Azərbaycanda doğum səviyyəsinin yüksək olduğu rayonların adları məlum olub.
Mynews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı hesabata görə, doğum səviyyəsi Lənkəran (18,6), Dağlıq Şirvan (18,5), Aran (18,0) və Kəlbəcər-Laçın (18,0) iqtisadi rayonlarında yüksək olub.
Hesabata əsasən, keçən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 159,5 min, təxminən gündə 436, saatda isə 18 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 2734-ü əkiz, 69-u üçəmdir.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Ötən il ölkədə 56,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.