Azərbaycan-Fransız Universitetinin yeni binasının açılışı oldu

555
Azərbaycan-Fransız Universitetinin yeni binasının açılışı oldu

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.

Mynews.az xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ADNSU-nun rektoru Mustafa Babanlı, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan, Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və İnnovasiyalar şöbəsinin baş direktoru Alen Berets, Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Kimya Tədqiqatlar Fondun prezidenti Bernar Menye və digər qonaqlar iştirak ediblər.

Mikayıl Cabbarov tədbirdə bildirib ki, bu gün Azərbaycanla Fransa arasında əməkdaşlıq üçün əlamətdar günlərdən biridir. UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranıb: “Ölkələr arasında əməkdaşlıqda, əlaqələrin qurulmasında təhsil mühüm rol oynayır. UFAZ layihəsi üçün Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin seçilməsi təsadüfü deyil. Çünki Azərbaycan neft və enerji ölkəsidir, beynəlxalq layihələrdə dövlətimizin iştirakı onun gücünü göstərir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də ölkədə neft sənayesi sahəsində yüksək mütəxəssisli kadrların yetişdirilməsində mühüm rol oynayır. Bu il qəbul imtahanlarında UFAZ-a müraciətlərdə artım müşahidə olunub”.

Jan-Batist Lömuan qeyd edib ki, yeni tədris ilində azərbaycanlı tələbələrdən böyük ümidlər gözlənilir. Onun sözlərinə görə, UFAZ universitet sahəsində göstərilən səylərin, eyni zamanda, siyasi iradənin böyük bir nəticəsidir: “Azərbaycan təbii sərvətləri ilə zəngin ölkədirsə, Fransada ən böyük zənginlik insanların biliyindədir. Ona görə də sürətlə dəyişən dünyada zamanın tələblərinə cavab vermək, Azərbaycan və Fransa gənclərinin yaxşı təhsil səviyyəsinə malik olmaları üçün birgə çalışmalıyıq. Azərbaycan-Fransız Universitetinin yaradılmasında öz seçimini Fransadan etdiyi üçün Azərbaycana təşəkkür edirik”.

Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və İnnovasiyalar şöbəsinin baş direktoru Alen Berets də təhsil müəssisəsi üçün yeni binanın açılışını yüksək qiymətləndirib və gələcək təhsildə hər kəsə uğurlar arzulayıb.

Xəbər lenti