“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma uyğun olaraq Səhmdar Cəmiyyətin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda BDU-nun Hidrometeorologiya kafedrasının filialı fəaliyyətə başlayıb.
Ölkə.Az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə su sektoru, o cümlədən, içməli su təchizatı və tullantı sularının idarə edilməsinə xüsusi diqqət yetirilmişdir. Su sektoru üçün strateji hədəf kimi “Yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması” və “Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi” hədəfləri müəyyən olunub.
Sənəddə kadr potensialının təkmilləşdirilməsi də prioritet məsələ kimi qarşıda qoyulub. Elmi potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə “Azərsu” ASC Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti ilə sıx əməkdaşlıq edir.
Hazırda “Azərsu” ASC-də BDU-nun məzunu olan 269 əməkdaşın çalışdığını xatırladan Səhmdar Cəmiyyətin sədri 2014-2016-cı illərdə universitetin Geologiya, Ekologiya və torpaqşünaslıq, Kimya fakültələri üzrə 69 tələbəsinin istehsalat təcrübəsinə, 10 nəfərin isə “Yay məktəbi” proqramına cəlb olunduğunu diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ölkədə su təsərrüfatı sektoru üçün kadr hazırlığında BDU-nun xüsusi rolu olduğunu bildirmişdir. Abel Məhərrəmov qeyd edib ki, filialın yaradılmasında əsas məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsidir. Filialın yaradılması tələbə, magistr və doktorantların praktiki bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir.
Qeyd olunub ki, “Sukanal” ETLİ-də BDU-nun Hidrometeorologiya kafedrasının filialının açılması ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və hər iki tərəf bundan faydalanacaq. İlkin mərhələdə filialda 2 ixtisas - “Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi” və “Hidrologiya” üzrə bir sıra fənlər tədris olunacaq.
24 yanvar 2014-cü il tarixdə “Azərsu” ASC ilə BDU arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur.