Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin Çexiyada mülkləri və şirkətinin üzə çıxması xəbərinə qardaşı Cavanşir Paşazadə və qudası Qalib Salahzadə münasibət bildiriblər.
Milli Məclisin deputatı Cavanşir Paşazadə qardaşı və özünün Karlovı Varıda biznesinin olması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib ki, haqqında yayılan belə məlumatlara mətbuat vasitəsilə bir neçə dəfə cavab verib: “7-8 ildir ki, bu söhbət gedir. Yenə də yazırlar. Bunlar hamısı yalan məlumatlardır. Bizim Çexiyanın Karlovı Varı şəhərində heç bir biznesimiz yoxdur. O sənəd saxtadır, həmin xanımı və şirkəti tanımırıq. Mən də istəyərdim ki, biznesim olsun, amma təəssüf ki, yoxdur. Amma olanda nə olar ki?”
Bu arada sosial şəbəkələrdə Cavanşir Paşazadənin adı keçən və Karlovı Varıda əmlaklarının olmasını təsdiqləyən Çexiyanın müvafiq qurumunun reyestr xidmətindən çıxarışların da fotosurətləri yayılıb. Həmin fotosurətlər əvvəl yayılmış məlumatların doğru olduğunu təsdiqləyir.
Bu ilin yanvarında “Açıq Rusiya” təşkilatının saytında yer alan məlumata görə, Çexiyanın məşhur kurort şəhəri olan Karlovı Varıda daşınmaz əmlakın böyük bir qismi Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsus olduğu bildirlirdi. Saytın yaydığı məlumatlar sırasında Hacı Allahşükür Paşazadənin, onun deputat qardaşı Cavanşir Paşazadənin Karlovı Varıda əmlakının olması diqqətə çatdırılırdı. Həmin vaxt QMİ rəhbərinin qardaşı, deputat Cavanşir Paşazadə azvision.az-a açıqlama verərək “Açıq Rusiya” təşkilatının məlumatını yalanlamışdı. Deputat özünün və şeyxin Karlovı Varıda əmlakının olmadığını demişdi.
Sitat: “Hazırda xaricdəyəm. Buna görə ətraflı danışa bilmirəm. Qeyd edim ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Tamamilə yalandır. Bizim orada əmlakımız yoxdur”.
Yayılan son məlumatlarda isə Çexiya reyestrlərindən çıxarışların fotosurətinin olması Paşazadələrin inkarçılıq mövqeyini sarsıdır. Bu arada Qalib Salahzadə də Şeyxin Çexiyada özünə mülk alıb, böyük biznes qurması barədə yayılan məlumatlara münasibət bildirib. Q.Salahzadə Ölkə.Az-a açıqlamasında deyib ki, Şeyxin heç bir ölkədə biznesi yoxdur: “Ötən gün məni qaralayan xəbər yayılmışdı. İndi də Şeyxi qaralayan xəbərlər yayılıb. Bütün bunlar böhtandır. Məgər Şeyxin vaxtı var bizneslə məşğul olsun? Şeyx bütün günü Rusiyaya gedib-gəlir, Qarabağ probleminin həllinə çalışır. Onun bu Vətən üçün xidmətləri böyükdür. İndi Allahşükür Paşazadəni kimlərsə hədəfə alıblar, bu cür şərləməyə çalışırlar”.
Q.Salahzadə xarici ölkələyə gedib-gəlməkdə qəbahət görmədiyini də söyləyib: “Şeyx nə vaxtsa Karlovı Varıya gedib bir stəkan su içib. İndi deyirlər ki, onun Çexiyada biznesi var. Birincisi, Şeyxin Karlovı Varıda biznesi yoxdur. Lap olsa, nə olar? Məgər biznesi olmaq eyibdir? Mən bir daha söyləyirəm ki, bütün bunlar Şeyxə qarşı böhtandır. Bunun arxasında kimlər dayanırsa, Allah onların cəzasını verəcək”.
Şeyxin qudası zaman-zaman özünün də bu cür şər-böhtanlara məruz qaldığını bildirib: “2000-ci ildə məni polisə sillə vurduğum üçün həbs etmişdilər. Boynuma da ağır maddə qoymaq istəyirdilər. Deyirdilər ki, guya 8 nəfər adam öldürmüşəm. Həbsdə üç ay yatandan sonra ulu öndər Heydər Əliyev xəbər tutmuşdu. Maraqlanıb soruşmuşdu ki, Hacı Qalibi nə səbəbə həbs etmisiniz? Demişdilər ki, polisə sillə vurub. Allah rəhmət etsin, Heydər Əliyev də tapşırmışdı ki, Hacı Qalibi dərhal azad edin. O vaxtı ulu öndər məni həbsdən qurtarmışdı. Bir neçə il öncə isə bağımdan silah tapmışdılar. Deyirdilər ki, guya Hacı Qalib silah gəzdirir və sairə. Mən də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova zəng edib xahiş etdim ki, bağıma minaaxtaran əməliyyatçılar göndərsin. Sağ olsun Eldar Mahmudov, kişi adamdır. O da göndərmişdi. Gəlib bağı yoxlamışdılar, ancaq heç nə tapılmamışdı. Deməyim odur ki, vəzifədə olan bəzi məmurlar üçün adamı şərləmək çox asandır. Hörmətli Şeyximizi də şərləmək istəyirlər”.
Xatırladaq ki, Allahşükür Paşazadənin Çexiyanın Karlovı Varı bölgəsində biznesinin olması barədə sənədlər yayılıb. “Yeni Müsavat”ın sosial şəbəkələrə istinadən yazdığına görə, Paşazadənin biznesini Marketa Şpişakova adlı çex qadın idarə edir: “Bu qadın Şeyxülislamın şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər. “AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır".