Hörmətli Hacıbala müəllim!
Sizin son günlərdə Azərbaycan Yazıçılar Birliyi ilə əlaqədar qaldırdığınız haqlı ittihamlarınıza mən Ramiq Muxtar 1980-ci ildən yazıram. Birliyin üzvü kimi mövqeyinizi ürəkdən alqışlayıram və sizə minnətdarlığımı bildirirəm ki, nəhayət, mənim beş il Anarla başladığım mənzil mübahisəm bəlkə hüquq – mühafizə orqanları tərəfindən ciddi yanaşıla, haqq-ədalət öz yerini tapa. Həyatda üç şeyin müalicəsi yoxdur. Birincisi qocalığın, ikincisi insan xarakterinin, üçüncüsü isə tamahın. Bəli, mən "Mizrab" satirik jurnalında çap elədiyim "Süd dişi çıxarmayan Anara" şeirim indi oxucuların dilindən düşmür. Çünki həmin şeirdə mən Anarın iç üzünü fontlarla açıb göstərmişəm.
Anar kimdir?
Göyçay rayonundan millət vəkili seçilən Anar öz seçiciləri qarşısında heç bir yadda qala iş görmədiyinə görə göyçaylılar onu ikinci dəfə millət vəkili seçmədilər. Çayxanada yazıçılardan biri söylədi ki, "Anar biz 4 nəfəri özü ilə Göyçaya seçicilərlə görüşə apardı. Biz mədəniyyət evinə gəldik. Cəmi 6 nəfər zalda adam oturmuşdu. Biz çox pis vəziyyətə düşdük və bir başa Bakıya qayıtdıq. Anarı göyçaylılar millət vəkili seçmədilər. Bundan qəzəblənən Anar bunun günahını Prezident Aparatından gördü və "Bakı Xəbər" qəzetində müsahibə verdi ki, Rəsul Quliyev mənim dostumdur. Mən nə vaxt desəm, o, qayıdıb gələcək".
İndi ortalığa bir sual çıxır: Rəsul Quliyev okeanın o tayında Ulu Öndər Heydər Əliyev haqqında xoşagəlməz, təhqiramiz cızmaqaralar nəşr etdirir, müstəqil dövlətimizdə demokratiya olmadığını dünyaya bəyan edir. Sən isə ona dost deyirsən?! Moskvada Rüstəm İbrahimbəyov və onun ətrafı ilə Rəsul Quliyevi prezident gətirmək planlarınız niyə bəs baş tutmadı? Bəs sən Prezident İlham Əliyev tərəfindən 50 min manat Heydər Əliyev Mükafatı alanda, heç xəcalət təri səni basdımı?
Hacıbala müəllim, əgər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Yazıçılar Birliyində milyonlarla yeyintini üzə çıxarsa, onda bir neçə tamahkar, dələduz məhkəmə qarşısında oturarlar. Məsələn, Yazıçılar Birliyi İstiqlal küçəsi 11-də yerləşən Bakı Sovetinin yanında memarlıq binasının beşinci mərtəbəsində 730 kvm balansında olan mülkündə bütün jurnallar, qəzet, ədəbiyyat fondu, ədəbiyyat təbliği şöbəsi yerləşdi. Bir gün işə gələn əməkdaşlar eşitdi ki, Anar bu mülkü Əmlak Komitəsinə veribdir. Bundan narazı qalan əməkdaşlar prokurora müraciət etdilər. Prokurorluqda həmin işi aparan şəxsin dedikləri: Mən bununla əlaqədar olaraq Anar Rzayevin yanına getdim və sual etdim ki, bu qədər əməkdaşı olan qəzet, jurnalın nə üçün Əmlak Komitəsinə vermisiniz? O, mənə dedi ki, mənim bu işdən xəbərim yoxdur. Dedim Anar müəllim, sizin imzanız və möhürünüzlə bu mülk Əmlak Komitəsinə verilibdir. Dedi ola bilsin ki, mən bilməmişəm nəyə qol çəkmişəm.
Hamıya aydındır ki, Bakı Soveti yanında bir kv. m. mənzil sahəsi 2500-3000 manatdır. Yaxud o əxlaqsızlıq yuvası olan restoran 160 kv m-dır. Restorana icarəyə verilmədən qabaq 10 ildən artıq sığorta bankına icarəyə verilmişdir. Məlum məsələdir ki, hansı təşkilat binanı icarəyə götürürsə ayda nə qədər icarə haqqı verəcəyini müqavilədə göstərir və həmin təşkilatın mühasibatlığına aylıq icarə haqqı köçürür. İndi gəlin görək ayda 8000 manat ödənilən icarə haqqı bu 10 ildə mühasibatlığa keçibmi? Birliyin əməkdaşı olan mühasib dedi ki, bizim bu puldan xəbərimiz yoxdur və bizim hesaba köçürülməyib, kimə verirlər bilmirik.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda Prezident olduğu zaman Yazıçılar Birliyi tərəfindən mənzilə ehtiyacımızı nəzərə alaraq Ona məktub göndərərək xahiş etdik ki, bizə mənzil tikintisi üçün torpaq sahəsi ayrılsın. Ulu Öndərimiz az müddət ərzində Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verdi ki, yazıçılar üçün şəhərin mərkəzində mənzil tikintisi üçün torpaq sahəsi ayrılsın. Siz Hacıbala müəllim Daxili İşlər Nazirliyi yanında bizə torpaq sahəsi verdiniz. Yazıçılar Birliyi "Abidə" adlı özəl tikinti təşkilatı ilə mənzilin tikintisi ilə bağlı müqavilə bağladı. Müqaviləyə əsasən şirkət binanı tikib, 9 ikiotaqlı hər biri 105 kv m olan mənzil təhvil verməlidir. Nəhayət bina hazır oldu. Mənə evə zəng edib dedilər ki, gəl Yazıçılar Birliyinə mənzillərin bölüşdürülməsi ilə bağlı yaradılan komissiyasının iclasıdır. Mən gəldim gördüm ki, Natəvan klubunda 40-a yaxın yazıçı əyləşib. Rauf Aslanov adlı Anarın müşaviri də başda otğurubdur. Adətən, Yazıçılar Birliyində ev və ya avtomabil növbəsində olan şəxslərin iclaslarına Yazıçılar Birliyi katiblərindən biri sədr seçilirdi. Bu Rauf Aslanov isə yazıçı olmaya-olmaya həm Yazıçılar Birliyində işə götürülür, həm də komissiyaya sədr təyin edilir. Çünki Anarın maxinasiya işləri o katiblər görə bilməzdi. Rauf Aslanov kimdir? Bunun əmək kitabçasına baxsanız, əsas iş yeri turizm şirkətləri olubdur. Necə olur ki, M.Qorki adına ədəbiyyat institutunu qurtaranlar özlərinə iş tapa bilmirlər, bu turist gəzdirən Yazıçılar Birliyinə işə götürülür? Rauf Aslanov dedi ki, bizə 9 iki otaqlı mənzil verilibdir, biz hər mənzili 100 min manata satıb 36 nəfər arasında pulu bölüşəcəyik. Dedim Rauf Aslanov biz mənzil növbəsində Səbail icra hakimiyyəti başçısı Sahib Ələkbərovla Yazıçılar Birliyinin sədri Anarın birgə imzaladığı siyahı ilə növbədə dayanmışıq. Cəmi 20 nəfər idik. Onların da 6-sı rəhmətə gedib, 5-i də bu müddət ərzində mənzillə təmin olunublar. Mən 1997-ci ildən Yazıçılar Birliyində mənzil növbəsindəyəam. 29 kv m. mənzildə ailəmlə əzab çəkirəm. Bu adamların nə mənzid növbəsində adları vardı, nə də çoxunun heç mənzilə ehtiyacı yoxdur.
