3 gün əvvəl 39 saylı marşrut avtobusunun iştirakı ilə Yasamal rayonunda baş vermiş və gənc bir ananın ölümünə səbəb olan dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
Mynews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, hadisəni törədən sürücü əvvəllər yol nəqliyyat hadisəsi törətdiyinə görə məhkumluq həyatı yaşayıb. Üstəlik, həmin sürücünün "D" kateqoriyalı sürücülük vəsiqəsi də olmayıb. Bakı Nəqliyyat Agentliyi isə artıq avtobusun məxsus olduğu daşıyıcı şirkət barəsində müvafiq tədbirlər görüb.
Sentyabrın 14-də 39 saylı marşrut avtobusunun sürücüsü dayanacaqda dayanan bir qadını vuraraq öldürüb. Hadisə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, axşam saat 7 radələrində yolun kənarında dayanan Bakı şəhər sakini Günel Əsgərova vurulub. Xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib. Sürücü isə qaçaraq hadisə yerindən uzaqlaşıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini Hakim Saatov tutulub. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs hələ bir neçə il əvvəl yol nəqliyyat hadisəsi törətdiyinə görə uzun müddət məhkumluq həyatı yaşayıb. Üstəlik, Hakim Saatovun sürücülük vəsiqəsi də olmayıb.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu məsələ kökündən araşdırılmalıdır. Həmin sürücünü işə götürən şəxslər barəsində müvafiq tədbirlər görülməlidir.
39 saylı xəttin nəzarətçisi Xaliq Rəhimov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, sözügedən hadisəni törədən Hakim Saatov onların sürücüsü olmayıb. Hakim Saatov 39 nömrəli xəttdə işləyən sürücülərdən birinin tanışıdır. Hadisə baş verən gün o, məhz tanışı olduğu sürücünün əvəzinə xəttə çıxaraq marşrutu idarə edib və hadisəni törədib. Xaliq Rəhimov artıq bu barədə hüquq mühafizə orqanlarına məlumat verdiklərini və hər iki sürücünün istintaqa cəlb edildiyini dedi.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən hadisədən xəbərdardırlar və qurum bununla bağlı artıq qərar da verib. Belə ki, agentlik həmin xəttin daşıyıcı şirkətdən alınması ilə bağlı qərar qəbul edib. İlkin mərhələdə daşıyıcı şirkətlə bağlanan müqaviləyə xitam veriləcək. 39 saylı marşrut xətti müasir avtobusları olan və şəffaf şəkildə xidmət həyata keçirən başqa bir daşıyıcı şirkətə veriləcək.