Azərbaycanda bir neçə vəzifəli şəxs korrupsiyaya görə həbs olundu

569
Azərbaycanda bir neçə vəzifəli şəxs korrupsiyaya görə həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Bilal Məmmədov, Anar Nağdıyev və Xalidə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Məmmədov 8 il 6, A.Nağdıyev 8 il azadlıqdan məhrum edilibilər. Onlar məhkəmə zalında həbs ediliblər. 

X.Mirzəyev barəsində isə 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza təyin edilib.

İstintaqla müəyyən edilib ki, 2012-ci ilin fevral ayından başlayaraq 2014-cü ilin may ayınadək "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən qurumun tabeliyində olan idman bölmələri üzrə ezamiyyə səfərləri, təlim-məşq toplanışlarına pul vəsaitlərinin xərclənməsinə dair tərtib olunmuş sənədlərə tədbirlərə faktiki xərclənmiş pullardan artıq vəsaitin xərclənməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə məşqçi müəllimlərin kart hesablarına köçürülməsi və kassa məxaric orderləri əsasında onların adına rəsmişləşdirilməsi təşkil edilməklə 115.395,2 manat büdcə vəsaiti mənimsənilib.

B.Məmmədov və A.Nağdıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. X.Mirzəyeva barəsində isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Bilal Məmmədov ifadəsində 2010-2014-cü illər ərzində "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının direktoru vəzifəsində çalışdığını, məşqçi müəllimlərə filialın direktor müavini Anar Nağdıyev tərəfindən nağd qaydada pul vəsaitlərinin verilməsindən xəbərsiz olduğunu, məşqlər və yarışlar zamanı hər hansı müəllimdən əməkhaqqı kartını almadığını, əməkhaqqı kartlarından pul çıxarmadığını göstərib.

Anar Nağdıyev də ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, 1996-2005-ci illər ərzində 1 saylı Uşaq Gənclər İdman Məktəbində baş məşqçi, 2005-2015-ə qədər isə "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında direktor müavini işlədiyini göstərib. Direktor müavini il ərzində keçiriləcək və filialın iştirak edəcəyi yarışların cədvəlini, ilkin smetanı hazırladığını, bunun əsasında filiala pul ayrıldığını bildirib.

Təqsirləndirilən Xalidə Mirzəyeva ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində əvvəllər baş mühasib, 2013-cü ildən etibarən isə kadrlar üzrə mütəxəssis vəzifəsində işlədiyini, həmçinin əməkhaqqı almadan xəzinədar vəzifəsini icra etdiyini göstərib.

X.Mirzəyeva ifadəsində göstərib ki, B.Məmmədovun əmri ilə filialda xəzinədar işlədiyi zaman əməkhaqqı kartından başqa onun adına əlavə kart sifariş olunub. Həmin karta 52.237,49 manat pul köçürülüb. Pulları alan kimi onları kartla birlikdə B.Məmmədova təhvil verib. Həmin məbləğ direktorun otağındakı seyfdə saxlanılıb.

Xəbər lenti