Yazıçılar Birliyinin maliyyə şöbəsinin müdiri Gülşən Bağırova dedi ki, vallah mənim heç mənzilə ehtiyacım yoxdur, heç növbədə dayanmamışam. Rauf Aslanov mənə dedi ki, götür bu 25 min manatı. Bilirəm ki, bu mənzil qalmaqallı-əngəlli çıxacaq, aparıb o pulu banka qoymuşam. Nə vaxt istəsələr gətirib verim. Həmin saxta siyahıda Fikrət Qocanın qardaşı Hamletə oğlu Yalçın 25 min manat ayırıb və s.
Hacıbala müəllim!
Yazıçılar Birliyinin hüquqşünası və Rauf Aslanova vəkillik edən Şəmisi Vəfadar özü dələduzluq maddəsilə həbs olunub, 7 ay həbsdə yatdı. Gürcüstanlı Acalov adlı bir şəxs ondan güllü miqdarda pul alaraq həbsdən azad etdirib. İndi mənim şikayətim əsasında 39 saylı polis bölməsi araşdırma aparır. Rauf Aslanov tərəfindən Nərimanov rayon məhkəməsinə göndərilən sənəd açıq-aşkar saxtadır. Çünki həmin sənəddə nə Anarın, nə Sahib Ələkbərovun imzası yoxdur. O qədər tələm-tələsik yazılıb ki, yadlarından çıxıb ki, ayın, günün tarixi belə yazılmayıb.
O 9 mənzil heç bir kəsə 100 minə satmayıb. Əgər alqı-satqı olsa idi hansısa natarius tərəfindən öz təsdiqini tapardı. O mənzilləri Rauf Aslanov özü ən azı 250 min manata satacaqdır. Səbail rayon prokurorluğu bu məsələyə ciddi yanaşmayıb. Müstəntiq Əhməd Məmmədov yoxlama aparmadan yazmışdı ki, orada heç qanun pozuntusu yoxdur. Çünki yoxlama aparılsa onda gərək Səbail rayon İcra hhakimiyyətində mənzil növbəsində dayananların təsdiq olunmuş siyahısını tələb edərdilər. Səbail rayon prokuroru Şirxan Adıgözəlov mənə dedi ki, Ramiq müəllim, bu iş bizlik deyil get, Baş Prokuror Zakir Qaralova de ki, bu işi Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılsın. Ya mənzil hüquqnuz bərpa olunsun, ya da böhtançı kimi məsuliyyətə cəlb etsinlər..
Hacıbala müəllim!
İnanıram ki, bütün yazıçıların ürəyindən olan bu məsələyə ictimaiyyət Sizə haqq qazandırıb, Sizə sağ ol deyəcəklər. Sonda "Mizrab" jurnalında Anar haqqında yazıdığım şeirimi oxumağınızı xahiş edirəm.
"Süd dişi çıxarmayan Anara"
Rüstəm Zal boynu nəfsinə etmə qul,
Nə vaxtdan zəfər çalıb, ədalətə haram pul,
Nə qədər ki, gec deyil, ağlını yığ başına,
Çıxart tamah dişini hörmət elə yaşına.
Səbail icrasında vardır mənzil növbəsi,
Özün təsdiq etmisən, yox bir kəsini şübhəsi,
Yazıçı olmayanı götürmüsən sən işə,
Külli ixtiyar vermisən Rauf adlı dərvişə,
O da yığıb başına növbədən kənarları,
Şıdırığı alver gedir, paylayır otaqları,
Ekranda çox məşhursan qəlyan çəkməyinlə,
Vallah yoxdur oxşarın Stalinə, Çerçelə,
Son yazdığın şeirlər məni qorxudur Anar,
Yəhudi həkiminə sənin ehtiyacın var.
Ulu Öndər Atanın düşməninə dost dedin,
Əlli min mükafatı sən nə üzlə həzm etdin,
Böyük Mirzə Cəlilin duzlu hekayəsi var,
Gözlə Rəsul Qulunu "Bəlkə də qaytardılar".
Ramiq Muxtar,
Şair-dramaturq, Prezident təqaüdçüsü,
"Şərəf" ordenli