Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətində mətbuata diqqət və qayğı, o cümlədən azad sözün inkişafına dəstək ön sırada gəlir. O, daim jurnalistləri diqqətdə saxlayır və onları öz köməkçiləri hesab edir: "Jurnalistlər fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir”.
Lakin son vaxtlar bəzi məktəb direktorları prezidentimizin dostu və hamisi olan jurnalistlərə hörmətsizlik edərək onlara qarşı təhqiredici ifadələr işlətməkdən belə çəkinmirlər.
Xeberle.com olaraq bəzi məktəb rəhbərlərinin jurnalistlərə qarşı etdikləri bu hərəkətlərlə bağlı millət vəkili Musa Qasımlının fikirlərini öyrəndik. M.Qasımlı jurnalistləri təhqir etməyi düzgün saymadığını bildirdi:
"Ölkəmizdə KİV azaddır, senzura mövcud deyildir. Jurnalistlər əmək fəaliyyətlərində tam sərbəstdirlər. Onlara "bunu yaz, onu yazma" deyən, hökm edən yoxdur. Jurnalistin informasiya almaq hüququ, cavab verənin isə cavab vermək və ya verməmək hüququ vardır. Belə bir şəraitdə jurnalistlərin təhqir edilmələri başadüşülən deyildir. Jurnalisti təhqir etməyi düzgün saymıram. Jurnalistlərimiz də böhtan atmamalı və təhqir etməməlidirlər. Jurnalistlərlə əməkdaşlıq etməkdə fayda vardır”.
Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə əgər suallar məktəb rəhbərinin məsuliyyət daşıdığı sahə ilə bağlıdırsa, bunu cavablandırmağa borclu olduğunu qeyd edib:
"İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununa əsasən məktəb direktorları da informasiya sahibi hesab olunurlar. Həmin qanunda göstərilir ki, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Həmin şəxs informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir. Eyni zamanda ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməli, sorğuçuya kömək göstərməlidir. Əlbəttə, informasiya sahibi əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır, həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Əgər KİV-in sualları məktəb rəhbərinin şəxsi həyatına aiddirsə, o, bu suallara cavab verməyə bilər. Yox, əgər suallar məktəblə, onun məsuliyyət daşıdığı sahə ilə bağlıdırsa, bunu cavablandırmağa borcludur.
Nəinki məktəb direktoru, kimliyindən asılı olmayaraq təhqir yolverilməzdir. Təhqir edən şəxsə qarşı da qanunların imkan verdiyi çərçivədə mübarizə aparmaq lazımdır. Müəllimlər, məktəb rəhbərləri, təhsil işçiləri cəmiyyətin ən nümunəvi insanları hesab olunurlar. Çünki onların işi birbaşa cəmiyyəti maarifləndirmək və tərbiyələndirməkdir. Onlar jurnalistlərə münasibətlərində də nümunəvi davranış göstərməlidirlər. Ağıllı məktəb direktorları jurnalistlərlə münaqişəyə girməzlər, əksinə, onlarla dost olmağa, onları maraqlandıran suallara müvafiq cavablar verməyə çalışarlar. Sizin nəzərdə tutduğunuz neqativ hallara görə isə sadəcə təəssüf edirəm.
Əgər konkret hallar varsa və bu hallar ictimai təhlükəlilik səviyyəsindədirsə, rəsmi müraciətlər olacağı təqdirdə məsələ parlamentdə qaldırıla bilər. Hələlik bizə belə hallarla bağlı müraciətlər daxil olmayıb. Eyni zamanda bu cür hallar ayrıca məktəb direktorlarının mediaya münasibətləri kimi məhdud çərçivədə deyil, medianın informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kontekstində müzakirə oluna bilər. Qanunvericilikdə sorğuçunun (bizim müzakirə etdiyimiz halda jurnalistlərin) sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququ var. Məktəb direktoru öz xidməti vəzifəsinin öhdəsindən lazımınca gəlməyibsə, tutduğu vəzifədə qanunsuzluğa, kobud rəftara yol veribsə, onunla bağlı yuxarı orqanlara və qanunvericilikdə göstərildiyi kimi, İnsan hüquqları üzrə müvəkkilə və məhkəməyə müraciət etmək olar”.
Qeyd edək ki, sentyabr ayının 12-də Sumqayıt şəhər 1 saylı tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva jurnalistin sualını cavablandırmaq əvəzinə onu təhqir edərək danıışığı yarımçıq kəsib və telefonu bağlayıb. Maraqlısı da budur ki, direktor özündən başqa bütün məktəb rəhbərlərini pul yığmaqda ittiham edib.