Azərbaycanlı falçılar məmurların adından istifadə edib, milyonlar qazanır Araşdırma

790
Azərbaycanlı falçılar məmurların adından istifadə edib, milyonlar qazanır Araşdırma

Azərbaycanda və dünyada cadu biznesi niyə geniş yayılıb?

Şəhərin o qədər də ucqar olmayan qəsəbələrindən birində ikimərtəbəli bir villa var. Hər zaman qapısının ağzı adamla dolu olur. Sanırsan ki, bir həkim qapısıdır, insanlara şəfa paylayır. Versiya irəli sürmək olardı ki, hətta bu, çox tanınmış bir professorun qapısıdır. Amma yox... Bura falçı imarətidir. Elə imarət də yanına pənah gətirənlərin boğazından kəsdiklərinin üst-üstə toplanması hesabına başa gəlib.

Kriminal statistikamız isə təəccübləndirmir. "Falçı qız anasını aldatdı”, "Falçının dələduzluğu - ailənin pulunu alıb, qaytarmır”, "Falçı qadın şantaj edir”... Bütün bunlar bizim ölkəmizdə baş verir. İnsanların bir çox hallarda itiyini tapmaq, həll olunması qanunla mümkün olmayan problemlərini "ağız bağlamaqla” həll etmək məhz bu səbəbdən insanları falçılara doğru aparır. Və təkcə Azərbaycanda yox...

Falçılar Amerikada da məşhurdur

Çikaqo Universitetinin müqayisəli din üzrə mütəxəssisi Mirça Eliadanın araşdırmasına görə, hazırda Qərbin inkişaf etmiş ölkələrində falçılığa meyl artır. Hətta savadı və dünyagörüşü yüksək səviyyədə olan insanlar da bunu "yeni elmi cərəyan” adı ilə təqdim etməkdən çəkinmirlər. "Yeni əsr”in milyonlarla sakini gələcəyi öyrənmək, çoxsaylı suallarına cavab tapmaq üçün onların qapısını döyür. M.Eliada araşdırmasında onu da üzə çıxarıb ki, artıq insanlar təkcə bu şəxslərin xidmətindən yararlanmır. Eyni zamanda bu sahəyə aid elmi ədəbiyyatı oxuyur, hətta bəzən falçılqla həvəskar səviyyəsində məşğul olurlar.

Türkiyəli psixoloq Gülçin Balkı isə açıqlayıb ki, son illər insanların falçılara, astroloji proqnozlara bu qədər meyl etməsinin səbəbi bilinməzə marağının artmasıdıır. Bu ehtiyacın mərkəzində isə insanların qərar vermədəki özünə inamsızlığıdır. Belə ki, falçıya gedən insanlar "gözlənilən” hadisələri başqasının dilindən eşitmək ehtiyacıdır. Bu isə məsuliyyətin paylaşılması istəyindən irəli gəlir. Psixoloqa görə, bunun adı insanın özünü aldatmasından başqa bir şey deyil. Belə ki, xarakteri güclü olan insan qərarlarını öz iradəsi ilə verir və bu məsuliyyəti də şəxsən özü paylaşır.

Amma o faktı da unutmayaq ki, Amerikanın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə edilir. Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində falçılıq qadağandır və bu əməl ölüm, yaxud ömürlük həbslə cəzalandırılır.

Bütün bunlara baxmayaraq, dünyada və ölkəmizdə falçılıqla cadugərlik fərqli don geyindirilməklə, fərqli metodlar tətbiq edilməklə, müxtəlif ad və ünvanlarla cəmiyyətə təqdim edilir. İnsanlar bilməlidirlər ki, falçılıq insanların həyatı ilə oynamaq, insanları psixoloji cəhətdən özündən asılı etmək, bu asılılıq bahasına qazanc məqsədi daşıyan dələduzluq fəaliyyətindən başqa bir şey deyil.

