Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Vulkanın şimal, yəni Xırdalan-Müşfiq istiqamətinə gedən yola baxan hisssəsində çoxsaylı yaşayış massivlərinin salındığını deyən Ə.Qaralov qeyd edib ki, Bozdağ Hökməli vulkanının ətrafının yaşayış üçün çox təhlükəli olması və yaşayış salınacağı təqdirdə burada təhlükələrin ola biləcəyi hələ 10 il əvvəl açıqlanmışdı:
“Həmin vulkan təxminən 10 il əvvəl püskürmüşdü. Elə həmin vaxt bu yamaca müdaxilənin olmasınının, vulkanın mərkəzinə yaxın ərazidə ev tikməyin qadağan edilməsinin vacibliyi bildirilmişdi. Çünki gələcəkdə vulkan yenidən oyana və müəyyən fəsadlar yarada bilərdi. Bütün bunlara baxmayaraq, bu ərazidə evlər tikilib. Dünən bizim əməkdaşlar orada olublar. Həmin ərazidə yamac əksər yerlərdə evlərin tikilməsi məqsədi ilə kəsilib. İnsan fəaliyyəti nəticəsində vulkan mənşəli çöküntülərin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib. Bəzi çatların eni 50 sm-ə çatıb”.
Ə.Qaralov bildirib ki, hazırda ölkə üzrə ən xoşagəlməz vəziyyət bu vulkanın ətraf ərazilərindədir.
Ekspedisiya rəisinin sözlərinə görə, acınacaqlı vəziyyət yaranıqdan sonra sakinlər dövlətdən yardım istəyirlər. Amma əlaqədar qurumlar bu evlərin tikintisinə icazə verməmişdən əvvəl bunu fikirləşməli idilər.