Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun dünən qapatdığı “26” adlı (“Twenty Six”) kafe ilə bağlı qalmaqala münasibət bildirib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, məşhur yazıçı özünün “Facebook” səhifəsində həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərlərinə aiddiyyəti olmadığını vurğulayıb.
“Hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur. Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin “26” restoranına aidiyyəti yoxdur! Şadlıq evi və ya restoran açmağı özünə başqa cür gəlirləri olan insanlar rəva görə bilər. "26" rəqəmi bizim bəzi məmurları xoflandırıb! Amma bu restoran artıq neçə ildir ki, fəaliyyət göstərir!
Cümə axşamı günü tarixçilərdən biri həmin rəqəmə irad tutub və bir gün sonra restoranın sahibinə təklif edilib ki, “26” adını dəyişsin. O da razılaşıb.
Ç.Abdullayevin sözlərinə görə, kafe sahibi bildirib ki, onun avtomaşınının nömrəsi də “26” ilə bitir və bu tarix özünün ad günü ilə bağlıdır: “Lakin həmin rəqəm əgər açılışdan illər keçdikdən sonra bu cür mənfi assosiasiya doğurubsa, adı dəyişmək ən yaxşı çıxış yoludur”.
Çingiz Abdullayev məsələnin qalmaqal səviyyəsinə çatdırılmasından narazılıq edib: “Sonradan baş verənləri bütün dünya bilir! Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəlir, kafeni bağlayır və mebeli oradan çıxarmağa başlayır. Deyirlər, bu oğlanı tutacaqlar? Maraqlıdır, hansı maddəyə əsasən? Məhkəmənin qərarı olmadan özəl sahibkarın mebelini necə sındırıb müsadirə etmək olar? Onu necə tutmaq olar?”
Yazıçılar Birliyinin katibi onu da əlavə edib ki, artıq İsraildə, ABŞ-da, Rusiyada camaat bu olaya gülür.
“Ayın 26-da anadan olanlara tarixi dəyişməyi, avtomaşınlarda, avtobuslarda 26 rəqəmini dəyişməyi təklif edirlər. Ardını şərh etməyəcəyəm. Yoxsa aludə olaram!”, - deyə o, bildirib.
Xatırladaq ki, ötən gün Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe bağlanıb. Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlib.