Mən onların elədiklərini atama, psixoloqa, Mehriban xalaya, bir də sizə demişəm. Küçədəki polisə də demədim.
- Səni sığınacağa polis gətirdi?
- Küçədə polislərə yaxınlaşdım, heç kimim olmadığını dedim. Onlar da polis bölməsinə gətirdilər. Mənə qarşı elədiklərini demədim, qorxdum. Oradan da sığınacağa gəldim, mənə paltar verdilər. Atam haqqında danışdım, atam sığınacağa gəldi, mənimlə görüşdü. Mehriban xanım deyir ki, bacıların sənədlərini gətirməsələr, səni heç yana buraxa bilmərəm. Onlar anamla görüşməlidirlər ki, anam sənəd versin. Anam həbs olunmadan bizim hər şeyimiz vardı. Anamı aldatdılar, hamı çəkilib, pul anamın üstündə qalıb. Moskvaya gələdən sonra olanları danışacağam, qoy polislər də bilsinlər.
...Mehriban Zeynalova deyir ki, hazırda qızla psixoloq işləyir. “Atasının aldatması ona növbəti psixoloji travma olub. Qızın dedikləri ilə bağlı mütləq araşdırma başlanılacaq”.
Tamaranın paltara, ayaqqabıya ehtiyacı var. Atasından geyinməsi üçün paltar almasını xahiş edib, atası xahişini yerinə yetirəcəyini deyib və qızın gözü yolda qoyub.