Ötən gün Bakının mərkəzi küçələrindən birində yerləşən Yazıçılar Birliyinin inzibati binasına aid olan sahənin icarəyə verildiyi “26-lar kafesi”nin fəaliyyətinin dayandırılması ilə bağlı “Haqqın az” saytında yazıçı Çingiz Abdullayevin açıqlamasına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı professor Hacıbala Abutalıbov tərəfindən SİA-ya rəsmi cavab verilib.
Cavabda qeyd olunur ki, “Haqqın az” saytına açıqlama verən yazıçı Çingiz Abdullayev bildirib ki, Yazıçılar Birliyinin balansında olan binada fəaliyyət göstərən “26-lar kafesi” ilə qurum rəhbərliyinin heç bir əlaqəsi olmamışdır.
Halbuki, Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri söyləyir ki, Yazıçılar Birliyinin binasında yerləşən “26-lar kafesi” sözügedən qurum tərəfindən icarəyə verilib. Əldə olunan sənədlər də bir daha bunu sübut edir.
Digər tərəfdən, yazıçı Çingiz Abdullayev söyləyir ki, 26 adında kafenin Azərbaycan xalqının soyqırımını təşkil etmiş, qaniçən 26 Bakı komissarının adı ilə heç bir əlaqəsi yoxdur. Müsadirə edilən sənədlər isə sübut edir ki, bu kafe “26 kafe” kimi yox, “26-lar Bakı”, “26-lar yaşayır”, “Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur” lövhələri ilə bəzədilən “26-lar kafesi” kimi fəaliyyət göstərir.
Bakı şəhəri icra hakimiyyətinin başçısı yazıçı Çingiz Abdullayevin nəzərinə çatdırır ki, dövlət orqanlarında qeydiyyatdan keçməyən “26-lar yaşayır”, “26-lar Bakı”, “Xanımlara qəlyan çəkmək pulsuzdur” reklamları vurulmuş, əxlaqsız gecə klubu kimi fəaliyyət göstərən “26-lar kafesi”nin Yazıçılar Birliyi tərəfindən icarəyə verilməsi qanunsuzdur. Həmçinin, professor Hacıbala Abutalıbov xatırladır ki, sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu “Natəvan” klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan “26-lar kafesi”nin fəaliyyət göstərməsi sözügedən dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir: “Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış “26-lar kafesi” və həmin kafedə “xanımlara qəlyan çəkmək pulsuzdur” sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib”.
Bildirək ki, hazırda qeyd olunan qanunsuzluqlarla bağlı hüququ-mühafizə orqanları tərəfindən araşdırma aparılır və günahkar şəxslər qanuna müvafiq olaraq cəzalandırılacaq.