Son günlər Sumqayıt şəhər sakinləri ardıcıl olaraq müraciətlər yayaraq şəhəri axşam saatlarında üfunət qoxusunun bürüdüyünü bildiriblər. Məlumata görə artıq bu qoxu durmadan daha da kəskinləşir. Həmçinin Sumqayıt sakinləri onu da qeyd ediblər ki, qoxu məişət tullantılarının yandırılması səbəbindən yaranır.
Məsələ ilə bağlı BiG.AZ -a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin rəhbəri Raquf Mirzəyev bunu bir neçə gün öncə Sumqayıtda qamışlıq sahənin yanmasından sonra şəhərə yayılmış qoxu ilə əlaqələndirib və Sumqayıtda məişət tullantılarının yandırıldığına görə bir neçə şəxsin cərimələndiyini də bildirib: "Son zamanar məişət tullantılarının yandırılması faktı qeydə alınmayıb. Düzdü əvvəllər belə hallar olurdu, lakin Ekologiya və Təbi Sərvətlər Nazirliyi olaraq biz dərhal müdaxilə etdik və həmin şəxslər ekologiyaya vurduqları ziyana görə 3 nəfər 1500 manatadək cərimələndilər. Sumqayıtda böyük bir məişət tullantıları poliqonu var. Ərazisi çox böyükdür. Biz nazirlik olaraq orada yandırılma faktlarının olmaması ilə bağlı rəsmi addımlar da atmışıq, rəsmi müraciətlər də aidiyyatı qurumlara təqdim edilib və xəbərdarlıq edilib.
Bu qoxunun mənbəyi 29 avqustda saat 14:00 radələrində Sumqayıtda olan qamışlıq ərazisində baş vermiş yanğın ola bilər. 4 hektar sahədə yerləşən qamışlıq yanaraq külə dönüb. Yanğının söndürülməsi isə saatlar almışdı. Düzdü yanğın aradan qaldırılsa da atmosferdə öz fəsadlarını buraxıb. Biz havanın tərkibini iki gün bundan öncə yoxladıq, tərkibi tam normadadır. Lakin spesifik qoxu yenə də qala bilər. Paralel olaraq müəyyən iaşə obyektlərindən, restoranlardan yaranan qoxular da buna təsir göstərir.
O ki qaldı məişət tullantılarının yandırılmasına tətbiq olunan qadağalara biz məişət tullantılarının aradan qaldırılması və emal zavodunun yaradılması ilə bağlı məsələ də qaldırmışıq. Hətta xüsusi plan da tərtib etmişik. Lakin bildiyiniz kimi bu böyük bir vəsait deməkdir. Ümidvarıq ki, yaxın gələcək üçün məişət tullantılarının emalı zavodu da yaradılacaq və sakinlərin narahatlığı daha rahat şəkildə aradan qaldırılacaq".