Bakıda müşahidə edilən temperatur normaya uyğundur?

582
Bakıda müşahidə edilən temperatur normaya uyğundur?

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 3-4 dərəcə yüksəkdir.

Mynews.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35 dərəcədir.

Yaxın 2-3 gün ərzində belə temperaturun müşahidə ediləcəyini deyən baş hidroloq qeyd edib ki, sentyabr ayında belə temperaturun müşahidə edilməsi normal olsa da, rütubətin miqdarının normadan bir qədər çox olması havada istilik effektini artırır: "Son bir neçə gün ərzində, əsasən, gündüz saatlarında rütubətli hava şəraiti müşahidə edilir. Gündüz havada rütubətin miqdarı 70-80 faiz, axşam isə 40-50 faiz olub".

A.Verdiyev qeyd edib ki, əvvəlki illərin sentyabr ayında da belə rütubətli hava şəraiti müşahidə edilib.

Onun sözlərinə görə, 2002, 2003, 2007, 2010 və 2012-ci ildə, eləcə də, ötən il sentyabrın hazırkı dövründə Bakıda rütubətli hava şəraiti qeydə alınıb.

A.Verdiyev əlavə edib ki, ötən il sentyabrın ortalarında havanın temperaturu 30-33 dərəcə olsa da, havada rütubətin miqdarı çox olub.

Nazirlik rəsmisi bildirib ki, havada rütubətin miqdarının çox olması Xəzərdən əsən çənub-şərq küləyinin üstünlük təşkil etməsi ilə bağlı olur.

Qeyd edək ki, ETSN yaxın 3 gün ərzində Abşeron yarımadasında bəzi saatlarda sakit hava fonunda rütubətin bir qədər çox olmasının meteohəssas insanlarda narahatlıq hissi yarada biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xəbər lenti