Milli Televiziya və Radio Şurası (MTRŞ) bu gün çəkilən teleserialların çəkilişindən narazıdır.
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli bildirib ki, xarici ölkələrdə seriallar bir növ maarifləndirici xarakter daşıyır:
“Mən bir neçə dəfə demişəm, xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan arxasında açıq şəkildə telefonla danışmırlar. Ancaq bizim seriallarda sanki bunun əksini edirlər, yəni təhlükəsizlik kəmərini bağlamaqdan söhbət getmir, qırmızı işıqda keçirlər və yaxud da sükan arxasında telefonla danışırlar. Bunlar olmamalıdır. Seriallar gündəlik həyat tərzini maarifçilik baxımından təbliğ etməlidirlər, xüsusən də lazımlı, yaxşı vərdişləri təbliğ etməlidirlər. Amma təəssüf ki, bizim seriallarda əks tərəfə meyil edirlər. Sanki daha çox kriminal sahələri təbliğ edirlər”.
MTRŞ-nın bu iradları iıə bağlı Metbuat.az olaraq, yerli rejissorlarla əlaqə saxladıq.
Kənan M.M bildirdi ki, heç kimin xətrinə dəymək istəmir. Ancaq xarici ölklərin seriallarının marifləndirici olduğunu misal çəkiblərsə, bəzi məqamları demək istəyir:
“Kara Sevda” filmində evli qadının başqası ilə görüşməsi,” sonra həmin serialda uşaq doğmaq üçün bacısını hamilə buraxmaq, “Aşq Memnu”da əmisinin arvadı ilə görüşmək, “Min bir gece”də katibəsilə yatmaq üçün pul təklif etmək,”Mühteşem 100 yıl”da Sultan Süleymanın qadınlarla suyun altında öpüşməsi... Bunlardı maarifləndirici seriallar? Bir şey də deyim, mən tamaşaçının istədiyini çəkməyəcəm. Mən çəkdiyim filmlərə özüm çəkib, özüm baxıram. Vicdanımın, qəlbimin səsi nə əmir verir, onu da çəkirəm.
Rejissor Ramin Hacıyev isə bildirdi ki, tək serial yox, ümumilikdə bütün TV-lər insanları maarifləndirməlidirlər:
“Hər rejissor işinə məsuliyyətli yanaşmalıdır. Yeni mövsümdən “Xəzər”də 2 serial çəkəcəm. Həmin seriallarda Nuşirəvan müəllimin tutduğu iradlara mütləq diqqət edəcəm. Onu da qeyd edim ki, “Bacanaqlar” və “Qardaşalar” serialının rejissoru artıq mən deyiləm.
Rejissor Samir Kərimoğlu isə fikrini belə izah etdi:
“Bəli, bu tip problemlər xarici seriallarda həll edilib. Düşünürəm bu bizdə də olmalıdır. Həmçinin bizdə serialların baxımsız olması maddiyat və ssenari qıtlığından irəli gəlir. Seriallar kütlə tərəfindən çox baxıldığı üçün mütləq maarifləndirici olmalıdır”.
Aqil M. Quliyev isə mövzuya belə yanaşdı:
“Əlbəttə, Nuşirəvan müəllimin dediyində həqiqət var. Bu problemlərin arxasında bir səbəb dayanır: Qeyri-peşəkarlıq. İşi peşəkar görərsə, hər kəs razı qalar və maarifləndirici olar. Bu gün birinin pulu var, film çəkir və gətirib TV-yə satır. Adama deyərlər sən kimsən? Guya Türkiyədə, Rusiyada bayağı iş görənlər yoxdur? Var. Ancaq efirə buraxılmırlar.Bəs bizdə necədi? Hamısı göz qabağındadır. Hər bir işi yalnız peşəkar görməlidir. Hər yerindən duranın gördüyü iş ancaq belə olacaq”.