Xanım sürücü yol polisinə çətin anlar yaşatdı - FOTOLAR

937
Xanım sürücü yol polisinə çətin anlar yaşatdı - FOTOLAR

Bakıda xanım sürücü yol hərəkəti qaydalarını pozaraq yol polisi əməkdaşlarına tabe olmayıb. Hadisə Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında baş verib. 

Mynews.az musavat.com-a istinadən xəbər verir ki, “KİA” markalı, 99 FL 025 dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsü prospektdə dayanmağın qadağan olunduğu ərazidə dayanıb, polis əməkdaşlarının xəbərdarlığına baxmayaraq, o, həmin ərazini tərk etməyib. 

Əraziyə bir neçə polis əməkdaşı gəlib. Sürücüdən sənədlər tələb olunsa da, o, polislərin bu tələbinə də əməl etməyib. Polis əməkdaşları xanım sürücüdən nəzakətlə sənədləri tələb etsə də, o, polislərə jurnalist olduğunu deyib və polis serjantı Yaşar Məmmədovla mübahisə edərək onu təhqir edib.

Sürücülük vəsiqəsini verməyən xanım sürücü polislərin sənəd tələbinə cavab olaraq yalnız üzərində “PRESS” yazılan vəsiqəsini təqdim edib. Hadisə yerinə xeyli insan toplaşıb.
Polis əməkdaşları, nəhayət, xanım sürücünün təqdim etdiyi vəsiqəsindəki ad və soyadına əsasən, iki hadisə şahidinin də imzası olmaqla protokol yazıblar. Bu ərəfədə isə xanım sürücü telefonla danışaraq məsələni “yoluna qoymaq” cəhdləri edib. Protokol yazıldıqdan sonra sürücü yenə də qadağan olunmuş ərazini tərk etmək istəməyib. Sonda protokolu yazan polis əməkdaşının ad və soyadını soruşan xanım sürücü bundan sonra ərazini tərk edib.

Məlum olub ki, qalmaqal yaradan sürücü Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının fərdi üzvü Qurbanova Vəfa Mərifət qızıdır. O, həmçinin “Qızıl qələm” media mükafatı laureatı imiş.

Polis serjantı Y.Məmmədov bildirib ki, xanım sürücü ona “mənim əlim çox yerə çatır” deyərək hədə-qorxu gəlib. Lakin bu iddiasına baxmayaraq, xanım sürücü cərimələnməkdən yaxasını qurtara bilməyib.

Xəbər lenti