Falçı sözü ilə oturub-duran prezident

Tarixin müxtəlif dönəmlərində ölkəni idarə edən şəxslərin şəxsi falçıları, münəccimləri olduğunu nəzərə alanda bu olaya o qədər də barmaqarası yanaşmaq olmaz. Siyasi qərarlarını vermədən, müharibəyə başlamadan öncə kart açdırıb, rəml atdıran nə qədər padşah, prezident olub, xəbəriniz varmı? Və bəzən falçıya inandığı üçün "ağzı yanan”lar da həmçinin. Məsələn, falçısının tövsiyəsi ilə sürpriz erkən seçkilərə gedən Şri Lanka prezidenti Mahinda Rajapaksanın nümunəsi olduqca əyləncəlidir. Maraqlıdır ki, falçısının məsləhəti ilə erkən seçimə gedən və seçkilərdə uduzan prezident mediaya açıqlamasında özünü məhz bu cür müdafiə etmişdi: "Hətta Nostradamus da səhv edə bilər. Mənim falçım da istisna deyil. Səslərin cəmi 41 faizini alacağımı heç vaxt təxmin etməzdim”.

Bu uğursuzluqdan sonra falçı Sumanadasa Abeygunavardena isə prezidentlə yollarını ayırmalı olub. Çünki sonuncu bu fiaskosunu şəksiz falçısına "borclu idi”. Üstəlik, məlum hadisədən sonra falçının da populyarlığı sıfıra enmişdi.

Ruslar ildə falçılara 2 milyard dollar qazandırırlar

Dünya təcrübəsi ilə davam edək. Tacikistanda cinayət məcəlləsi falçılıqla məşğul olan şəxsləri cəzalandırmağı nəzərdə tutur. Bu ölkədə falçılar da dələduzluq edən digər şəxslər kimi 7 ilə qədər həbslə cəzalandırıla bilər.

Rusiyada isə falçı və cadugər sayı həkim, elm adamlarının sayını keçməyə başlayıb. Ölkədə xərçəng xəstələri həkimdən öncə falçının qapısını döyür. Bu ölkədə falçıların illik gəliri iki milyard dollardır. Rusiya parlamenti də son olaraq sertifikatı olmayan falçılara reklam qadağası gətirmişdi. Rusiyada rəsmi icazə alandan sonra falçılıqla məşğul olmağa hər hansı qadağa yoxdur. Hazırda Rusiyada təxminən 800 min nəfər falçılıq, cadu-piti, astoloqluqla məşğul olurlar. Buna qarşılıq olaraq ölkədə cəmi 600 min həkim və 400 min elm adamı var.

Moskvada isə insanları cadu yolu ilə müalicə edənlərin sayı 200 nəfərə yaxındır. Rəsmi rəqəmlərə görə, falçı və cadugərlərin illik reklam həcmi 10 milyon dolları keçir. Amma falçıların qapısını ancaq cahil insanlar döymür. Rusiyada xüsusi xidmət orqanları əməkdaşları da zaman-zaman falçıların xidmətindən yararlanırlar. İtkin insanları, cinayətkarları tapmaq, çözülməyən qətlləri, oğurluqları, cinayətləri üzə çıxarmaq üçün... 

Banklar da zaman-zaman falçıların "əl-ayağına” düşür. Məsələn, borcluların yerini və gizlətdikləri əşyaların yerini falçı olmadan necə tapmaq olar? Cənubi Osetiyada bu təcrübə daha çox özünü göstərməyə başlayıb. 

