Məcburi köçkünlər üçün elektrik limit müəyyənləşdirildi QƏRAR

545
Məcburi köçkünlər üçün elektrik limit müəyyənləşdirildi QƏRAR

Baş nazir Artur Rasi-zadə "Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında” qərar qəbul edib.

Sənəd "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli gərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.

Sənədlə fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilib.

Müəyyən edilib ki, bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kvt. saata qədər (300 kvt.saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödənilir.

Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin adlı siyahıları aşağıdakı qaydada tərtib olunur:

faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında onların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, həmin şəhər və rayonların kommunal xidmət təşkilatları (elektrik enerjisi, qaz, su təchizatı idarələri), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) rayon (şəhər) üzrə nümayəndələri tərəfindən istifadə olunan xidmətlərin növləri göstərilməklə, ərazisi işğal olunmuş hər bir rayon üzrə ayrı-ayrılıqda bu qərara əlavə olunmuş 1 və 2 nömrəli formalara uyğun olaraq;

faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Maliyyə Nazirliyinə təqdim edilir;

təqdim olunmuş siyahılar Komitə tərəfindən dürüstləşdirildikdən sonra həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növünə uyğun müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanaraq ödənişin aparılması üçün hər növbəti ayın 15-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilir.

Faktiki istehlakçıların adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən istehlakçıların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aidiyyəti rayon (şəhər) icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktı tərtib etsin və həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin etmək, bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

 

Xəbər lenti