"Həbs edilən oğlum Şeyxin kürəkəni deyil" Hacı Qalib Salahzadə

619
"Həbs edilən oğlum Şeyxin kürəkəni deyil" Hacı Qalib Salahzadə

Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə "Azərsu" ASC-nin nəzarətçisini döydüyünə görə həbs olunub.

Mynews.az bildirir ki, bu haqda ölkə.az yazır. Salahzadə Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.

Məlumatı Hacı Qalib Salahzadə təsdiqləyib. O, bildirib ki, oğlu sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin "qondarma qərarı" ilə həbs olunub. "Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik", -Hacı Qalib deyib.

Şeyxin qudası və keçmiş deputat bunları deyib: "Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman "Azərsu" ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni, oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır".

Xatırladaq ki, Hacı Qalibin oğlunun "Azərsu" ASC-nin nəzarətçisi Elbəyi Mirzəliyevi döydüyü haqda mətbuata döyülən şəxsin qardaşı danışmışdı. O, bildirmişdi ki, hadisə nəzarətçinin Hacı Qalibin oğlunun yaşadığı evin suya görə yaranmış 70 manat borcunu ödəmək barədə xəbərdarlığından sonra baş verib. Keçmiş deputatın oğlu borcu istəyən nəzarətçiyə hücum edərək onu döyüb, xəsarət yetirib. Çənəsini iki yerdən sındırıb və bir dişini salıb. Şikayətçi deyirdi ki, hadisədən neçə gün keçməsinə baxmayaraq hüquq-mühafizə orqanları məsələni araşdırmır.

Şeyxin qudası Qalib Salahzadə bəzi mətbuat orqanlarında həbs edilən oğlunun Şeyxin kürəkəni olması barədə yazılan xəbərlərə aydınlıq gətirib.

Mynews.az xəbər verir ki, Q.Salahzadə ölkə.az-a açıqlamasında bunun doğru olmadığını deyib:

"Bəzi mətbuat orqanlarında Şeyxin kürəkəni olan oğlumun həbs edilməsi barədə xəbər yazılıb. Ancaq bu doğru deyil. Mənim iki oğlum var. Həbs edilən oğlum isə Şeyxin kürəkəni deyil". 

Xatırladaq ki, Hacı Qalib Salahzadənin böyük oğlu Əlihüseyn Salahzadə həbs edilib. 

Xəbər lenti