Falı düz çıxmayan falçı aldığı pulu geri qaytarmalıdır

Falçılığın ana vətəni kimi tanınan Rumıniyada isə falçılarla bağlı zaman-zaman yeni qanunlar qüvvəyə minir və ölkə bir-birinə qarışır. Məsələn, 2011-ci ildə hökumətin verdiyi qərara görə, gələcəyini öyrənmək üçün falçıya müraciət edən şəxsə sonuncunun verdiyi proqnoz düz çıxmazsa, bu, özünü doğrultmasa, falçı ondan aldığı pulu geri qaytarmalıdır. Maraqlıdır ki, bu qanun layihəsi qüvvəyə mindiyi gün minlərlə falçı Rumıniyada etiraz aksiyası, ardınca mətbuat konfransı keçirmişdi. Həmin konfransda falçılar etiraf etmişdi ki, bəzən fal düz çıxmaya bilər və buna səbəb isə fala baxdıran şəxsin suallara səmimi, doğru cavab verməməsidir. Amma maraqlıdır ki, 2010-cu ildə də Rumıniyada falçılıq rəsmi məslək kimi qanunvericiliyə daxil edilib. Bu məsləyi icra edənlərin dövlətə vergi verməsi, fəaliyyətlərinin də iş yeri kimi qeydiyyata salınması faktdır. 

Sizə lətifə kimi görünə bilər. Amma həmin vaxt hökuməti bu qanunun qəbulundan çəkindirməyə çalışan falçılar istəklərinə nail olmadıqları üçün təhdidə keçdilər: qanunu geri oxumasaz, sizi qara magiya edəcəyik. Və dediklərini etdilər. Tuna çayı sahilində bir yerə yığışıb, sağa-sola üfləyən, sehirli sözlər söyləyən... falçılar daha sonra bəd dualarını yazdıqları kağız parçalarını çayın sularına atdılar. Nəticəsi oldumu? Təbii ki, bu olaydan sonra bir neçə məmur işdən çıxdı, bəzi siyasi gəlişmələr baş verdi. Bunu caduların nəticəsi kimi görmək də olar, görməmək də... 

Amma bu hadisə Rumıniyada falçıların, cadugərlərin yolunu açdı. Reklamın yaxşısı-pisi olmaz deyimini nəzərə alanda xalq bu hadisələrlə əslində sözügedən məslək yiyələrinin necə ciddiyə alındığını gördü

Yerli falçıların taktikası - məmurlara yaxınam, dərdinizi həll edə bilərəm

Qayıdaq Azərbaycana. Azərbaycanda falçılıq və cadugərliyə 2012-ci ildə 200 milyon manat pul xərclənib. Əvvəllər bu göstərici daha aşağı idi. Xərclənən məbləğ heç 100 milyon manata çatmırdı. Demək ki, bizdə də bu sahəyə ciddi məbləğlər ayrılıb. Amma son aylarda falçıların bir-bir həbs olunması ciddi hadisə sayılır. Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub. Hadisə bir neçə il bundan öncə baş verib. 

Məmurlara yaxın olduğunu iddia edən 1949-cu il təvəllüdlü Saraxanım Süleyman qızı Babayeva 7 il müddətinə azadlıqdan məhrum olunub. "Həzrət Sabir” kimi tanınan falçı Sabir Abbasov həbs edilib. "Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, dövrümüzün "Şeyx Nəsrullahı” sayılan "Həzrət Sabir” əlil arabasında olan əlilləri əllə müalicə etdiyini söyləməklə külli miqdarda vəsait mənimsəməkdə ittiham edilir.

Bəs qanun nə deyir? Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüqquqlarını əldə etmə - dələduzluq cinayətinin əlamətləridir. Falçılar insanların onlara göstərdiyi etibardan sui-istifadə edirlər. Xəstəni müalicə edəcəyi, itkin insanı tapacağı vədini verən şəxs bütün hallarda qarşı tərəfi aldatmış sayılır. Məqsəd yenə də haqsız qazanc təmin etmək, başqasının əmlakını ələ keçirməkdir. Əvvəlcədən insanı aldadıb və ya etibarından sui-istifadə edib, həlli mümkün olmayan vəd verməklə pulunu almaq artıq dələduzluq hərəkətidir.

Xəbər lenti